Medianews.az
Bu arayışın elektron əldə olunması tam avtomatlaşdırıldı -
150 baxış

Bu arayışın elektron əldə olunması tam avtomatlaşdırıldı - VİDEO

Vətəndaş məmnunluğunun təmin edilməsi, göstərilən xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və vaxt itkisinə yol verilməməsi məqsədilə Daxili İşlər Nazirliyi təqdim etdiyi elektron xidmətləri daim təkmilləşdirir.

Medianews.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

Qeyd edilib ki, gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş Məhkumluq haqqında arayışın elektron əldə olunması prosesi tam avtomatlaşdırılıb. 

“Artıq “E-Polis” mobil tətbiqində və “e-xidmet.mia.gov.az” portalında “Məhkumluq haqqında arayış”ı elektron qaydada, cəmi bir neçə saniyə ərzində əldə etmək mümkündür.

Əvvəllər bu arayışı almaq üçün sənədlərin təqdim edilməsi, yoxlanılması və arayışın hazırlanması müəyyən vaxt tələb etdiyindən vətəndaşlar bir müddət növbədə gözləməli və dövlət orqanına getməli olurdular. Beləliklə indiyədək təqribən 1 günə alınan arayışın real vaxt rejimində və heç bir quruma yaxınlaşmadan alınması mümkündür.

Yeni imkan sayəsində fiziki növbələr aradan qalxır, vaxt itkisi minimuma enir, xidmətin operativliyi və şəffaflığı artır. Eyni zamanda dövlət orqanları arasında məlumat mübadiləsi daha da sürətlənir, sənədlərin fiziki daşınmasına və arxivləşdirməyə ehtiyac qalmır”, - DİN-dən bildirilib.

Bizə qoşulun