Yerli icra hakimiyyəti orqanları küçə ticarəti ilə məşğul olan şəxslər üçün layiqli iş şəraiti yaradacaqlar.
Medianews.az musavat.com-a istinadla xəbər verir ki, bu, Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026-2028-ci illər üçün Baş Kollektiv Sazişdə öz əksini tapıb. Bildirilib ki, Tərəflər vətəndaşların sosial müdafiəsi üzrə hüquqlarının təmin edilməsi üçün küçə və bazar ticarəti ilə məşğul olan şəxslər üçün yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən layiqli iş şəraitinin yaradılması istiqamətində müvafiq işlər aparılmasını zəruri hesab edirlər.
Son illər Bakıda və bölgələrdə küçə ticarəti ilə bağlı problemlər daha da qabarıq şəkildə özünü göstərir. Bir tərəfdən, küçə ticarəti ilə məşğul olan şəxslər qazanc əldə etmək və ailəsini dolandırmaq üçün küçələrə üz tutur, digər tərəfdən isə onların fəaliyyətinə qarşı reydlər, malların yığışdırılması, cərimələr və satış yerlərinin məhdudlaşdırılması narazılıqlara səbəb olur. Xüsusilə metro çıxışları, bazar ətrafı və insanların sıx hərəkət etdiyi ərazilərdə küçə satıcıları ilə aidiyyəti qurumlar arasında tez-tez gərgin vəziyyət yaranır. Satıcılar alternativ iş və ya satış yeri təklif edilmədən küçələrdən uzaqlaşdırıldıqlarını deyir, alıcılar isə ucuz məhsul alma imkanının məhdudlaşdığını bildirirlər.
Bəs bu saziş real nəticə verəcəkmi? Küçə ticarəti ilə məşğul olan insanlara hansı şərtlər və nə qədər məvacib təklif olunmalıdır ki, onlar razı olsunlar?

Liberal İqtisadçılar Mərkəzinin sədri, aqrar sahə üzrə ekspert Akif Nəsirli mövzu ilə bağlı Musavat.com-a deyib ki, sazişin effekti olub-olmayacağı əsasən icranın keyfiyyətindən asılıdır: “Azərbaycanda bu tip sənədlər çox vaxt deklarativ xarakter daşıyır, real mexanizmlər isə zəif qalır. Əgər yerli icra orqanları konkret addımlar atmasa, saziş kağız üzərində qalacaq. Küçə satıcılarını formal sistemə çəkmək üçün təkcə maaş deyil, iş şəraitinin özü cazibədar olmalıdır. Dünya təcrübəsinə baxsaq, müxtəlif modellər işə yarayıb. Sinqapurda "hawker center" sistemi çərçivəsində dövlət satıcılara subsidiyalı, sanitariya standartlarına uyğun kiçik pavilyonlar ayırıb, vergi yükünü isə minimuma endirdi. Bu model həm satıcıların gəlirini artırdı, həm də şəhərin estetikasını qorudu. Meksikanın bir sıra şəhərlərində isə ticarət zonaları kooperativ əsasda təşkil edildi, satıcılar ortaq infrastrukturdan, soyuduculardan, anbarlıqdan birgə istifadə etdi. Hindistanda 2014-cü ildə qəbul edilən küçə satıcıları qanunu onlara lisenziya verilməsini, müəyyən zonaların ayrılmasını və xidmətlərə çıxışı təmin etdi, baxmayaraq ki, tətbiq hər yerdə eyni olmadı”.
İqtisadçı əlavə edib ki, Azərbaycan kontekstində real cazibədarlıq yaratmaq üçün aylıq xərc yükü mümkün qədər aşağı olmalıdır: “Əgər insan hava şəraitindən asılı olmayaraq sabit bir nöqtədə ticarət edə bilirsə, polis təzyiqindən qorunursa, sanitariya və elektrik infrastrukturu vardırsa, bu, maaşdan daha çox əhəmiyyət daşıyır. Orta hesabla belə satıcıların aylıq gəliri 400-700 manat arasında olduğunu nəzərə alsaq, rəsmi formata keçiddən sonra bu rəqəmin azalmaması üçün icarə haqqı simvolik, məsələn 50-80 manat səviyyəsində saxlanmalıdır.
Ən böyük problem isə etibar məsələsidir. Satıcıların çoxu rəsmi sistemə daxil olmaqdan çəkinir, çünki vergi yükü, bürokratiya və ya yerin geri alınması qorxusu var. Buna görə ilk mərhələdə könüllü keçid, sadə qeydiyyat proseduru və azad vergi dövrü tətbiq edilməsi daha real nəticə verər. Hesab edirəm ki, satıcıya maaş verilməsi məhdudlaşdırıcı sistemdir. Şərait yaradılmalı, rəmzi icarə haqqı, asan qeydiyyat və güzəştli vergi tətbiq edilməlidir”.