Medianews.az
“İlham Əliyevin müsahibəsi Rusiyanı şoka salıb, Rusiyada aləm dəyib bir-birinə”
2,661 baxış

“İlham Əliyevin müsahibəsi Rusiyanı şoka salıb, Rusiyada aləm dəyib bir-birinə”

“Rusiya mediası, Rusiyanın teleqram kanalları şokdadır, aləm dəyib bir-birinə”. Azərbaycan İnternet Forumunun rəhbəri, Multimedia Mərkəzinin direktoru Osman Gündüz Medianews.az-a açıqlamasında belə deyib.

O bildirib ki, Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində 1920-ci ildə Rusiya ordusunun Azərbaycanı işğal etməsi barədə söylədiyi fikirlər Rusiyanın ictimai-siyasi mühitində sanki 9 ballıq zəlzələ effekti yaradıb: “Xatırladım ki, hələ ötən ay Prezidentin Xankəndidə ukraynalı jurnalist Dmitri Qordona “Heç vaxt işğalla barışmayın” deməsi də Rusiyada aydın səmada göy gurultusu kimi qarşılanmışdı.

Artıq görünür ki, Azərbaycan Prezidentinin ardıcıl və açıq mesajları Rusiyanın siyasi və media elitasını ciddi silkələyir. Amma təəssüf ki, müzakirələrdən göründüyü kimi, çoxları hələ də yeni reallıqların – torpaqlarını işğaldan azad etmiş Azərbaycan reallıqlarının, regionda yeni yaranmış reallıqların, eləcə də Rusiya tərəfindən vurulmuş Azərbaycan təyyarəsinin doğurduğu nəticələrin fərqində deyil”.

Qeyd edək ki, Prezident İlham Əliyevin Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsi avqustun 26-da yayımlanıb. Müsahibədə dövlət başçısı “Tramp marşrutu”-Zəngəzur dəhlizi ilə bağlı sualı da cavablandırıb.

Medianews.az müsahibənin həmin hissəsini təqdim edir:

Müxbir: Cənab Prezident, əldə edilən bu razılaşmadan irəli gələn əsas məsələlərdən biri də Azərbaycanın arzusu olan və ya bəzilərinin “Tramp marşrutu” adlandırdıqları Zəngəzur dəhlizinin reallaşmasıdır. Mənim sualım belədir: “Necə oldu ki, “Tramp marşrutu” ideyası ortaya çıxdı? Həmin marşrut Azərbaycana hansı mərhələləri vəd edir? Bu isə təbii ki, Sizin dəstəyinizlə baş tutacaq. Bu keçid Azərbaycanla Avropa arasında mühüm strateji rol oynayacaqmı?”.

Prezident İlham Əliyev: Bu suala cavab vermək üçün bir qədər tarixə nəzər salmalıyam və tamaşaçılara izah etməliyəm ki, necə oldu Azərbaycan iki yerə bölündü. Bu, Azərbaycanın sovetləşməsinin ilk aylarında baş verdi. 1917-ci ildə Rusiya imperiyası süqut etdikdən sonra Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Bu, 1918-ci ilin mayında qurulan, müsəlman dünyasında ilk demokratik respublika idi. Lakin o, yalnız 1920-ci ilin aprel ayınadək mövcud oldu – həmin vaxt Rusiyanın ordusu Azərbaycana daxil olaraq onu işğal etdi. 1917-ci ildə inqilab edən bolşeviklər xalqa yalan vədlər verirdilər. Şüarlar var idi: “zavodlar fəhlələrə, torpaq kəndlilərə, xalqlara azadlıq”. Biz öz dövlətimizi qurduq, amma bolşeviklər bu dövləti əlimizdən aldılar. 1920-ci ilin aprelində rus ordusu Azərbaycana daxil olub onu işğal etdi. Cəmi bir neçə ay sonra - həmin ilin noyabrında sovet Rusiyası hökuməti qərar qəbul etdi ki, Zəngəzuru – bizim “Qərbi Zəngəzur” adlandırdığımız ərazini Azərbaycandan alıb Ermənistana versin. Bununla da Azərbaycan iki yerə bölündü: əsas hissə və Naxçıvan. Qərbi Zəngəzur isə onların arasında qaldı.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun