Türkiyədə yaşayan, İrana dair araşdırmaları ilə tanınan iranşünas ekspert Arif Kəskin İranda son günlər baş verən hadisələri təhlil edərək etiraz dalğasının keyfiyyətcə yeni mərhələyə keçdiyini bildirir. Medianews.az xəbər verir ki, ekspertin qənaətincə, iqtisadi çöküş, siyasi basqılar və avtoritar idarəetməyə qarşı başlayan narazılıq artıq tək-tək aksiyalar mərhələsini geridə qoyub və sistemli, rejimə yönəlmiş ümumi etiraz xəttinə çevrilib.
Arif Kəskinin yazdığına görə, tətil və etirazlar əvvəlki günlərlə müqayisədə daha geniş coğrafiyanı əhatə edir. Etirazlar yalnız küçələrdə deyil, universitetlərdə və şəhər mərkəzlərində paralel şəkildə davam edir ki, bu da prosesin lokal və ya sahəvi tələblərdən çıxaraq açıq siyasi xarakter aldığını göstərir.
– Coğrafiya genişlənir, nəzarət zəifləyir
Ekspertin təqdim etdiyi sahə məlumatlarına əsasən, axşam saatlarında Tehranın müxtəlif bölgələrində və ölkənin bir çox şəhərlərində etirazlar səngiməyib. Hökumətin “hava soyuqluğu” bəhanəsi ilə ümumi tətil elan etməsinə baxmayaraq, aksiyaların dayanmadığı müşahidə olunub.
– Ərak, Həmədan, Məməsəni və Fuladşəhr (İsfahan) kimi şəhərlərdə gecə etirazları keçirilib. Arakda “Diktatora ölüm” şüarları səsləndirilib, Həmədanda isə etirazların təhlükəsizlik qüvvələri ilə açıq toqquşmalara keçdiyi bildirilir. Arif Kəskin bu mənzərəni rejimin xüsusilə bölgələrdə ictimai asayişə nəzarət imkanlarının zəifləməsi kimi qiymətləndirir.
Tehranda əsasən esnafın başladığı etirazların Həmədan, Əsədabad, Arak, Fuladşəhr, Marlik, Melard, Kirman, Kirmanşah, Rəşt, İsfahan, Məşhəd, Şiraz, İze və Nurabad-Məməsəni daxil olmaqla ölkə boyu yayılması diqqət çəkir.
– Şüarlar açıqdır: problem təkcə iqtisadi deyil
Arif Kəskinin vurğuladığı əsas məqamlardan biri etirazçıların şüarlarının siyasi aydınlığıdır. “Diktatora ölüm” kimi açıq rejim əleyhinə çağırışlar həm esnaf, həm də tələbələr arasında ortaq xəttə çevrilib.
Onun təhlilinə görə, hakimiyyətin paralel və süni etiraz görüntüləri yaratmaq cəhdləri effekt vermir. Bu isə aksiyaların spontan, aşağıdan yuxarı formalaşan siyasi şüurun məhsulu olduğunu göstərir.
– Universitetlər ön cəbhəyə çıxır
Ekspert yazır ki, prosesin ən həssas və strateji istiqamətlərindən biri universitetlərdir. Tehrandakı Elm və Mədəniyyət, Elm və Sənət, Şəhid Behişti, Tehran, Xacə Nəsir və Politeknik universitetlərində, eləcə də Yəzd Universiteti və İsfahan Sənaye Universitetində tələbə etirazları keçirilib.
Səsləndirilən şüarlar tələbə narazılığının akademik problemləri çoxdan aşdığını və birbaşa siyasi mövqe aldığını ortaya qoyur. Allamə Təbatəbai Universitetinin yataqxanalarında gecə saatlarında atılan şüarlar isə etirazların yarı-özəl məkanlara keçdiyini göstərir ki, Arif Kəskin bunu rejim üçün “ən çətin nəzarət olunan və simvolik baxımdan ən riskli mərhələ” kimi dəyərləndirir.
– İdeoloji xətt: 2022-dən qalan yaddaş
Xacə Nəsir Universiteti tələbələrinin yaydığı bəyanata diqqət çəkən Arif Kəskin qeyd edir ki, rejim korrupsiya, səriştəsizlik, ayrı-seçkilik və repressiyalarla ittiham olunur, universitet rəhbərlikləri isə hakimiyyətin bir hissəsi kimi təqdim edilir.
Qız tələbələrin başörtülərini çıxararaq etirazlara qoşulması və “Nə məcburi hicab, nə sillə – azadlıq və bərabərlik” şüarı 2022-ci ildən bəri formalaşan ictimai yaddaşın hələ də canlı olduğunu göstərir.
Arif Kəskinin qənaətincə, hazırkı mənzərə etirazların artıq parçalı və müvəqqəti reaksiyalar olmadığını sübut edir. Esnaf, tələbələr və şəhərli orta təbəqələr arasında kəsişən bu dalğa rejimin dərin legitimlik böhranı yaşadığını açıq şəkildə üzə çıxarır. Qısa müddətdə təhlükəsizlik tədbirlərinin sərtləşəcəyi gözlənilsə də, ekspert hesab edir ki, universitetlər və şəhər mərkəzləri ətrafında cəmlənən bu proses orta perspektivdə İran siyasətində ciddi qırılmalara zəmin yarada bilər.