Medianews.az
İrandakı hadisələrlə bağlı qorxunc statistika -
89 baxış

İrandakı hadisələrlə bağlı qorxunc statistika - “Human Rights Watch” çağırış etdi

İran İslam Respublikasında keçirilən etiraz aksiyalarının yatırılması zamanı öldürülənlərin sayının 2 min nəfəri keçdiyi barədə məlumatlar yayılıb. Eyni zamanda 100-dən çox polis və digər güc strukturu nümayəndəsinin öldürüldüyü bildirilir.

Musavat.com-un məlumatına görə, artıq bir sıra beynəlxalq təşkilatlar baş verənlərə münasibət bildiriblər.

“İran hökuməti 28 yanvar 2025-ci ildən bəri etirazçılara qarşı ölümcül basqıları əhəmiyyətli dərəcədə gücləndirib. Etibarlı mənbələrin məlumatları göstərir ki, təhlükəsizlik qüvvələri ölkə daxilində genişmiqyaslı qətllər həyata keçirib”, “Human Rights Watch” təşkilatının bəyanatında belə deyilir.

Bildirilir ki, İran vətəndaş cəmiyyəti təşkilatları və mediasının məlumatına görə, etirazlarda ölənlərin sayı minlərlə nəfərə çatıb, ancaq, internetin bağlanması bu rəqəmləri müstəqil şəkildə yoxlamaq imkanını məhdudlaşdırıb.

Bəyanatda İran hökumətinin interneti kəsdiyinə diqqət çəkilib. Bildirilib ki, bu amil məhkəmədənkənar qətllərin və digər insan haqları pozuntularının sənədləşdirilməsini çətinləşdirib.

“Human Rights Watch” morqlardan və xəstəxanalardan təsdiqlənmiş videolar, eləcə də şahid ifadələri daxil olmaqla yeni dəlillər topladığını bildirib.

Günaz.tv-nin yaydığı məlumata görə, təşkilat BMT üzv dövlətlərini İran hakimiyyətindən qətllərə son qoymaq, İran üzrə Müstəqil Beynəlxalq Fakt Araşdırma Missiyasına tam və maneəsiz giriş imkanı verməyi və qlobal internetə çıxışı bərpa etməyi dərhal tələb etməyə çağırıb.

Bizə qoşulun