Medianews.az
Ramiz Mehdiyev haqda məlumatlar niyə qeyri-rəsmi elan olunur?
1,210 baxış

Ramiz Mehdiyev haqda məlumatlar niyə qeyri-rəsmi elan olunur?

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev haqqında cinayət işi başlanıb, o, ev dustaqlığına alınıb. Bundan başqa, Ramiz Mehdiyev Təhlkəsizlik Şurasının üzvlüyündən də çıxarılıb. Lakin bu barədə məlumatlar hələ də rəsmi şəkildə açıqlanmayıb. Məlumatlar yalnız qeyri-rəsmi formada - mətbuatda yayılır. Ramiz Mehdiyev haqqında rəsmi məlumatlar niyə qeyri-rəsmi elan olunur?

Medianews.az-ın sualını cavablandıran Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin müdiri Əziz Əlibəyli bildirib ki, Ramiz Mehdiyev barəsində dövlətə xəyanət və digər ittihamlar üzrə cinayət işinin başlandığı artıq hər kəsə bəllidir: “Nəzərə alaq ki, hazırda istintaq hərəkətləri aparılır. İstintaqa zərər verə biləcək informasiyaların müfəssəl şəkildə yayılması isə məsləhət deyil. Təqsirləndirilən, məsuliyyət daşıyan bəzi şəxslər fəaliyyətdə, hətta vəzifədə də ola bilər. Şəbəkənin ifşa edilməsi üçün istintaqın zamana, bütün detalların ətraflı araşdırılmasına ehtiyac var. Bax, prosesə belə yanaşdıqda hazırkı vəziyyətdən doğan zərurətləri görə bilərik".

Xatırladaq ki, oktyabrın 14-də ölkə mediasında Ramiz Mehdiyevin ağır cinayətlərdə (hakimiyyəti zorla ələ keçirmə cəhdi, dövlətə xəyanət və cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) ittiham edildiyi haqda xəbər yayılıb. İstintaqı Dövlət Təhlükəsizliyi Xidmətinin apardığı, Ramiz Mehdiyev barəsində Səbail Rayon Məhkəməsinin 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçdiyi bəyan olunub. Oktyabrın 18-də KİV-də Ramiz Mehdiyevin Təhlükəsizlik Şurasının üzvlüyündən çıxarıldığı haqda da məlumatlar dərc edilib.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun