Azərbaycanın yeganə regional mobil operatoru olan “Naxtel” fəaliyyətini dayandırır.
Naxçıvan Muxtar Respublikasında yerləşən “Naxtel” MMC artıq abunəçilərinə xəbərdarlıq edib, dekabr ayınadək telekommunikasiya xidmətlərini tam dayandıracağını bildirib, abunəçilərə hazırda istifadələrində olan nömrələrin onların adlarında saxlanması və mobil rabitə xidmətlərindən yararlanmağa davam edə bilmələri üçün qarşıdakı üç ay ərzində ölkədə fəaliyyət göstərən digər mobil rabitə operatorlarına müraciət etmələrini məsləhət görüb.
2015-ci ildə yaradılmış “Naxtel” 4-cü nəsil GSM + LTE operatorudur. Naxçıvan Muxtar Respublikasının bütün yaşayış məntəqələrini əhatə edən “Naxtel”in 130 baza stansiyası var.
Beləliklə, “Naxtel” abunəçiləri üç ay ərzində digər mobil rabitə operatorlarına, yəni ya “Azercell”ə, ya “Bakcell”ə, ya da “Nar”a müraciət etməlidirlər.
Bəs “Naxtel”in nə qədər abunəçisi var?
Medianews.az saytı suala cavab tapmaq üçün şirkətin Çağrı Mərkəzinə müraciət edib. Lakin suala cavab verilməyib.
Sayt “Naxtel” abunəçilərinin sayını, həmçinin şirkətin bağlanmasının nə ilə əlaqədar olduğunu öyrənmək üçün Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə sorğu göndərib. Sorğuya cavab olaraq bildirilib ki, “Naxtel” MMC Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində deyil və fəaliyyətini müstəqil əsaslarla həyata keçirir: “Bu səbəbdən informasiya sorğusu nazirliyin səlahiyyətlərinə aid olmadığından “Naxtel” MMC-yə müraciət edilməsi tövsiyə olunur”.
Təəssüf ki, Medianews.az-ın “Naxtel” MMC-nin elektron poçt ünvanına (info@naxtel.az) göndərdiyi informasiya sorğusu da cavabsız qalıb.
Beləliklə, Azərbaycanın dörd mobil rabitə operatorundan biri, ölkənin yeganə regional mobil operatoru bağlanır, amma niyə bağlandığı bilinmir. Hətta “Naxtel” abunəçilərinin, yəni hazırda problemlə üzləşmiş abunəçilərin sayı da mediaya açıqlanmır.
İnternet resurslarında “Naxtel” abunəçilərinin sayı haqda yalnız altı il əvvəlin məlumatına rast gəlmək mümkündür. 2019-cu ilin fevralında yayılmış həmin məlumatda “Naxtel”in qeydiyyatdan keçən abunəçi sayının 65 mini ötdüyü bildirilib.
Nailə Qasımova,
Medianews.az