Medianews.az
Səksəndirən icra başçısı videosu
72 baxış

Səksəndirən icra başçısı videosu

Sayın xalq şairimiz Ramiz Rövşən səksən yaşına keçməsi münasibətilə bir şeir yazıb, bunu videoya çəkib paylaşıblar. Çox zəif şeirdir, nəinki xalq şairinə, heç əməkdar incəsənət xadiminə də yaraşan poetik nümunə saymaq olmaz. Məsələn, başlığa çıxarılan elə bu misraya fikir verin: “Səksənə çatanda səksənir hamı”. Pah. Nə qədər poetikdir... Adam oxuduqca, dinlədikcə diksinir. Ramiz Rövşənin söz oyunlarına qoşulması (lap ünlü telejurnalistin yolu ilə gedərək) acınacaqlı vəziyyətdir. 

Çünki eyni məntiqlə bu şeiri belə davam etdirməyimizə heç zad mane olmur: 

“Əlliyə çatanda əllənir adam, 

Altmışa çatanda altını vurur. 

Yetmişə çatanda yetimdir adam, 

Doxsana çatanda təzədən doğur". 

(Sayın şair artıq səksənin möhürünü vurub, o üzdən məcburən yetmişdən doxsana adladıq). İkincisi, şeir özü çox səhv məntiq üzərində qurulmuşdur. Necə yenə hamı səksənir? Ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar nəticəsində heç də hamı səksən yaşa gedib çıxa bilmir. Bəlkə şair “səksənə çatan kim varsa, o səksənir” yazmalı idi, bunu hansı qafiyə-heca-vəzn bölgüsünə salmağı artıq sənətkarın ixtiyarına buraxırıq. Eyni zamanda sən səksənə çatmısan, sədrin Anar müəllim, maşallah, 87-ni keçir, o zaman belə çıxır ki, artıq 7 ildir səksənə-səksənə yaşayır? Qəti mümkün deyil. Ölkəmizdə siyasi sabitlik mövcuddursa, niyə səksənsin? Səksənməyə ehtiyac yoxdur. Uzağı Əli Kərimli kimi cəbhəçilər, Ramiz Mehdiyev kimi yapçılar səksənsinlər. Bunun xalqa və sayın iqtidarımıza nə dəxli?

Sözgəlişi, yadımdan çıxmamış, mühüm bir xəbəri də bura əlavə etməliyəm: Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn istefa vermişdir. Ümid edək tezliklə xalq bu hadisədən xəbər tutsun. Hər halda, beynəlxalq aləmdə Pənah bəyin istefasının doğurduğu rezonans çox gözlətmədi. Təsəvvür edin, onun istefası açıqlanan gün Ermənistanda Levon Ter Petrosyan siyasətə qayıtdığını bəyan etdi! Dərhal. Görünür, Ermənistanda revanşist qüvvələr hələ oyaqdır. Ümid edək Pənah bəy də İsa Qəmbər kimi tezliklə geri qayıtsın. Müxalifətdən qış aktivliyi gözləyirik. 

Dövlət Təhlükəsizlik Xidməti isə Balakən icra hakiminin rüşvət alması videolarını paylaşıb. Çox tragikomik kadrlardır, başçı kresloda əyləşib, camaat bir-bir gəlir, pulu qoyur, çıxır gedir. Elə bil Biləcəri bazarında petruşka alveridir. Başçı prosesi tam konveyer halına salıbmış (heç olmazsa rüşvətxorluq sahəsində konveyer tipli sənaye müəssisəsinin açılması sevindiricidir). 

Ancaq bu tipli qanun pozuntularını aşkar etmək üçün axı DTX-ya heç ehtiyac yoxdur! Sivil dünyada məmurun qanunsuz gəlirlərini maliyyə-vergi orqanları, gəlir deklarasiyası ilə, o cümlədən mətbuatın yardımı ilə öyrənirlər, aşkar edirlər. Loru dildə yazsam, hansısa başçının maaşı min manatdırsa, lakin milyonlarla manatlıq ev, villa, avtomobil toplayıbsa, vəssalam, bununla xoruzun quyruğu görünür, əlaqədar orqanlar da həmin quyruqdan yapışıb cinayətkar məmuru cəzalandırır. Bizdə isə məmurlar, dövlət qulluqçuları dəbdəbə, cah-cəlal içərisində yaşayır, yalnız hansısa başqa səbəbdən gözdən düşəndə rüşvət əməliyyatı videoları ortaya çıxarılır. Halbuki, yenə qeyd edirəm, “kor-kor, gör-gör vəziyyəti”dir, gizli kameraya nə ehtiyac var? 

Niyə məmurların gəlir deklarasiyası açıqlanmır, mal-mülkü xalqdan gizlədilir - əsas məsələ budur. Şəffaflıq yoxdur. 

Anekdot kimi görünsə də, bir faktı xatırladıram: vaxtilə bizdə Korrupsiya ilə mübarizə komissiyasının sədri Ramiz Mehdiyev idi və guya məmurların gəlir deklarasiyasını o özü toplayıb, nəzarət edirdi. Sanki canavarı ət kombinatına müdir qoyursan. 

Ümid edək xalq şairlərimiz öz əsərlərində xalqı düşündürən belə aktual problemləri də işıqlandırar. Yoxsa adam hər dəfə icra başçısı videosu görəndə səksənir.

Bizə qoşulun