Paytaxta yağan aramsız yağış təkcə küçələri, yolları yox, bazarları da vurub. Dünəndən sonra Bakının bir çox bazarlarında həm məhsul qıtlığı hiss olunur, həm də qiymətlərdə nəzərəçarpacaq artım müşahidə edilir. Ən çox təsir isə meyvə-tərəvəz sektorunda hiss olunur. Satıcılar məhsulun rayondan az gəldiyini, bəzi təsərrüfatların isə ciddi zərər gördüyünü deyirlər. Alıcılar isə qiymətlərin bir gündə dəyişməsinə etiraz edir.
Medianews.az xəbər veirir ki, Musavat.com əməkdaşı vəziyyəti yerində araşdırmaq üçün “Qara Qarayev” metrosu yaxınlığındakı bazara yollanıb.
Bazara daxil olan kimi ilk diqqət çəkən məqam piştaxtaların əvvəlki günlərlə müqayisədə xeyli seyrək görünməsi olur. Bir çox piştaxtalarda məhsul azdır, bəzi yerlərdə isə boş yeşiklər gözə dəyir. Satıcıların üzündən də narahatlıq hiss olunur. Hiss edilir ki, dünənki yağış bazarın həmişəki ritmini pozub.

Pomidor satan orta yaşlı satıcı alıcı gözləyə-gözləyə gileylənir: “ Yağışdan sonra bazara elə bil bomba düşüb. Məhsul az gəlib, qiymətlər də qarışıb bir-birinə. Vallah, biz özümüz baha almışıq, amma baha satsaq, heç kim yaxın durmur. Məsələn, pomidoru əvvəl 2 manat 30 qəpiyə alırdım, 2.80-ə də satırdım. Bu gün topdansatışdan 2.60-a almışam, yenə 2.80 yazmışam üstünə. Alver yoxdur axı... Camaat yaxınlaşıb baxır, qiyməti görən kimi çıxıb gedir”.
Satıcının dediklərini elə həmin anda yaxınlaşan bir qadın təsdiqləyir: “Ay bala, dünən aldığım məhsulu bu gün 50-60 qəpik baha görürəm. Maaş eyni maaşdır da... Hər yağış yağanda qiymət qalxmalıdır?”
Bazarda ən dolu piştaxtalardan birinin qarşısında isə mübahisə yaşanır. Çiyələk satan satıcı qiymətlərin ciddi dəyişmədiyini deməyə çalışsa da, alıcılar onunla razılaşmır.
– Qiymət qalxmayıb, – satıcı deyir.
Bu zaman yaşlı kişi əsəbi şəkildə etiraz edir:
– Necə qalxmayıb? Dünən səndən 3 manat 50 qəpiyə aldığım çiyələyi bu gün 4 manat 60 qəpiyə qoymusan!

Satıcı müdafiəyə keçir: – Ay əmi, vallah yağış məhsulu vurub. Çiyələyin yarısı çürüyüb. Rayondan mal gəlmir. Mən də baha alıram.
Kənarda dayanan başqa bir alıcı söhbətə qarışır: Hər dəfə bir səbəb tapılır: ya yağış, ya külək, ya da bayram. Axırda əziyyəti yenə camaat çəkir.
Bazarda qiymətlər həqiqətən də əvvəlki günlərlə müqayisədə yüksək görünür. Qazax pomidorunun kilosu 3 manat 60 qəpik, “yelpənək” xiyar 1 manat 30 qəpik, bolqar bibəri 3 manat 70 qəpik, Salyan pomidoru 3 manat 70 qəpik, göbələk 4 manat, ərik 8 manat, “viktoriya” çiyələyi 4 manat 60 qəpik, alça 4-6 manat, Göyçə alçası 8 manat, “öküz ürəyi” gilas isə 10 manata satılır.
Ən çox diqqət çəkən məhsullardan biri isə yarpaq olur. Bir kiloqram adi yarpaq 10 manata, “ağ şanı” yarpağı isə 14 manata təklif edilir.

Satıcı ağ şanını “əl atından” satdığını da gizlətmədi:
– Kim gəlib indi 14 manata yarpaq alacaq? Camaat yaxınlaşır, soruşur, sonra sakitcə gedir. Ona görə əl atından verirəm. Almaq istəyən olanda özü soruşur” – satıcı dillənir.
Bazarda gəzdikcə insanların narazılığı daha aydın hiss olunur. Bəzi piştaxtalarda ümumiyyətlə qiymət yoxdur. Alıcı yaxınlaşıb soruşur, satıcı məhsula baxıb qiymət deyir. Bu da alıcıların narahatlığını artırır.
Bir qədər aralıda dayanan başqa bir satıcı isə bizi görən kimi dərdini danışmağa başlayır. Səsinin tonundan hiss olunur ki, təkcə məhsul yox, əhvalı da “selə düşüb”.
-Yağış rayonda təsərrüfatımızı məhv elədi. Gilasın hamısı töküldü. Əriyin yetişən vaxtı idi, bir gecənin içində yerə töküldü hamısı. Adamlar bir ilin zəhmətini qoymuşdu ora. Camaata çox böyük ziyan dəyib.
O danışdıqca yanındakı başqa satıcı başını yelləyərək əlavə edir:– Bu hələ başlanğıcdır. Bir neçə günə məhsul daha da azalacaq. Onda qiymətlər lap qalxacaq.

Alıcıların əksəriyyəti isə bazardan narazı ayrılır. Kimi torbasını yarıboş aparır, kimi qiymət soruşub heç nə almadan çıxır. Yaşlı bir qadın bazardan çıxarkən dillənir:
– Əvvəl bazara 20 manatla girəndə torban dolurdu. İndi 20 manat heç nəyə çatmır. Bu bazar lap od tutub yanır.
Yağış səngisə də, görünür onun bazara təsiri hələ bir müddət davam edəcək. Satıcılar məhsul qıtlığından, alıcılar isə bahalıqdan şikayət edir. Hələlik isə bazarda ən bol olan narazılıqdır...