Yaxud, indi olmasın, bizim belə prezidentimiz olub
Bugünlərdə 20 noyabr vertolyot terrorunun (1991-ci il) növbəti ildönümündə “Yeni Müsavat” o vaxtkı prezident Ayaz Mütəllibovdan intervü almışdı. Heç kəsə sirr deyil ki, Qarabağın Qarakənd obası yaxınlığında vurulan o vertolyotda “Mütəllibovun komandası” adlandırılan siyasi elita az qala tam məhv edilmişdi. Baş prokuror, dövlət katibi, daxili işlər naziri və sairə. Hərəsi necə deyərlər, dağ boyda, nüfuzlu, xarizmatik kadrlar... Bundan sonra Mütəllibov məşhur “təşviqatçısı” Vüsal Əfəndiyev kimilərin ümidinə qalmışdı, yıxılmışdı.
Eyni zamanda, intervünü oxuyanda mənim ağlımdan belə bir fikir keçdi, etik görünməsə də burda yazmalıyam: “Kaş elə o qəzada belə qorxaq, mövhumatçı dövlət rəhbəri özü öləydi, nəinki cəsur komanda üzvləri”. Doğrudan da, Azərbaycan üçün çox vacib olan o dönüş anlarında respublika rəhbərliyində Vəzirov, Mütəllibov tipli qorxaqların olması millətimizin sağalmayan faciəsidir. Azacıq fərqli adamlarla, biz bəlkə də tamam başqa nəticələr əldə edərdik.
Ancaq bəlkəni əkiblər, bitməyib, mən bu gün sadəcə həmin intervüdə diqqətimi çəkən detalı oxucularla bölüşmək istərdim. Söhbətin düz 2 yerində Mütəllibov özünün dövlət katibi olmuş Tofiq İsmayılovu xatırlayır, belə deyir: “İsmayılov, indi gəlməsin, gəldi yanıma...” Bunu Mütəllibovun qocalığı ilə əlaqələndirmək olardı, əgər onun cavanlığı millətin gözü önündə keçməsəydi. Necə yəni “indi gəlməsin”? Bu dərəcədə mövhumatçılıq, cəsarətsizlik olarmı?
Hərçənd, həyatda hər şey, o cümlədən mövhumatçılıq nisbi anlayışdır, Azərbaycanda isə lap nisbi anlayışdır. Misal üçün, son günlər Bakıda çox soyuq, ayazlı-şaxtalı havalar keçir və mən fikirləşirəm ki, əgər indiki halda hansısa yeni bir din yaransa, bu din kişilərə küçəyə çıxanda yorğana bürünməyi məcbur elan etsə böyük məmnuniyyətlə o dini qəbul edərəm.
Ümumiyyətlə, insanların həyata baxışları, o cümlədən həyatları özü çox xırda hadisələrdən asılı olur. Bu xırda hadisələr zənciri ard-arda düzülüb hansısa böyük hadisələri yaradır. Bizdə “ən yaxşı müəllim” adı var idi, prezidentin fondu tərəfindən çoxlu müəllim seçilirdi, onlara illik pul verilirdi. Sonra neft gəlirləri azaldı, dedilər ta mükafat olmayacaqdır. Ardıyca xəbər gəldi ki, haçansa bu ən yaxşı müəllim adını alanlardan biri intihar edibdir. Bu zəncirdə nəsə əlaqə varmı? Yəqin ki, yox. Ancaq necə də əlaqəli görünür!
O mənada, vaxtilə Təhminə rolunda çəkilən türkiyəli aktrisanı anlamaq olar. Onu bir ara aldadıb Bakıya gətiriblər, hansısa manısın klipində çəkdiriblər, pul-zad da verməyiblər. İndi deyir bu, pis hərəkətdir. Düz deyir. Çünki ona Təhminə kinosunun ardını çəkmək sözü verilibmiş. Eyni zamanda sual ortaya çıxır: əgər birinci kinoda Təhminə axırda ölürsə, sən fərz edilən ikinci kinoda Təhminəyə necə rol verə bilərsən?
Bəlkə Anar müəllim “Təhminə və Zaur” əsərinin o biri dünyadakı ardını yazıbdır, həmin hissədə Təhminə Zauru qır qazanında qaynadır? Nə biləsən, bizdə hər şey olar. O cümlədən, Türkiyədə. Yaxşı yadıma gəlir, bir vaxtlar nurçuların Samanyolu adlı telekanalizasiyasında qəribə serial göstərirdilər, o filmin hər bölümündə bir ağsaçlı, ağpaltarlı kişi o biri dünyadan gəlib camaatın yuxusuna girirdi, onlara necə yaşamağı başa salırdı. Yəni, bura elə regiondur ki, burda dirilərə yaşamağın yolunu həmişə ölülər öyrətmişdir, ayrı cür yaşaya bilmərik.
Hətta ola bilər kinonun axırı belə çəkilsin: Təhminə öldüyü yerdə onu aparırlar Bakıda xəstəxanaya, həkim çaşıb onu sağaldır, əvəzində başqa xəstənin (misal üçün, Zaurun anasının) ayağını kəsir. Sonra Təhminə və Zaur ASAN xidmətin xəttiylə Sabirabada pambıq yığmağa gedirlər, orda əl-ələ tutub cərgələr arasında qaçışırlar. Bu zaman böyürdən Kamılxan xala ilə Anar müəllim çıxır, gənc sevgililərə xeyir-dua verirlər.
İndi söz Azərbaycanfilm idarəsinindir.
25.11.2016, 09:23
402 baxış
Zamin Hacı
Təhminənin davamı