Medianews.az
Maduronun işinə 92 yaşlı hakim baxacaq -
134 baxış

Maduronun işinə 92 yaşlı hakim baxacaq - məhkəmədə YATIR

ABŞ-nin Nyu-York Cənub Dairəsi Federal Məhkəməsində Venesuela Prezidenti Nikolas Maduro ilə bağlı işə sədrlik edən 92 yaşlı hakim Alvin K. Hellerşteyn ətrafında müzakirələr genişlənib.

Milli.Az xəbər verir ki, bir sıra hüquq mütəxəssisləri və siyasi şərhçilər hakimin yaşının mürəkkəb və uzunmüddətli olacağı gözlənilən bu prosesin effektiv idarə olunmasına mane ola biləcəyini bildirirlər.

Qeyd olunur ki, Hellerşteyn ABŞ federal məhkəmə sistemində ən yaşlı hakimlərdən biridir. O, 1998-ci ildə ölkənin ovaxtkı prezidenti Bill Klinton tərəfindən bu vəzifəyə təyin edilib və indiyədək bir çox səs-küylü, yüksək profilli işlərə baxıb.

Hazırkı mərhələdə Nikolas Maduro və həyat yoldaşı Siliya Flores onlara qarşı irəli sürülən narkotik qaçaqmalçılığı və digər ağır ittihamları qəbul etməyərək, günahsız olduqlarını bəyan ediblər.

Bu məhkəmə işi ABŞ tarixində presedentsiz hesab olunur. Belə ki, ilk dəfə olaraq xarici ölkənin fəaliyyət göstərən dövlət başçısı ABŞ federal məhkəməsində cinayət məsuliyyətinə cəlb olunur. Mütəxəssislər prosesin ciddi hüquqi, diplomatik və siyasi nəticələr doğura biləcəyini vurğulayırlar.

Digər tərəfdən, hakimin yaşı ilə bağlı narahatlıqlar da artır. Prosesin 2027-ci ildən tez başlamayacağı proqnozlaşdırılır. Bu halda Hellerşteyn 93 yaşında olacaq və uzun illər davam edə biləcək məhkəmə gedişində mühüm qərarlar verməli olacaq.

ABŞ hüquq sistemində hakimlərin yaş və ya səhhət səbəbilə məcburi şəkildə vəzifədən uzaqlaşdırılmasını nəzərdə tutan mexanizm olmasa da, bəzi hüquq dairələri baş hakim Laura Teylor Sveynin Hellerşteynin bu işdən çəkilməsi ilə bağlı təşəbbüs göstərməli olduğunu düşünür. Əks halda, mümkün sağlamlıq problemlərinin məhkəmə prosesində gecikmələrə səbəb ola biləcəyi qeyd edilir.

Xatırladaq ki, Alvin Hellerşteyn 11 Sentyabr terror hücumlarından sonra açılmış bir sıra mühüm işlərə də baxıb və təqaüdə çıxmaq hüququ olsa da, vəzifəsində qalmağı seçib. Bununla belə, son illərdə onun məhkəmə fəaliyyəti ilə bağlı tənqidlər və suallar artmaqdadır.

Belə ki, ötən il "JPMorgan Chase" şirkətinə qarşı 175 milyon dollarlıq dələduzluq ittihamı ilə bağlı Çarli Cavis işi zamanı bəzi KİV-lər hakimin dinləmələrdə zaman-zaman yuxuya getdiyini yazmışdı. Müdafiə tərəfi bu faktı işə yenidən baxılması üçün əsas kimi göstərsə də, prokurorlar və vəkillər rəsmi müraciətdən çəkiniblər.

Tənqidçilərin fikrincə, Maduro işi kimi beynəlxalq əhəmiyyət daşıyan və diqqət mərkəzində olan bir prosesdə oxşar halların baş verməsi ABŞ məhkəmə sisteminin nüfuzuna ciddi zərbə vura bilər.

Bizə qoşulun