Medianews.az
Arzum budur toyuq olasınız
261 baxış

Arzum budur toyuq olasınız

img1389634 Yaxud hamısı oyundur... Samsung şirkətinin Galaxy telefonunda son modelin uğursuzluğu məlumdur. Yanma, partlama üzündən bir dəfə telefonu yığdılar, sonra guya düzəlmişdi, amma yenə yananlar oldu, tamam yığdılar və həmin modelin istehsalı ümumən dayandı. Şirkətin tək bu modelə görə ziyanı 40 milyard dollara yaxın sayılır, hələ ziyan arta-arta gedir. Ola bilər Samsung ümumiyyətlə mobil rabitə bazarından çıxsın - o qədər ziyana düşüblər, o dərəcə etibar itiriblər. Sözüm budeyil. Bunu özünüz yəqin bilirdiniz. Mən xalqımızın heyrətamiz yanaşmasına heyranam. Təzəlikcə bir müzakirə oxudum, orda bir nəfər yazmışdı ki, bunlar hamısı Samsunq-un reklam kampaniyasıdır. Təxminən, “bunlar hamısı Amerikanın oyunlarıdır” söhbəti... Dünyaya, həyata bu qədər vecsiz yanaşmaq olarmı? Bu qədər səbir, dözüm, sinizm, canım sənə desin, nihilizm hardandır? İndi yadıma düşdü, 2000-ci illərin əvvəllərində bir cavan oğlan vardı, hətta arada deyəsən Elçibəyin müavini də olmuşdu - bu adam xalqımızın bəzi prinsipsizliyini onurğasız canlılara bənzədən yaxşı yazı yazmışdı. Üstündən az keçmədi ki, özü onurğasızlığın yekəsini göstərib liderini satdı, o tərəfə keçdi. Bir azdan Qarabağı de-fakto itirməyimizin 30 ili olacaq. Neftin pulu azalmasa, qaçqınlara çörək pulu, işıq pulu vermək tipli məişət çətinliyi yaranmasa, hökumət qaçqın sayını artıra-artıra gedirdi. Ancaq indi görürsən millət deyir: “Bu günümüzə şükür. Suriya kimi deyilik”. Doğrudur, Suriya daha pis dağılıb, ancaq sən guya xoşbəxt idin? Onların indi yaşadığı çətinliyi yavaşıdılmış formada sən yaşamırsanmı? Böyük bir ərazisi işğalda olan, bütün qərb sərhədi döyüş xətti, səngər olan dövlətə necə “sabitlik adası” deyilir? İlin əvvəlindən bəri ölən yüzdən çox əsgərimiz Avstraliyadan çağırılan muzdlular idilərmi? Əli İnsanovun həbsdən çıxmağına 9 gün qalmış hakimiyyət ona təzə cinayət işi açıb. Guya 70 yaşlı İnsanov orda bir mayoru döyübdür. Yadıma düşdü ki, 80 yaşlı Əkrəm Əylisli də aeroportda bir sərhədçi zabiti dəli inək balasını ayaqlayan kimi ayaqlamışdı, zabitin deyilənə görə uşağı da olmayacaq. Bu da başqa bir sinizm örnəyidir. Başqa maddə tapmaq olmazdımı? Torba qıtlığıdırmı? Eyni zamanda, düşünürsən bu qocalara güc hardan gəlir belə? Siz də Artur müəllimə lağ edirsiniz. Hətta yuxarıdakı “azərbaycanlıların oyun nəzəriyyəsi” ilə məsələnin tibbi köklərini araşdırıb belə nəticə də çıxartmaq olar: dövlətimizin analoqu olmayan dayanıqlı inkişafı sayəsində orta insan ömrü uzanıb, 70 yaşlı qocalar indi 17 yaşlı gənc qüvvəsinə malikdir, ağsaqqalların damarlarında qan qaynayır, istənilən şəxsi döyüb şikəst edərlər. Yazını daimi şərhçilərimizdən (çox məktub yazan oxuculara bu statusu verirəm, yaxın gələcəkdə məni yıxıb yerimə keçəcəklərinə böyük ümid bəsləyirəm) Vasif Həsənovun məktubu ilə bitirirəm: “Qızımla səs-səsə verib ”Cücələrim" mahnısını oxuyurduq. Mahnının “Arzum budur, boy atasız, Ananıza tez çatasız” yerində qızım oxumağını kəsib mənə sual verdi: “Ata, cücə böyüyüb toyuq olacaq?”. Mən başımla təsdiq etdim və oxumağa davam elədim. Hiss elədim cavabım uşağın xoşuna gəlmədi. Yumşaq, sevimli, sarı dimdikli cücənin böyüyüb səfeh, sarsaq bir toyuğa çevrilməsi onu həvəsdən saldı. Oxumağını dayandırıb əhvalı pozulmuş durumda eyvana çıxdı. Fikirləşirəm, necə olur, bu qəlbi təmiz, saf, şirin, balaca balalar, uşaqlar böyüyür, cəllad həkimə, başkəsən idmançı qoçuya, harın məmura, saxtakar, yaltaq müəllimə çevrilir? İnsanlarda bu cür dəhşətli çevrilmələri müşahidə etdikdə Kafkanın məşhur əsərini bir də xatırlayırsan..."

Bizə qoşulun