Medianews.az
Kommunizm quruculuğunun müzakirəsi
56 baxış

Kommunizm quruculuğunun müzakirəsi

Bəzən hansısa sahədə vəziyyəti oradakı şəxslərin tərcümeyi-halı ifadə edir. Məsələn, vaxtilə bizdə gömrüyə başçılıq edənlər əsasən bir kəndin sakinləri idi və az qala hamısı baytarlıq üzrə “oxumuşdu”. Nəticədə kim xaricdən mal gətirmək istəsə özü ora-bura rüşvət verməkdən dabaq olurdu.

Yaxud, məlum bölgəmizə başçılıq edən yoldaşın ilk vəzifəsi alt-trikotaj fabrikində partkom işi imiş, ona görə əlinə keçənin şalvarını çıxartdırırdı.

Keçən aylarda kino sənətkarları birliyimizin sədri olan aktyor rəhmətə getdi, yerinə təzəsini qoymaq zərurəti yarandı. (Başqa cür dəyişiklik mümkün deyildir). Lakin indi deyirlər, orda sədrliyə 2 namizəd vardır, bunların biri axırıncı dəfə 1977-ci ildə kinoda oynamışdır, o biri isə ümumiyyətlə kinoda oynamamışdır.

Gözəl durumdur, elə deyilmi? Kino sənətinə münasibətimizin bariz nümunəsidir.

Yeri gəlmişkən, yenə təzəlikcə xəbər var idi, Türkiyədə Azərbaycan kinosu günləri keçirilirmiş. Orda camaata göstərilən filmlərimizin də biri 2011-ci ilə aid “Buta” filmi, digəri isə 1978-ci ilin “Qayınana” filmi olmuşdu.

İndi nə edək, şükür eləyək ki, Aleksandr Mişon-un 1898-ci ildə çəkdiyi “Balaxanı neft mədənində yanğın” filmini aparmayıblar?

Bəlkə də aparıblar... Pis çıxmasın, əslində Mişon-un o filmi Vaqif Mustafayevin axırıncı filminə baxanda əsl şedevrdir. (Bu arada Vaqif müəllimin administrativ irsi necə təsir göstəribsə neçə ildir “Speys” telekanalına müdir qoymaqda hökumət çətinlik çəkir. Gah onu qoyurlar, gah bunu qoyurlar. Az qala məni də sabah çağırıb “Gəl, buranı işlət” deyəcəklər. Bəlkə bunun özü müsbət haldır. Ora ölkəmizdə yeganə yerdir ki, rəhbəri sağlığında dəyişilir).

Əsas odur “toy olsun, bayram olsun, həyat firavan olsun”... Bizə sevinmək qalır. Çay olmayan yerdən körpülər tikməliyik. Məsələn, bu yaxında İçərişəhərdə xalça festivalı keçirilirdi, millət gedib palaza bürünüb, elliknən sürünürdü. Oynaqlayan, dombalaq aşan... Amma heç kim demirdi ki, atam-qardaşım, yarmarkalara, ticarət mərkəzlərinə baş çəkək, görək orda neçə kvadratmetr Azərbaycan xalçası satılır. Uzaq da deyil, “Sədərək” Bakının böyründədir. Biz xalça festivalları keçirdikcə, ölkədə xalça istehsalı aşağı düşürmüş. Tərsinə olmalıydı, sanki... Hərçənd, sayın hökumətimiz bu “problemin” də həllini tapıb: bir il 5 metr xalça toxuyub satırlar, gələn il 15 metr olanda açıqlama verilir ki, bəs, 3 dəfə artım vardır. Riyazi baxımdan düzdürmü? Düzdür. Başqa nə istəyirsiniz?

Riyaziyyat demişkən, DİM sədri 1-ci qrupa sənəd verən bəzi abituriyentlərin riyaziyyatı yaxşı bilmədiyini açıqlamışdı. Deyir, bilmirsən buna güləsən, ya ağlayasan. Həqiqətən, 1-ci qrupda əsasən riyaziyyat-fizika müəllimliyi kimi texniki təmayüllü ixtisaslar cəm olubdur. Ta riyaziyyatı bilmədən burda nə işin var? Ancaq bu, normal dünyada belədir. Biz isə fərqli mentalitet və sistemin içərisində yaşayırıq. Burda riyaziyyat müəllimi malyarlıqla, rəssam qoyun otarmaqla, musiqiçi də, nə bilim, taksi sürməklə dolanmağa məhkumdur, çünki bizdə iki dəfə iki dörd eləmir. Uzağı 3 eləyir, o da tanışlıqla, rüşvətlə, tapşırıq-filanla.

Yazını da bir sovet anekdotu ilə bitirək, çox qəm eləməyin: “Kolxozda iclas gedir. Sədr deyir: “Gündəlikdə 2 məsələ durur. Birincisi, fermanın hasarının təmiri, ikincisi kommunizm quruculuğu. Hasarın remontu üçün taxtamız yoxdur, ona görə birbaşa keçirik ikinci məsələnin müzakirəsinə”.

Zamin HACI 

Bizə qoşulun