İyunun 27-də Bakıdakı Milli Gimnastika Arenasında keçiriləcək UFC FIGHT NIGHT: FIZIEV vs TORRES turnirinin ikinci əsas döyüşündə orta çəkidə çıxış edən Şarabutdin Maqomedov braziliyalı Miçel Pereyra ilə üz-üzə gələcək.
Medianews.az xəbər verir ki, “Şara Bullet” ləqəbi ilə tanınan rusiyalı döyüşçü qarşıdakı görüşlə bağlı fikirlərini bölüşərək azarkeşləri arenaya dəvət edib.
O bildirib ki, döyüşə tam hazırdır və iyunun 27-dək ideal formaya çatacaq: “Azərbaycanda parlaq qələbə qazanmağıma heç nə mane ola bilməz. Azərbaycan tamaşaçısı mənim üçün doğmadır. Azərbaycanda və ümumiyyətlə bütün Qafqazda insanlar mənə azarkeşlik edəcəklər. Mən Xəzər dənizinin piratıyam. Məni dəstəkləyən hər kəsi arenaya dəvət edirəm. Qələbəni birlikdə qazanacağıq”.
Döyüşçü qeyd edib ki, UFC turnirinin Azərbaycanda keçiriləcəyi ilk dəfə elan olunanda Bakıda döyüşmək arzusu olub: “Keçən il UFC turnirinin Azərbaycanda keçiriləcəyi məlum olanda dərhal menecerimlə əlaqə saxlayıb Bakıda döyüşmək istədiyimi bildirdim. Amma həmin vaxt alınmadı. Şadam ki, bu dəfə mümkün oldu. Bakıda döyüşəcək əksər idmançılar ayaqüstü döyüşə üstünlük verirlər. Əsas döyüşdə Rafael Fiziyev çıxış edəcək. Deməli, azarkeşləri əsl şou gözləyir”.
Şara Bullet Azərbaycan idmançıları ilə yaxın münasibətlərinin olduğunu da qeyd edib. Onun sözlərinə görə, azərbaycanlı MMA döyüşçüsü Alovsat Məmiyev ilə uzun illərdir dostluq edir və onlar birlikdə məşqlər keçiblər.
“İdmanda məni azərbaycanlılarla çox şey bağlayır. İdmanın gözəlliyi də elə bundadır. Çünki idman insanları birləşdirir”, – deyə döyüşçü bildirib.