Dünyanın ən çox ziyarət edilən muzeyi Luvr Milad bayramı ərəfəsində bağlana bilər.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb muzeyin işçilərinin tətil elan etməyə hazırlaşmasıdır.
Belə ki, artıq muzeyin təxminən 200 əməkdaşı 15 dekabrdan etibarən müddətsiz tətilə başlamağı yekdilliklə dəstəkləyib.
Fransanın Mədəniyyət Nazirliyinə təqdim edilən bəyanatda onlar binada təcili olaraq yenidənqurma işlərinin aparılmasını və iş şəraitinin yaxşılaşdırılmasını tələb ediblər. Əgər Luvrun 2100 əməkdaşının hamısı etirazı dəstəkləyərsə, muzey fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq.
Xatırladaq ki, oktyabrın 19-u Luvr muzeyində qarət hadisəsi baş vermişdi. Belə ki, muzeyə daxil olan qarətçilər cəmi yeddi dəqiqə ərzində imperator Napoleonun kolleksiyasına daxil olan 9 qiymətli əşyanı oğurlayıblar. Həmin əşyaların ümumi dəyəri 102 milyon avro qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən dörd nəfər saxlanılıb.