Sankt-Peterburqdakı Mariinski Xəstəxanası tibb tarixində misli görünməmiş bir hadisəyə imza atıb. Burada Rusiyada ilk dəfə olaraq eyni vaxtda iki süni ürək mədəciyi implantasiya edilən pasiyent yaxın günlərdə xəstəxanadan buraxılacaq.
Medianews.az xəbər verir ki, məlumata görə, Anton adlı pasiyent hazırda tamamilə nəbzsiz yaşayır. O, kardiomiopatiya və ürək çatışmazlığının terminal mərhələsi diaqnozu ilə stasionara yerləşdirilib. Lakin ağciyər arteriyasının tromboemboliyası və infarkt-pnevmoniya səbəbindən donor ürəyinin transplantasiyası mümkün olmayıb.
Bu vəziyyətdə xəstəxananın baş həkimi İqor Reutski qeyri-adi, lakin həyatı xilas edən qərar qəbul edib və pasiyentə eyni vaxtda iki süni ürək mədəciyinin implantasiyası həyata keçirilib. Təxminən dörd saat davam edən əməliyyatın əsas çətinliyi cihazların bir-biri ilə tam sinxron işləməsinin təmin olunması olub. Həkimlər bu mərhələni uğurla başa çatdırıblar.
Hazırda Antonun vəziyyəti stabildir. O, evə buraxıldıqdan sonra yenidən xəstəxanaya qayıdaraq donor ürəyinin transplantasiyasına hazırlanacaq.