Medianews.az
Prezidentin məmurlara elan etdiyi töhmətin müddəti varmı?
2,698 baxış

Prezidentin məmurlara elan etdiyi töhmətin müddəti varmı?

Rəsmən açıqlanmış sənədlərə görə, Prezident İlham Əliyev 2017-ci ildən başlayaraq yüksək rütbəli 8 məmura töhmət və ya şiddətli töhmət verib: prezidentin işlər müdirinə, İsmayıllı, Füzuli, Yevlax rayonlarının icra başçılarına töhmət; “Azərenerji”nin prezidentinə, “Azərbaycan Televiziya və Radio Verilişləri”nin sədrinə, Dövlət Turizm Agentliyinin sədrinə və Ağdaş rayonunun icra başçısına şiddətli töhmət.

Töhmət və şiddətli töhmət intizam tənbehidir. Əmək Məcəlləsi intizam tənbehinə müddət qoyur, həmin müddət başa çatanda intizam tənbehi qüvvədən düşmüş hesab edilir. Məcəllənin 190-cı maddəsində göstərilir ki, intizam tənbehi verilən gündən altı ay müddətində qüvvədə olur.

Məsələn, 2025-ci il martın 4-də Prezident İlham Əliyev Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə şiddətli töhmət elan edilməsi haqqında sərəncam imzalayıb. Əmək Məcəlləsinin 190-cı maddəsinə istinad etsək, Fuad Nağıyevə tətbiq olunmuş intizam tənbehinin - şiddətli töhmətin qüvvədə olma müddəti baş çatıb.

Lakin o biri yandan “Dövlət qulluğu haqqında” qanunun 25-ci maddəsi var. Həmin maddədə intizam tənbehinin - töhmətin müddəti, yəni qüvvədən düşməsi tarixi göstərilməyib.

Dövlət qulluqçusuna töhmət verilərkən Əmək Məcəlləsi əsas götürülür, ya “Dövlət qulluğu haqqında” qanun?

Medianews.az saytı bu sualla hüquqşünas Əkrəm Həsənova müraciət edib.

Ə.Həsənov bildirib ki, dövlət qulluqçusuna ilk növbədə “Dövlət qulluğu haqqında” qanun tətbiq edilir: “Əmək Məcəlləsi isə dövlət qulluğunda çalışan şəxslərə o halda tətbiq edilir ki, “Dövlət qulluğu haqqında” qanunda bu haqda müvafiq müddəa olmasın.

Əslində verdiyiniz sual araşdırma üçün açıq bir sualdır. Bəli, dövlət qulluqçusuna töhmət “Dövlət qulluğu haqqında” qanuna əsasən verilir. Həmin qanunda isə töhmətin qüvvədən düşmə tarixi haqda müddəa, yəni töhmətin müddəti yoxdur. Ona görə doğrudan da sual yaranır: bu halda dövlət qulluqçusuna Əmək Məcəlləsi tətbiq olunur, ya yox? Çünki dövlət qulluqçusu üçün töhmətin müddəti nəzərdə tutulsaydı, məntiqlə bu, birbaşa “Dövlət qulluğu haqqında” qanunda da göstərilə bilərdi.

Amma onu da deyim ki, praktiki cəhətdən bunun ölkə rəhbərindən töhmət və ya şiddətli töhmət almış məmurlara münasibətdə prinsipial bir fərqi yoxdur. Onların aldığı töhmətin hansısa müddət ərzində qüvvədə olub-olmaması onsuz da heç nəyi dəyişmir. Vəzifəyə təyin etdiyi dövlət qulluqçusunu Prezident istədiyi vaxt vəzifədən azad edə bilər. Dövlət başçısının bəzi məmurlara töhmət elan etməsi əslində sanksiyadan, cəzadan çox bir lütfdür, məmurlar üçün şansdır. Prezident sanki bununla deyir ki, əslində işdən çıxara da bilərdim, amma çıxarmıram, şans verirəm, get işində yol verdiyin nöqsanları aradan qaldır”.

Nailə Qasımova,
Medianews.az

Bizə qoşulun