Məşğulluğu olmayan şəxslərin məcburi sığorta haqlarını ödəməsi real çətinliklər yaradır. Gəliri olmayan vətəndaşların bu öhdəliyi necə yerinə yetirəcəyi müzakirə mövzusudur. Bu məsələ xüsusilə sosial müdafiəyə ehtiyacı olan təbəqələri əhatə edir. Bəs görəsən işsiz şəxslər məcburi sığorta pulunu necə ödəyəcəklər?
Mövzu ilə bağlı Medianews-a açıqlamasında sosioloq Elçin Bayramlı bildirib ki, təəssüf ki, hələ də bu məsələyə ciddi aydınlıq gətirilməyib və mövcud vəziyyətdə çox ziddiyyətli məqamlar var. Onun sözlərinə görə, “işsiz” anlayışı heç bir gəliri olmayan, işləməyən şəxsi ifadə edir və bu şəxslərin Konstitusiya ilə təsbit olunmuş əsas hüquqları mövcuddur. Tibbi xidmət almaq və sağlamlığın qorunması həmin hüquqlara daxildir.
Sosioloq vurğulayıb ki, əgər dövlət insanları işlə təmin edə bilmirsə, onların heç olmasa tibbi xidmət hüquqlarını qarşılamalıdır. Çünki gəliri olmayan vətəndaşların tibbi sığorta haqqını ödəməsi real deyil. Əks halda, elementar tibbi xidmətə çıxışın olmaması faciəvi nəticələrə gətirib çıxara bilər ki, bu da qəbuledilməz və biabırçı bir haldır. Dünyada belə bir şey görülməyib. Bu ödənişdən işsizlər azad olunmalıdır.
“Ümumiyyətlə, bu istiqamətdə müəyyən mexanizmlər qurmaq mümkündür. Məsələn, şərti olaraq ölkədə 100 nəfər vətəndaşın olduğunu düşünək. Onlardan 10 nəfəri işsizdir və hər birinə ildə 1 manatlıq tibbi xidmət göstərilməlidir. Bu zaman ümumi xərc 100 manat edir, lakin yalnız 90 nəfər ödəniş etdiyi üçün 90 manat toplanır və 10 manatlıq çatışmazlıq yaranır.
Bu problemi həll etmək üçün işləyən 90 nəfərin ödədiyi məbləği cüzi şəkildə məsələn, 1 manat əvəzinə 1 manat 10qəpik etmək olar. Beləliklə, toplanan vəsait 100 manata çatacaq və işsiz olan 10 nəfərin də tibbi xidmət xərcləri qarşılanacaq. Yəni hər kəsdən çox az məbləğ artırmaqla sosial baxımdan daha həssas qrupun xərclərini ödəmək mümkündür.
Alternativ olaraq, daha ədalətli mexanizm kimi yüksək gəlirli vətəndaşlardan bir qədər artıq ödəniş tutulması da nəzərdən keçirilə bilər. Məsələn, aylıq 3000, 5000 və ya 10 000 manat maaş alan bir şəxs üçün əlavə 20-30 manat ciddi yük deyil, lakin işsiz vətəndaş üçün bu, böyük məbləğ sayılır. Qeyd etmək lazımdır ki, bunlar konkret təklif deyil, sadəcə mümkün metodlardır və əsas məqsəd bütün vətəndaşlar üçün minimum tibbi xidmətə əlçatanlığın təmin edilməsidir”.
E.Bayramlının fikrincə, işsiz vətəndaşlar ən azı iş tapana qədər tibbi sığorta ödənişindən azad edilməli, yaxud onlara işsizlik və ya sosial müavinət verilməli və sığorta haqqı həmin vəsaitdən tutulmalıdır. Bu imkanlar da yoxdursa, xərclər sosial, xeyriyyə, dövlət və ya özəl fondlar vasitəsilə qarşılanmalıdır. O, alternativ mexanizmlərdən biri kimi, yüksək gəlirli vətəndaşlardan bir qədər artıq ödəniş tutulmasının sosial ədalət baxımından məqbul olduğunu da qeyd edib.
Sonda sosioloq vurğulayıb ki, dövlətin əsas vəzifəsi bütün vətəndaşlar üçün minimum tibbi xidmətə əlçatanlığı təmin etməkdir. O, ümid etdiyini bildirib ki, bu istiqamətdə ədalətli və optimal mexanizm tapılacaq və heç kim 5-10 manatlıq dərman və ya tibbi xidmətə görə həyatını itirməyəcək.
Oğuz Ayvaz
Medianews.az
08.01.2026, 11:04
309 baxış
TURAN