Medianews.az
Rusiyanın demilitarizasiyası
936 baxış

Rusiyanın demilitarizasiyası

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 7-də Sankt-Peterburqda hərbi komandanlarla keçirdiyi görüşdə Ukraynaya qarşı müharibəyə başlamaq qərarının “düzgün və vaxtında” verilmiş qərar olduğunu bəyan edib.

Putin Rusiyanın 2025-ci ildə Ukraynanın 4900 kvadrat kilometr ərazisini ələ keçirdiyini, bunun da Ukrayna ərazisinin təxminən 0.8 faizi olduğunu söyləyib. Rusiya Prezidenti “xüsusi hərbi əməliyyat”da qarşıya qoyulan bütün məqsədlərə nail olmağın zəruriliyini bir daha vurğulayıb.

Xatırlatmaq istərdim ki, “xüsusi hərbi əməliyyat”da qarşıya qoyulan əsas vəzifə dedikdə Ukraynanın demilitarizasiyası və denasifikasiyası nəzərdə tutulur.

Putin Ukraynanın demilitarizasiyası və denasifikasiyasının zəruriliyindən danışa-danışa Rusiyanın demilitarizasiyasını uğurla həyata keçirir. Rusiya Prezidenti rəqəmləri saxtalaşdıraraq 2025-ci ilin 8 ayı ərzində Ukraynanın 4900 kvadrat kilometr və ya 0.8 faizi ərazisini ələ keçirdiklərini uğur kimi təqdim edir. Ancaq bu “uğurlar”ın Rusiyaya nəyə başa gəldiyindən bir kəlmə də olsa söz açmır.

“Yaşamaq istəyirəm” layihəsinin hesablamalarına görə, 2025-ci ilin 8 ayı ərzində Rusiya ordusunun 86 min 744 hərbçisi, o cümlədən 1583 zabiti öldürülüb. Təxminən 34 min nəfər itkin düşüb, 158 min 500 nəfər isə yaralanıb. Bu müddətdə Rusiya ordusunun 2 mindən artıq hərbçisi əsir düşüb. Ümumilikdə, Rusiya ordusu 2025-ci ildə 281 mindən çox itki verib. Məlumata görə, 2025-ci ildə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 13 min 145 hərbi texnikasını məhv edib, 48 mindən çoxunu isə zədələyib.

Orta hesabla Rusiya ordusunun aylıq itkiləri 35 min, texnika itkisi 7700 ədədə çatır. Hər gün Rusiya ordusu 1000-dən çox əsgərini itirir.

Rusiya ordusunun 2025-ci ilin 8 ayı ərzindəki itkiləri sovet ordusunun 1945-ci ildə həyata keçirdiyi Şərqi Prussiya hücumunda itirdiyi əsgər sayından 2.5 dəfə çoxdur. O zaman 126 min əsgər və zabitini itirən Sovet İttifaqı Prussiya və Köniqsberqi işğal edərək müharibədə strateji qələbə qazanmışdı. İndi isə Putin Ukraynanın 4900 kvadrat kilometr və ya 0.8 faizi ərazisini ələ keçirmələrindən uğur kimi bəhs edir.

İstibdada öyrəşmiş müti rus xalqı itkilərin fəlakətli miqyas almasına baxmayaraq susur. Çinin Rusiya üzrə qubernatoruna çevrilmiş Putin isə Rusiyanın demilitarizasiyasını uğurla həyata keçirməkdədir.

Xaqani Cəfərli,
politoloq

Bizə qoşulun