İrəvanda silahlı insident baş verib. Atışma nəticəsində kriminal aləmdə – “Kök Rüstəm” ləqəbi ilə tanınan Rüstəm Stepanyanın atası ağır yaralanıb.
Medianews.az xəbər verir ki, hadisə dekabrın 31-də, saat 19:00 radələrində paytaxtın Komitas küçəsində, Ərəbkir rayonunda yerləşən 44 saylı binanın həyətində qeydə alınıb. İlkin məlumatlara görə, ərazidə bir neçə dəfə atəş səsləri eşidilib və nəticədə bir nəfər güllə yarası alıb.
Erməni mediasının məlumatına əsasən, zərərçəkən şəxsə ümumilikdə 11 dəfə atəş açılıb. Shamshyan.com saytı isə bildirir ki, “Toyota” markalı avtomobilin sürücü tərəfdəki qapısında təxminən 9 güllə izi aşkarlanıb, avtomobilin ətrafında isə atılmış gilizlər tapılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. Yaralı təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.
Qeyd edək ki, Rüstam Stepanyan hazırda digər kriminal avtoritet – “Faza” ləqəbli Sergey Qriqoryanın qətli ilə bağlı açılmış cinayət işi üzrə həbsdədir. Məlumata görə, iki kriminal qrup arasında qarşıdurma hələ 2018-ci ildən başlayıb.