2025-ci il yanvarın 20-dən ABŞ-da prezident postunu Donald Tramp, vitse-prezident postunu Ceyms Devid (Cey Di) Vens tutur. Onlar Respublikaçılar Partiyasının üzvüdür.
Medianews.az bildirir ki, respublikaçılar parlamentdə – Konqresdə də üstün mövqedədir.
435 nəfərlik aşağı palatanın – Nümayəndələr Palatasının hazırda 432 üzvü var: 219 konqresmen respublikaçıları, 213 konqresmen demokratları təmsil edir.
100 nəfərlik yuxarı palatada – Senatda respublikaçılar 53 senator, demokratlar 47 senatorla təmsil olunur.
İki ildən bir Nümayəndələr Palatasına bütünlüklə, Senatın isə üçdə bir hissəsinə seçkilər keçirilir.
50 ştat və 1 federal dairədən ibarət ABŞ-da paytaxt Vaşinqtonun yerləşdiyi Kolumbiya dairəsinin Konqresdə təmsilçiliyi yoxdur.
Nümayəndələr Palatasında ştatların təmsilçiliyi əhalinin sayına bağlıdır. Qurumun spikeri prezident və vitse-prezidentdən sonra üçüncü ali vəzifəli şəxs sayılır. Hazırda respublikaçı Mayk Conson spikerdir.
Senata hər ştatdan iki nəfər seçilir. Vitse-prezident Senatın sədri sayılır, ancaq səsverməyə yalnız səslər tən bölünən hallarda qatıla bilir.
Respublikaçılar 27 ştatda, demokratlar 23 ştatda qubernatorluq edir.
Toğrul Əli,
Medianews.az