Medianews.az
Paşinyan seçkini irəli çəkə bilər
877 baxış

Paşinyan seçkini irəli çəkə bilər

“Ermənistanın Baş naziri Nikol Paşinyan gələn ilin əvvəlində növbədənkənar parlament seçkisinə gedə bilər". Siyasi ekspert Məhəmməd Əsədullazadə Medianews.az-a açıqlamasında belə deyib.

M.Əsədullazadə vurğulayıb ki, parlament seçkisi irəli çəkilməsə, vaxtında, yəni yayda keçirilsə, konstitusiya referendumu 2026-cı ilin sonuna, Azərbaycanla yekun sülh sazişinin imzalanması isə 2027-ci ilə qala bilər: “Sülh müqaviləsinin gecikməsi yeni təhdidlərin ortaya çıxmasına gətirib çıxara bilər. Bəlli olduğu kimi, Rusiya və İran prosesi pozmağa çalışır.

Ekspert xatırladıb ki, Nikol Paşinyan ötən həftə hakim Vətəndaş Sazişi Partiyasının qurultayını keçirib: “Partiya yerli təşkilatlarını seçkilərə hazırlayır, gücləndirir. Baş nazir regionlara səfərlər edir. Növbədənkənar seçki üçün tam hazır siyasi vəziyyət yetişib.

Növbədənkənar seçki olarsa və konstitusiya referendumu 2026-ci ilin ilk yarısında baş tutarsa, Nikol Paşinyanın siyasi mövqeyi güclənə, Rusiyanın Ermənistana təzyiqləri neytrallaşa bilər. Hazırda Türkiyə bu kontekstdə Ermənistanla konfidensial danışıqlar aparır. ABŞ da yekun sülh müqaviləsinin gələn il bağlanmasında maraqlıdır.

Ermənistanda bu ilin axırına kimi yeni konstitusiya mətni hazırlanacaq. Geosiyasi proseslər və beynəlxalq situasiya gələn ilin yayında sülh müqaviləsinin bağlanmasını tələb edir. Ermənistanın Baş naziri siyasi iradə göstərib, baş verənləri düzgün və praqmatik qiymətləndirsə, yekun sülh müqaviləsi bu ölkənin lehinə olacaq. Paşinyan Ermənistanda "4-cü respublika" elan edir. Bunun üçün isə yekun sülh müqaviləsi mütləqdir”.

Nikol Paşinyan baş nazir kürsüsünə 2018-ci il mayın 8-də dinc inqilabın lideri kimi oturub. 2018-ci il dekabrın 9-da keçirilmiş parlament seçkisini onun “Mənim addımım” bloku, 2021-ci il iyunun 20-də keçirilmiş parlament seçkisini sədrlik etdiyi Vətəndaş Sazişi Partiyası udaraq hökumət qurub.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun