Medianews.az
Trampla Putinin danışıqları baş tutmadı –
1,139 baxış

Trampla Putinin danışıqları baş tutmadı – Vəziyyət gərginləşəcək

“ABŞ Prezidenti Donald Trampla Rusiya Prezidenti Vladimir Putin arasında Ukrayna danışıqları baş tutmadı. Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş təklifini qəbul etmədi. Bu isə Trampla Putinin Ukrayna danışıqlarının baş tutumaması deməkdir”. Siyasi ekspert Məhəmməd Əsədullazadə Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, Rusiya hətta yenidən Zelenskinin legitim dövlət başçısı olmadığını bəyan edib: “Beləliklə, Putin və Zelenski arasında görüş mümkün görünmür. Tramp dünən Ukraynanın müdafiə olunmaqla deyil, hücumla qalib ola biləcəyini vurğulayıb. Deməli, Tramp Putinin manipulyasiya etdiyinin fərqindədir. İndən belə Rusiya ilə danışıqlar mümkün görünmür. Sentyabrda ABŞ Konqresi işə başlayandan sonra Rusiya əleyhinə yeni sanksiyalar tətbiq edilə bilər. Həmçinin Ukraynaya hücum silahlarının verilməsi istisna deyil.

Alyaska görüşü və ondan sonra Avropa liderləri ilə baş tutan görüş Ukrayna müharibəsində diplomatik danışıqların faydasız olduğunu büruzə verdi. Rusiya məsələlərə yalnız öz maraqları kontekstdə yanaşacağı, Ukraynanın maraqlarını nəzərə almayacağı mövqeyindədir. Moskva Qərbin sülhməramlı qüvvələrinin də Ukraynaya yerləşdirilməsinin əleyhinədir”.

M.Əsədullazadənin fikrincə, Tramp və Avropa ölkələrinin Ukraynaya yeni hücum silahları verəcəyi, Ukraynanın həmin silahlarla Rusiyaya ciddi zərbələr endirəcəyi gözlənilir.

Toğrul Əli,
Medianews.az

 

Bizə qoşulun