Medianews.az
Rəsmi mətbuat ilk dəfə Ramiz Mehdiyevin ifşa olunmasından yazdı
681 baxış

Rəsmi mətbuat ilk dəfə Ramiz Mehdiyevin ifşa olunmasından yazdı

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ağır cinayətlərdə ittiham olunması oktyabrın 14-dən ölkə mediasında geniş işıqlandırılır. Medianews.az xəbər verir ki, noyabrın 1-də ilk dəfə olaraq bu mövzuya rəsmi qəzetdə də yer ayrılıb.

Ölkədə üç rəsmi qəzet var: “Xalq qəzeti”, “Azərbaycan” və “Bakinski raboçi” qəzetləri.

“Xalq qəzeti” və “Azərbaycan” qəzeti həftədə beş dəfə çıxır, rusdilli “Bakinski raboçi” həftəlik qəzetdir.

“Xalq qəzeti” və “Bakinski raboçi” Prezidentin İşlər İdarəsinin nəşri, “Azərbaycan” qəzeti Milli Məclisin orqanıdır.

Medianews.az-ın məlumatına görə, noyabrın 1-də “Xalq qəzeti”ndə “Kardinallar və emissarlar əmin olsunlar ki...” başlıqlı məqalə dərc olunub. Qəzetin analitik qrupunun hazırladığı məqalədə öncə deyilir ki, vaxtilə dünyanı cənginə almış qloballaşma ideyasının iflası fonunda yaşanan proseslər ortaya bir reallığı da qoyur: “Söhbət qapanmadan gedir. Xeyr, bu qapanma heç də beynəlxalq aləmdən təcrid mahiyyəti daşımır. Dünyanı özünə düşmən bilmə kimi total qorxu da ön planda deyil.

Məsələ ondadır ki, qloballaşma adı altında ayrı-ayrı cəmiyyətlərin ənənəvi dəyərlərinə zidd təmayüllər meydana çıxdı və duruma həssas yanaşmayanlar oldu. Onlar qloballaşmanın saxta mahiyyət daşıdığının, siyasi oyun olduğunun fərqinə varanda isə hər şey gec idi. Cəmiyyətlər, habelə onların qərarlaşdığı dövlətlərin təməlləri artıq sarsılmışdı.

Dünya Tunisdə, Misirdə, Liviyada “ərəb baharı” adı altında gerçək hakimiyyət çevrilişlərini gördü. O çevrilişləri ki, onlardan geniş xalq kütlələri heç bir fayda götürmədilər. Bu gün vaxtilə inqilab etmiş tunisli günlərini içməli su növbələrində keçirirsə, hələ də işsiz-gücsüz durumdadırsa, başqa nə deyəsən?

Əlbəttə, qloballaşma oyunu bumeranq effekti yaratmaya bilməzdi. Çünki liberalizm viruslarının yeridildiyi, liberalizmin demokratiya kimi təqdim olunduğu cəmiyyətlərdəki sonrakı durum, xüsusən insanların rifahının pisləşməsi kütləvi axın yaratdı. Bu axın “dünya bizim evimizdir” deyərək ağızlarını köpükləndirənləri hərəkətə keçirdi. Onlar evlərinin dünya əhalisi üçün darlığını nəinki gördülər, eyni zamanda, darlığın ağırlığını çiyinlərində daşımaq məcburiyyətində qaldılar. Məsələn, Avropanı götürək. Hazırda “köhnə qitə”nin çox öyündüyü sosial sistemində çatlar o qədər böyükdür ki, sızıntıların qarşısını almaq olmur. Fransada ard-arda nazirlər, baş nazirlər dəyişir, amma heç bir xeyri yoxdur. Çünki sistem çürüyüb. Ümumən, Avropanın bir çox yerlərində də durum eynidir. Ona görə ABŞ Prezidenti Donald Tramp qitənin liderlərini qarşısına qoyub uşaq kimi məzəmmət edir...

Yeni dünya nizamının qaydaları şəraitində əvvəldə haqqında söz açdığımız qapanma təmayülü ABŞ üçün necə keçərlidirsə, digər dövlətlər üçün də eyni dərəcədə labüddür. Başlıca vəzifə qloballaşmanın iflası, beynəlxalq hüquq prinsiplərinin sıradan çıxdığı, yeni dünya nizamının mahiyyətcə necə olacağının qeyri-müəyyənliyi fonunda ayaqda qalmaqdır. Nəzərə alaq ki, həmin nizamı özlərinin maraq və mənafeləri kontekstində görənlər, başqa dövlətlərin daxili işlərinə qarışaraq daha çox mənfəət dalınca qaçanlar fəaliyyətdədirlər. Onların iç üzünü COVİD-19 pandemiyası zamanı yaxşı gördük. Gördük ki, həmin vaxtadək bəyan edilən bəşəri dəyər və prinsiplər lakmus kağızından başqa bir şey deyilmiş. Dövlətlərin bir-birilərinə qarşı çox amansız davrandıqları da diqqətimizdən yayınmadı.

Bütün bunların fonunda gözlərimiz önündə Azərbaycan reallıqları canlanır. Ulu öndər Heydər Əliyevin ustalıqla müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla icra edildiyinin şahidiyik. Bu gün dövlətimizin başçısının sayəsində ölkəmiz beynəlxalq miqyasda tam müstəqil xarici siyasət yürütməkdədir. 44 günlük müharibədəki Zəfərimizin verdiyi yüksək dividend Azərbaycanı Cənubi Qafqazın söz sahibinə, dünyanın hesablaşdığı, daha dəqiq desək, hesablaşmaq məcburiyyətində qaldığı mərkəzə çevirib. Uğurlarımıza sevinənlər olduğu kimi, nailiyyətlərimizi gözü götürməyənlər də var”.

Daha sonra məqalədə bildirilir ki, ikincilər, yəni nailiyyətlərimizi gözü götürməyənlər sanki pusquda dayanaraq, azacıq zəiflik göstərməyimizi gözləyirlər: “İstəyirlər ki, ölkəmiz 1990-cı illərin əvvəllərindəki kimi olsun. Çalışırlar ki, xaos və anarxiya şəraitində özlərinin mənfəət səltənətlərini qursunlar. Belələrinin xarici təzyiq metodları ilə yanaşı, daxili rıçaqlardan da yararlanmaq cəhdləri aktualdır. Çox güman, diqqətli oxucularımız, ümumən cəmiyyətimiz Prezident Aparatının keçmiş rəhbəri Ramiz Mehdiyevin ifşa olunması fonunda ölkəmizə qarşı ideoloji diversiya planının miqyasının böyüklüyünü təsəvvürə gətirir.

Bir anlıq həmin planın həyata keçəcəyi təqdirdə, Azərbaycanda vəziyyətin hansı şəkil alacağını düşünək. Düşünək ki, 44 günlük müharibədəki Zəfərimiz, torpaqlarımızın işğaldan qurtulması, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası baş verməyib, ATƏT-in artıq canını tapşırmış Minsk qrupunun həmsədrləri bölgəyə mənasız səfərlər gerçəkləşdirir, bizləri təcavüzlə barışmağa çağırıb sərsəmləyirlər.

Onu da düşünək ki, xaricdə kimlərsə doğma el-obamıza sahiblənmək əzmimizi qırmaq üçün gəlişigözəl cümlələri ilə ölkəmizdə, guya, anti-demokratik mühitin olduğunu iddia edir, “nowar”çı kəsimi, saxta sülh göyərçilərini, feministləri işə salaraq əsrlərdən bəri daşıdığımız dəyərləri heçə sayırlar. Hələ nəzərlərimizdə özünü müxalifət sayıb normal müxalif düşüncədən kənar qütbü də canlandıraq.

Şübhəsiz, bütün bunlar Azərbaycan xalqından manqurt, etinasız, idarə olunan kütlə və qövm yaratmaq istəyənlərin planları idi. Çox şükür, məhz bu kimi niyyətlər ifşa edilməkdədir və proses davamlı xarakter daşımalıdır. Proses ona görə davamlı olmalıdır ki, ölkənin siyasi industriyası özünüsağlamlaşdırma immunitetini qorusun, bu industriyada “5-ci kolon” təmsilçilərinə meydan tanınmasın.

Bəli, müxtəlif imitasiyalara baş vuraraq kimlərinsə, hansısa kənar qüvvələrinsə buyruğunu yerinə yetirən “kardinallar” Azərbaycan adlı məmləkətdə heç bir məkrli məqsədlərinə, dövlətimizi sarsıtmaq yönümlü istəklərinə nail ola bilməyəcəklərini anlamalıdırlar. Nəinki anlamalı, eyni zamanda, tam dərk etməlidirlər ki, təxribat və nifaq, bölücülük və dağıdıcılıq kimi yaramaz cəhdləri fayda verməyəcək. O kardinalların bozluqları özlərinə qalacaq.

Nəhayət, bütün dünya bilməlidir ki, Azərbaycan dövləti silah gücünə olduğu kimi, ideoloji müstəvidə də özünün təhlükəsizliyini təmin etmək iqtidarındadır. İdeoloji təhlükəsizlik həssas məsələdir. Bu həssaslıqda hakimiyyət uğrunda mübarizə ilə dövlətə xəyanətin bir-birindən tam ayrı seqmentləri var. Bu mühitdə plüralist fikir özündə cəmiyyətə fayda kimi əsaslandırılmış motiv daşımalıdır, dövlətə qarşı demarş xüsusiyyətini yox!

Ölkəmizdə təkcə antimilli qüvvələrə deyil, ümumən antimilli düşüncəyə yer olmamalıdır. Çünki qazandığımız uğur və nailiyyətlər əldən verilə bilməz. Heç bir qüvvə xalqımızı təcrübə dovşanı kimi təsəvvürə gətirib Cənubi Qafqaz siyasi platformasındakı yüksək mövcudiyyət dəyərimizi sarsıtmamalı, hətta buna cəhdə belə cəsarət göstərməməlidir.

Söz və ifadə, sərbəst toplaşmaq azadlığı adı altında manipulyativ gedişlər sıradan çıxarılmalı, belə gedişləri planlayanların müxtəlif sosial şəbəkələr vasitəsilə cəmiyyətimizdə bölücülük yaratmaq istəkləri faş olunmalıdır və olunacaq. Bütün bunlar müstəqilliyimizin və suverenliyimizin ideoloji fazada da möhkəm struktura sahiblənməsi baxımından son dərəcə vacibdir.

Ona görə vacibdir ki, əvvəldə haqqında söz açdığımız qloballaşmanın iflası fonunda maskaların yırtılmasının ağır nəticələri ilə üzləşməyək. Biz müstəqilliyimizin ilk illərində uğursuzluğa düçar olmuş xalq kimi çörək növbələrinə düzüldük və üzüldük. Kimsə, heç bir qüvvə qalib xalqı su növbəsində dayanmağa məcbur edə bilməz və bilməyəcək!”

Xatırladaq ki, 2025-ci il oktyabrın 14-də ölkə mediasında Ramiz Mehdiyevin ağır cinayətlərdə (hakimiyyəti zorla ələ keçirmə cəhdi, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) ittiham edildiyi haqda xəbər yayılıb. İstintaqı Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı, Ramiz Mehdiyev barəsində Səbail Rayon Məhkəməsinin 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçdiyi bəyan olunub. Bu xəbərlər yayılandan az sonra - oktyabrın 18-də ölkə mediasında Ramiz Mehdiyevin 2019-cu ilin payızından üzvü olduğu Təhlükəsizlik Şurasından çıxarıldığı haqda da informasiyalar dərc edilib.

Ramiz Ənvər oğlu Mehdiyev 1938-ci il aprelin 17-də Bakı şəhərində doğulub. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və Moskva Dövlət Universitetinin fəlsəfə fakültəsinin aspiranturasını bitirib. Fəlsəfə elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvüdür.

“Xəzərdənizneft” İdarəsində çalışıb, Azərbaycan Dövlət Universitetinin müəllimi olub. 1965-ci ildən Azərbaycanın mərkəzi komsomol təşkilatında təlimatçı, 1967-ci ildən Naxçıvan Muxtar Respublikasının komsomol təşkilatında ikinci katib olub. 1974-1978-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifələrdə işləyib. 1978-1980-ci illərdə 26 Bakı Komissarı Rayon Partiya Komitəsinin birinci katibi olub. 1980-ci ildən Azərbaycan KP MK-nın şöbə müdiri, 1983-cü ildən katibi postlarında çalışıb. 1988-1994-cü illərdə Azərbaycan Elmlər Akademiyasının İctimai-Siyasi Tədqiqatlar və İnformasiya İnstitutunun şöbə müdiri olub.

1994-cü ildən Prezidentin İcra Aparatının ümumi şöbəsinə müdirlik edib, 1995-ci ildən 2019-cu il oktyabrın 23-dək Prezident Administrasiyasının (2009-cu ilədək Prezidentin İcra Aparatı adlanıb) rəhbəri, 2019-cu il oktyabrın 23-dən 2022-ci il fevralın 19-dək Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.

Medianews.az

Bizə qoşulun