Moldovanın hakim Hərəkət və Həmrəylik Partiyasının lideri İqor Qrosu yenidən parlament sədri seçilib. Səsvermə oktyabrın 22-də keçirilib.
Medianews.az xəbər verir ki, 1972-ci il təvəllüdlü İqor Qrosu qanunverici orqana 2021-ci il iyulun 29-dan spikerlik edib.
Sentyabrın 28-də seçilmiş yeni parlamentin ilk iclasında fraksiyalar da formalaşıb: prezident Mayya Sanduya bağlı Hərəkət və Həmrəylik Partiyası 101 yerlik qanunverici orqanda 55, Sosialist Partiyası 17, Kommunist Partiyası və Alternativ bloku hərəyə 8, Bizim Partiya və Evdə Demokratiya Partiyası hərəyə 6 mandatla təmsil olunur, 1 nəfər fraksiyasızıdır.
Ölkədə hökuməti qanunverici orqanda mandatların yarıdan çoxuna sahib olan partiya formalaşdırır. 2023-cü il fevralın 16-dan Hərəkət və Həmrəylik Partiyasının dəstəklədiyi Dorin Reçan baş nazirdir. Onu Aleksandru Muntyanunun əvəz etməsi gözlənir.
Hərəkət və Həmrəylik Partiyası Moldovanın Qərbə sıx inteqrasiyasına tərəfdardır. Mayya Sandu 2020 və 2024-cü illərin ümumxalq seçkilərində prezident seçilib.
Toğrul Əli,
Medianews.az