Medianews.az
Cəmil Həsənli yenidən DTX-yə çağırıldı
254 baxış

Cəmil Həsənli yenidən DTX-yə çağırıldı

Demokratik Qüvvələrin Milli Şurasının sədri, professor Cəmil Həsənli yenidən Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb.

Medianews.az bildirir ki, xəbəri Cəmil Həsənli özünün feysbuk səhifəsində yayıb.

O, “Ramiz Mehdiyev işi” üzrə axtarışa verilmiş, xeyli vaxtdır Rusiyada yaşayan baş nazirin sabiq birinci müavini Abbas Abbasovla bağlı dindiriləcəyini güman etdiyini vurğulayıb.

Cəmil Həsənli iddia edib ki, Abbas Abbasov nə Azərbaycanda işləyəndə, nə də Rusiyaya köçəndən sonra onunla heç bir əlaqəsi, görüşü olmayıb.

Cəmil Həsənli noyabrın 30-da da DTX-də dindirlmiş və ifadəsi alınandan sonra sərbəst buraxılmışdı.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində başlanan cinayət işinin istintaqı çərçivəsində indiyədək üç nəfər həbs olunub: AXCP sədri Əli Kərimli, onun müşaviri Məmməd İbrahim, “Hürriyyət” qəzetinin, Hurriyyet.az saytının və “Hurriyyet TV”nin baş redaktoru Vüqar Məmmədov (Tofiqoğlu).

Cinayət Məcəlləsinin 278.1, 274 və 193-1.3.2-ci maddələri ilə təqsirləndirilən Ramiz Mehdiyev ev dustaqlığındadır. Əli Kərimli, Məmməd İbrahim, Vüqar Məmmədov barəsində həbs qətimkan tədbiri seçilib. Onların həbs müddəti Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ilə eyni gündə - 2026-cı il fevralın 13-də başa çatacaq.

Əli Kərimli və Məmməd İbrahim Cinayət Məcəlləsinin 278.1-ci, Vüqar Məmmədov 182.2.4-cü maddəsi ilə təqsirləndirilir.

İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti (DTX) aparır. Həbs edilənlər DTX-nin istintaq təcridxanasında saxlanılırlar.

Baş nazirin sabiq birinci müavini Abbas Abbasov Ramiz Mehdiyevə açılmış cinayət işinin istintaqı çərçivəsində bu həftə axtarışa verilib.

Medianews.az

Bizə qoşulun