Medianews.az
Dünya jandarmı qayıdır? -
905 baxış

Dünya jandarmı qayıdır? - AÇIQLAMA

HƏMAS-ın Qəzzada xəyanətkar saydığı insanları öldürməsini şərh edən ABŞ Prezidenti Donald Tramp deyib ki, HƏMAS Qəzzada insanları öldürməyi dayandırmasa, bizim də gedib onları öldürməkdən başqa yolumuz qalmayacaq.

Məsələ ilə bağlı Medianews.az-a açıqlma verən politoloq Xaqani Cəfərli deyib ki, dünya jandarmı yenidən qayıda biləcəyini nümayiş etdirməyə başlayıb: “Sovet İttifaqının dağılmasından sonra, Corc Buş (ata) dönəmindən etibarən ABŞ dünaya jandarmı rolundan imtina etməyə başladı. Bu proses Trampın birinci prezidentlik dönəmində də, ondan sonra Baydenin hakimiyyəti zamanı da davam etdi. Hətta Tramp 2018-ci ildə ABŞ-ın dünya jandarmı olmayacağını, bu yükün tamamilə ABŞ-ın üzərinə düşməsinin ədalətslik olduğunu bəyan etmişdi.

Bu səhvlərin nəticəsi olaraq Rusiya, İran və Çin kimi ölkələr özlərindən zəiflər üçün təhdidə çevrildilər. Corc Buşla başlayan səhv siyasətin nəticəsi olaraq məzhəb fərqinə və ümumiyyətlə fərqli dini görüşə malik olanları öldürmək hüquqana malik olduğunu düşünən, bunu həyata keçirən və özlərini Allahın yerdəki ordusu, nəzarəticisi hesab edən xəstə insan sürüləri meydana çıxdı. Halbuki ABŞ Franklin Ruzveltlə başlayan dünya jandarma missiyasını davam etdirsəydi, Rusiya, İran və Çin kiçik ölkələr üçün təhdid mənbəyinə çevrilə bilməz, özlərini Allahın ordusu, nəzarətçisi hesab edənlər regional təhlükəyə çevrilə bilməzdilər”.

X.Cəfərlinin fikrincə, hər bir cəmiyyətdə asayişi təmin etmək üçün polisə (jandarma) ehtiyac olduğu kimi, dünyada sülhü və sabitliyi təmin etmək üçün dünya jandarmına ehtiyac var: “Toplumlar polissiz yaşaya bilmədiyi kimi, dövlətlər də dünya jandarma olmadan dinc yanaşı yaşaya bilmirlər”.

Politoloq qeyd edib ki, ABŞ hələlik dünya jandarmı missiyasını bərpa etməyib: “Lakin Donald Trampın Rusiya, Çin, İran və HƏMAS-a qarşı ritorikasını bir qədər sərtləşdirməsi yetərli olub ki, siyasi liderlər özlərini məhəllə qoçusu kimi deyil, dövlət başçısı kimi aparmağa başlasınlar. Aydın görünür ki, bəşər övladı polisin qorxusu olmadan harmoniya içərisində yaşayacaq səviyyədə kamilləşməyib. Dövlətlər də dünya jandarmı olmadan dinc yanaaşı yaşaya bilmirlər. Acıdır, amma gerçəklik belədir”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun