Medianews.az
İslam respublikası ilə islam əmirliyinin müharibəsi
951 baxış

İslam respublikası ilə islam əmirliyinin müharibəsi

Pakistan İslam Respublikası ilə Əfqanıstan İslam Əmirliyi arasında hərbi toqquşma iri miqyaslı müharibəyə çevrilmək ərəfəsindədir. Pakistanda urdu dilində yayımlanan Samma Televiziyasının məlumatına görə, Pakistan hərbi hava qüvvələri Əfqanıstanın paytaxtı Kabilə raket zərbəsi endirib. Bundan başqa, məlumatda qeyd edilir ki, Pakistan ordusu Qəndəhar əyalətində “Taliban”ın əsas sığınacaqlarına güclü zərbələr endirib, 4-cü batalyonu və 6-cı sərhəd briqadasını “uğurla məhv edib”. Telekanalın mənbələrinə görə, “Taliban”ın itkiləri 200-ü keçib.

Münaqişənin başlanmasına görə tərəflər biri-birini ittiham edir. Əfqanıstanda islam respublikasını ləğv edib, yerində islam əmirliyi elan edən “Taliban” hərəkatının təmsilçiləri iddia edir ki, ilk olaraq Pakistan qüvvələri hücuma başlayıb. Əfqanıstan qüvvələri buna cavab olaraq “çoxlu sayda Pakistan əsgərini” öldürüb, onların postlarını və hərbi texnikasını ələ keçirib. Pakistan hakimiyyəti isə öz növbəsində münaqişədə “Taliban”ı günahlandırır. İslamabadın iddiasına görə, iki ölkə arasında son gərginlik oktyabrın 9-da “Taliban”a bağlı “Təhrik-e-Taliban Pakistan” təşkilatının üzvlərinin sərhəddəki Kurram bölgəsində hərbi karvana hücumundan sonra başlayıb.

“Təhrik-e-Taliban Pakistan” təşkilatı Əfqanıstanda olduğu kimi Pakistanda da islam respublikasını ortadan qaldırıb islam əmirliyi yaratmağa çalışır. Qurana istinad edən islamçılar respublika quruluşunun islam dininə zidd olduğunu, hakimiyyətin xalqa deyil, Allaha məxsus olduğunu bəyan edirlər. Ona görə də islam respublikasını da şəriətə zidd quruluş hesab edirlər.

İkinci Qarabağ Müharibəsindən sonra siyasi islamın Azərbaycana ixracı güclənib. Buna görə Azərbaycanın Pakistan və Türkiyə də daxil olmaqla islam ölkələrindən ixrac edilən siyasi islamın qarşısını sərt şəkildə almağın zəruri olduğu qənaətindyəm.

Xaqani Cəfərli,
politoloq

Bizə qoşulun