Qərbi Kaspi Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər fakültəsinin müəllimi Adıgözəl Məmmədovun beynəlxalq münasibətlər üzrə təhsil alan ali məktəb tələbələri üçün ingilis dilində “Psychogeopolitics (Impact of the psychological state of political leaders on international relationships)” (Siyasi liderlərin psixoloji statuslarının beynəlxalq münasibətlərə təsiri) adlı dərs vəsaiti çapdan çıxıb. Onun Səfəvilər donəmimizlə bağlı yazısını oxucuların ixtiyarına veririk.
Bu gün Azərbaycanımızın dünyada xüsusi yeri var və o, bir çox ölkələrin xarici siyasi kursuna və daxili siyasi tədbirlərinə təsir edə bilir, bir sıra dövlətlərə və onların iqtisadiyyatının inkişafında yardım göstərir. Bütün bunları Azərbaycanımızı sevməyən ölkələr də anlayır və bilir. Ona görə də hansısa yolla bölgədəki vəziyyəti dəyişmək istəyirlər. Son vaxtlar bu tendensiya daha çox ideoloji ekspansiyalar formasında həyata keçirilir. Bu, daha çox ictimai fikri formalaşdıran bəzi siyasət adamlarının çıxışları və onların tariximizi təhrif edən təbliğatları formasında özünü büruzə verir. Acınacaqlı hal odur ki, bu vəziyyətlə ədəbi məfkurəlikdə və incəsənət aləmində də tez-tez rastlaşırıq.
Azərbaycan türkləri ta qədimdən müəyyən intellektual və emosional keyfiyyətləri ilə fərqlənmiş, məhz bu qabiliyyətləri ilə də yeni ərazilərdə nəhəng dövlətlər ərsəyə gətirmişlər. Azərbaycan türkləri özləri üçün ictimai tərbiyə formasına çevrilən, çoxsaylı məziyyətlərə malik davranış normaları işləyib hazırlayırdılar. Türk hələ uşaqlıqdan dünya ilə ünsiyyət prinsiplərinin məcmusunu əxz edir, vaxt ötdükcə bunları həyati davranış normalarına çevirir və yaşa dolduqca bu dəyərlər refleks şəklində onun şüurunda möhkəmlənirdi. Nəticədə geneoloji olaraq beyin neyronlarında bütün toplananlar yeni nəsillərə ötürülürdü. Azərbaycan türklərinin dövlət təşkilatının hərbi-demokratik xarakteri bir sıra hallarda “mülki” və “hərbi” hakimiyyət bölgüsünə gətirib çıxarmışdı. Xalq bu cəmiyyətdə bütün işlərdə başlıca təsirə malik idi və çoxluğun razılığı olmadan heç bir iş görülmürdü. Bütün bunlarla bərabər, Azərbaycan türklərinin dövlətçilik ənənələrində dövlət başçısı mühüm qərarları cəmiyyətin demokratik təşkilinin vacib elementi olan məclislə məsləhətləşmələrdən sonra qəbul edirdi. Məsələn, Səfəvilərdən sonra hakimiyyəti ələ almış Nadir Şah 1736-cı ilin martında Muğana gəldi və Xalq Məclisi çağıraraq özünü yeni Əfşarlar imperiyasının banisi elan edib tacqoyma mərasimi keçirdi. (Yaqub M.Mahmudov, Kərim K.Şükürov. Azərbaycan beynəlxalq münasibətlər və diplomatiya tarixi, Dövlətlərarası müqavilələr və digər xarici siyasət aktları 1639-1828. Dörd cilddə. Birinci cild, Bakı 2009. səh 95).
Azərbaycan xalqının formalaşmasının mühüm mərhələlərindən biri XVI-XVII əsrlərdə Səfəvilər sülaləsindən olan ilk şahların hakimiyyəti dövrü olmuşdur. Həmin vaxtda qədim Azərbaycan etnosu onu digər qohum türk xalqlarından fərqləndirən yeni səciyyəvi milli xüsusiyyətlər qazanmışdır. Ümumiyyətlə, XVI əsrin əvvəlində regionda baş verən proseslərin bütün dolaşıqlıqlarını bilmədən təkcə bir dövlət başçısının fəaliyyətini tənqid etmək nə dərəcədə düzgündür?
Hər bir tarixi dövrün öz xüsusiyyətləri var, hər tarixi hadisə öz ilkin şərtlərinə malikdir və bunların birini digərindən ayırmaq olmaz. Əks təqdirdə, tədqiqatçı mütləq subyektivizmə uğrayacaq. Doğrudur, nəzərdən keçirilən sivilizasiyanın içərisində və ya ondan kənarda yer almasından asılı olmayaraq, hər bir müəllifdə hadisələrə özünəməxsus yanaşma tərzi əmələ gəlir. Bu və ya digər yekun nəticə ona daxili məntiqin gətirdiyi inandırıcılıq vektorlarının qarşılıqlı təsiri ilə izah oluna bilər. Amma tarixi hadisələrə bu günün nəzərləri ilə baxmaq olmaz. Osmanlı-Səfəvi qarşıdurması zamanı Şah İsmayılın şəxsi keyfiyyətlərindən qaynaqlanan xüsusiyyətləri ilə bərabər, dövrün geosiyasi vəziyyətinin baş verən bu siyasi hadisələrə təsiri də nəzərə alınmalıdır. Atası II Bəyazid həyatda ola-ola özündən böyük qardaşlarını öldürərək hakimiyyətə gələn üçüncü şahzadə - I Sultan Səlim isə ölkənin coğrafi cəhətdən genişlənməsini, babası Fateh Sultan Məhəmmədin yolunu davam etdirmək istəyirdi. Ancaq Şərqdə sürətlə güclənən Səfəvilər onun üçün təhlükəli görünürdü. Belə olan halda, I Səlim və I İsmayıl arasında münasibətlər çox kəskinləşdı. Əslində hər iki lider xilafətdən sonra möhtəşəm bir imperiya yaratmaq arzusundaydılar. Hər ikisi də müqəddəs şəhərlərə və ümumilikdə Ərəbistana sahib olmaq istəyirdi. Təsadüfi deyil ki, məhz Çaldıran savaşından sonra Osmanlı ordusu Misiri fəth etdi və çox keçməmiş Hicaz, sonra da Yəmən, Əl-İhsən və Ərəbistanın digər hissələrini ələ keçirdi. Məkkənin dəniz qapısı olan Ciddəyə, Misir, Hicaz və Əlcəzairin bir hissəsinə Sultan öz paşasını başçı təyin etdi (Cevdet. Ahmed. Tarih-i vekaiya devlet-i aliye. vol. 1-12. Istanbul. Hicri 1271-1292. 12 vols). XVI əsrdə qüdrətli Osmanlı donanması, demək olar, bütün Aralıq dənizi hövzəsinə nəzarət edirdi.
Xətai təxəllüsü götürmüş İsmayıl öz vaxtının tanınmış şairi idi, özündən sonra şeirlər toplusu (divan) qoyub getmişdir. Diqqətəlayiq cəhət həm də odur ki, Azərbaycan dili İsmayılın ana dili idi, onun və ailəsinin əsas dayağı Azərbaycan köçəriləri idi, onun sarayında azərbaycanca danışırdılar (Петрушевский И.П. В книге “Сборник статей по истории Азербайджана”. Стр. 242-243).”
Azərbaycan tarixən tayfa və xalqların hərəkatının mərkəzində olub. Azərbaycan dəfələrlə yadellilər tərəfindən təcavüz və işğala məruz qalıb. Azərbaycanı zəbt edənlər qılınc gücünə onun xalqına öz dillərini qəbul etdirməyə çalışıblar. Lakin onlar öz çirkin məqsədlərinə nail ola bilməyiblər. Azərbaycan xalqı öz milli mədəniyyətini, incəsənətini və öz dilində ədəbiyyatını yaradıb və inkişaf etdirib. Səfəvilər dönəmi isə dilimizin inkişafının və yayğınlaşmasının zirvə nöqtəsi olub. Amerikalı etnoqraf Eduard Holl yazır: “Milli yaddaş kostyum kimi geyinilib, soyunulacaq bir adət deyil. İnsan nə qədər çalışsa da, o öz milli yaddaşından və mədəniyyətindən imtina edə bilməz, çünki bu onun sinir sisteminin köklərinə hoparaq, onun dünyanı necə dərk etməsinə təsir göstərir. Milli mədəniyyətin böyük hissəsi şüura nəzarətin hüdudlarından kənarda gizli qalaraq, insan həyatının əsasını təşkil edir. Hətta milli mədəniyyətin gizli bir hissəsinin idraki mövcudiyyətin bir hissəsinə çevrilməsi halında belə, onları dəyişdirmək çətindir. Ona görə yox ki, onlar insanlar tərəfindən duyulub və yaranıb, ona görə ki, insanlar mədəniyyətdən başqa heç bir dərk edilmiş yolla fəaliyyət göstərə bilmirlər”.
Lakin bu gün keçmiş Səfəvi coğrafiyasında Azərbaycan dilinə qarşı hücumların şahidi oluruq. Amma bu qafillər bilmirlər ki, Səfəvilər dövləti müasir Azərbaycan dövlətçiliyinin geneoloji yaddaşıdır.
Məhz bu geneoloji yaddaş vasitəsi ilə Azərbaycan dili özünü həmişə qoruyub və bundan sonrada qoruyacaq, o yaşayır və yaşayacaq!
Adıgözəl Məmmədov