Sentyabrın 29-da 49 yaşında vəfat edən Əməkdar artist Cabir İmanovun fotoşəklinin də yer aldığı, “Slavyanskoye” süd məhsullarının reklam olunduğu lövhələr Bakı Metropoliteninin stansiyalarında hələ də qalır. Metropoliten həmin reklam lövhələrini yığışdırmağı planlaşdırırmı?

Medianews.az-ın sorğusuna cavab olaraq “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib ki, “Slavyanskoye” şirkəti ilə bağlanmış rəsmi müqaviləyə əsasən, reklam yayımı müqavilə şərtlərinə uyğun qaydada həyata keçirilir.
Saytın sorğusuna cavabda daha sonra vurğulanıb ki, “Bakı Metropoliteni” QSC sözügedən müqavilənin tərəfi olmadığından, reklam yayımı prosesinə müdaxilə etmək səlahiyyətinə malik deyil.
Medianews.az qeyd edir ki, bəziləri bir insanın sağlığında çəkildiyi reklamın onun ölümündən sonra da nümayiş olunmasını etik baxımdan düzgün saymır və belə reklamların dayandırılmasının daha məqbul olduğunu düşünür.

Hüquqşünas Əkrəm Həsənov da Medianews.az-a deyib ki, hazırkı situasiyada, yəni Cabir İmanovun fotoşəklinin yer aldığı reklam lövhələrinin yerində qalmasında hüquqi cəhətdən hər hansı pozuntu yoxdur: “Reklamın davam etdirilməsinin etik cəhətdən uyğun olub-olmadığını kimlərsə mübahisələndirə bilər, amma hüquqi baxımdan müqavilə şərtləri, öhdəlikləri pozulmayıbsa, deməli, hər hansı qanunsuzluq yoxdur. Müqavilə şərtləri pozulduqda mərhumun varisləri hüquqların müdafiəsi məsələsini qaldıra bilərlər. Şərtlər, öhdəliklər pozulmadıqda isə müqavilə nəzərdə tutulmuş müddətin sonunadək qüvvədədir. Ümumən götürdükdə dünyasını dəyişmiş insanın fotoşəklindən reklamda istifadə edilməsi hallarına dünya praktikasında rast gəlinir. Daha çox siyasi reklamlarda bunu müşahidə etmək olur. Reklama çəkilən insan müqavilə müddəti bitməmiş dünyasını dəyişibsə, amma müqavilə şərtlərində hər hansı pozuntu qeydə alınmayıbsa, tərəflər zamanında öhdəliklərini yerinə yetiribsə, məsələn, reklama çəkilənin zəhmət haqqı vaxtında verilibsə, onda həmin reklamın dayandırılmasına yalnız etik motivlərlə baxıla bilər, hüquqi cəhətdən isə burada hər hansı problem yoxdur”.
Nailə Qasımova,
Medianews.az