COP29-un Azərbaycanda keçirilməsi olduqca uğurlu və əlamətdar hadisə idi. Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi, COP29-un prezidenti Muxtar Babayevin fəaliyyəti və görülən işlər yüksək qiymətləndirildi.
Medianews.az Axar.az-a istinadla xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurum Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında (WUF13) iştirakı zamanı deyib.
“Biz də Türkiyə olaraq azərbaycanlı qardaşlarımızın təcrübəsindən faydalanacağıq. Bakıda qəbul edilən qərarlar və müəyyənləşdirilən yol xəritələri COP31 çərçivəsində diqqət mərkəzində olacaq. Dünyada müşahidə olunan mənfi tendensiyalara “dayan” deyə biləcək güclü və nəticəyönümlü COP31 keçirmək istəyirik.
İqlim dəyişikliyi ilə mübarizə və daha təmiz dünya naminə birgə fəaliyyət aparacağıq. Artıq yalnız qərarların qəbul olunması deyil, onların real icrasını görmək istəyirik. COP31-in qəbul edilən qərarların həyata keçirildiyi, konkret nəticələrin əldə olunduğu sammit olmasını arzulayırıq”, - o bildirib.
Qeyd edək ki, COP31 bu il Türkiyədə keçiriləcək.