Medianews.az
Sonanın uşaqları
744 baxış

Sonanın uşaqları

“Qoqol, Allah sənə rəhmət eləsin!” (Mirzə Cəlil, “Qurbanəli bəy” hekayəsi) Dekabrın 3-də Neftçalanın Beşdəli kənd sakini, 125 yaşlı Sona Səmədovanın öldüyünü bizə xəbər verdilər. Neftçala Rayon İcra Hakimiyyətinin yaydığı xəbərin qəribə başlığı vardı: “Neftçalanın ən uzunömürlü sakini dünyasını dəyişdi”. Yeri gəlmişkən, insanlar ölərkən “dünyasını dəyişdi” ifadəsini işlətmək sırf dini-mistik yanaşmadır, mərhumların harasa başqa dünyaya keçdiklərini ifadə edir. Bəzi adamlar isə yaxınları haqda “öldü” sözünün yazılmasından inciyirlər. Guya “vəfat elədi”, “dünyasını dəyişdi” yazanda daha mədəni olurmuş. Ana dilimizə hörmətlə yanaşaq. Ölmək pis hadisədir, ancaq “ölmək” söz olaraq gözəldir, çünki ana dilimizdədir. Həmçinin hadisənin mahiyyətini dəqiq ifadə edən yeganə sözdür. Əlbəttə, yayılan xəbərin qəribəliyi dilçiliklə bağlı deyildi. Elə çıxırdı bu qadın yalnız Neftçalanın ən uzunömürlü sakiniymiş. Azərbaycanın başqa rayonlarında onun qədər, bəlkə ondan çox yaşayan adamlar dolaşırmış. Halbuki 1896-cı ildə doğulmuş insanın ölümü bəlkə dünya media qurumlarının manşetinə çıxmalıydı, çünki nəinki hazırda, heç tarix boyunca rəsmi, elmi şəkildə 125 il yaşayan adamın olması isbata yetirilməmişdir. Bu gün elmə məlum olan ən uzunömürlü adam fransalıdır. Janna Kalman adlı o qadın 1875-ci il fevralın 21-də doğulub, 1997-ci ilin 4 avqustunda isə ölüb. 122 il 164 gün yaşayıb. 2-ci yer 119 yaşında ölən amerikalı Sara Knauss-a, 3-cü yer isə hazırda 118 yaşında olan yaponiyalı Kane Tanaka-ya məxsusdur. Tanaka koronavirus əleyhinə peyvənd də olunub. Ümumiyyətlə, dünyanın ən uzunömürlüləri siyahısında yaponlar böyük çoxluqdadır. İlk onluqda azı 4 yapon var. Maraqlıdır ki, bütün dünyada uzunömürlülər arasında qadınlar kişilərə nisbətən qat-qat çoxdur. Janna Kalmanın isə hətta zərərli həyat tərzi keçirdiyi, siqaret çəkib şərab içdiyi, durmadan şokolad yediyi haqda rəvayətlər dolaşır. Statistik bilgiləri bitirib öz evimizə dönək və sual qoyaq: nə üçün neftçalalı Sona xanımın həyatı və ölümü dünyanın vecinə də olmadı? Axı öz aramızdır, 125 yaşa çatan başqası heç yoxdur. İndiki vurhavurda, araba yağıyla bişən yeməklər, stress, müharibə, düşük pensiya, bambılı oliqarxlar erasında o qədər yaşamaq hər oğulun-qızın işidir? Hətta mən Sona xanımın ölümünə dövlətin biganə münasibətini onun hökumətdən çoxlu pensiya qoparması ilə izah edərdim. Bunlar pensiya yaşını qaldırdıqca, Sona xala daha çox yaşayırdı. Nəticədə hökumət milyardlarla ziyana düşürdü. Zarafat deyil, əgər indiki pensiya yaşı qadınlarda 62 il 6 aydırsa (hökumət bunu hər il qaldırır və tezliklə 65 edəcəkdir), deməli, Sona xala 62 il 4 ay - bir pensiyaçının ömrü qədər pensiya almağı bacarmışdır! Halal xoşu olsun. Ancaq güman edirəm hökumət növbəti illərdə 100-dən çox yaşayanların pensiyasını hansısa üsullarla ləğv eləməyi düşünməlidir. Əlilliyin ləğvi işində çalışan yoldaşların bilik və bacarıqları bu işdə yararlı olar. Bəs dünya bizim rəsmi rəqəmlərə, dövlət mənbələrinin statistikasına niyə inanmır? Paxıllıqdan. Xəbislikdən. Azərbaycan həqiqətlərini görmək istəmirlər. Buna elə özümüz də, deyəsən, inanmırıq, əks halda, planetin ən uzunömürlü sakininin 125 yaşında ölməsi rayon icra hakimiyyətinin üç cümləlik informasiyası ilə “yola verilməzdi”. Bizdə bu cür analoqu olmayan, fantastik ömür statistikasının əsası hələ sovet dövründə qoyulmuşdu, məsələn, Lerik sakini Şirəli Müslümovun nə az, nə çox - düz 168 il yaşadığını elan etmişdilər. Dövlət statistika orqanları Şirəli müəllimi 1973-cü ildə “o biri dünyaya” məhz 168 yaşda yollamışdı. Rəhmətliyin yaşı sovet adamının kapitalist dünyası sakinlərindən yaxşı yaşadığının mühüm göstəricisi kimi hər 5 illik plan dövründə azı 20-25 il artırılırdı. Pambıq planı doldurmaq kimi bir şey idi.

Bizə qoşulun