Bəzi yetkin insanlarda doğrudan da standart hesab edilən 206 sümükdən daha çoxu mövcuddur. Mütəxəssislərin bildirdiyinə görə, bu əlavə sümüklər əksər hallarda təsadüfən aşkar edilir və insan uzun müddət onların varlığından xəbərsiz qala bilər. Məlumdur ki, körpələrdə sümüklərin sayı böyüklərlə müqayisədə daha çoxdur. Yeni doğulmuş uşaqlarda sümük sayı təxminən 275–300 arasında dəyişir. Uşaq böyüdükcə bu xırda və yumşaq sümüklər birləşərək daha iri və sərt sümüklər əmələ gətirir və nəticədə yetkin insanlarda bu say adətən 206-ya düşür.
Lent.az-ın xəbərinə görə, mütəxəssislər bildirirlər ki, körpələrdə sümüklərin daha çox və elastik olması onların ana bətnində rahat yerləşməsi və doğuş kanalından keçməsi üçün vacibdir.
Yetkinlikdə əlavə sümüklər necə yaranır?
Bəzi hallarda sümüklər inkişaf zamanı standart şəkildə birləşmir və nəticədə əlavə (aksesuar) və ya artıq sümüklər formalaşır. Bu barədə məlumatlar Scientific Reports jurnalında dərc olunan araşdırmada qeyd olunub.
Maraqlıdır ki, bu cür sümüklərin mövcudluğu çox vaxt heç bir simptom vermir. ABŞ-ın Baltimor şəhərində yerləşən Mercy Tibb Mərkəzinin ortoped-cərrahı Vandan Patel bildirir ki, əksər hallarda əlavə sümüklər başqa səbəblə çəkilən rentgen müayinəsi zamanı təsadüfən aşkarlanır.
Ən çox rast gəlinən əlavə sümüklər
Mütəxəssislərin sözlərinə görə, əlavə sümüklər daha çox ayaq və topuq nahiyəsində müşahidə olunur. Onlardan ən geniş yayılanı os trigonum adlanan üçbucaqlı sümükdür. Bu sümük insanların təxminən 10–25 faizində rast gəlinir və topuğun arxa hissəsində yerləşir. Xüsusilə balerinalarda və ayağı tez-tez aşağı bükən insanlarda ağrıya səbəb ola bilər.
Digər geniş yayılmış əlavə sümük isə əlavə qayıqvari sümükdür. Bu sümük əhalinin təxminən 12 faizində mövcuddur və ayağın iç tərəfində yerləşir. Bəzi hallarda ayaq tağında ağrıya və yastıayaqlılıqla əlaqəli problemlərə yol aça bilər.
Bundan əlavə, daha nadir əlavə sümüklər də mövcuddur. Məsələn, bud sümüyü nahiyəsində yerləşən əlavə sümük bəzi insanlarda bud ağrıları ilə əlaqələndirilir və bu hal əhalinin 5 faizindən azında rast gəlinir.
Əlavə qabırğalar da mümkündür
Maraqlı faktlardan biri də odur ki, bəzi insanlarda əlavə qabırğalar ola bilər. İnsanların təxminən 1 faizində boyun nahiyəsində bir və ya iki əlavə qabırğa sümüyü müşahidə olunur. Adətən problem yaratmasa da, bəzi hallarda qol ağrısı və zəifliyə səbəb ola bilər.