
Deyirlər, pambıqçılıq yenidən inkişaf etdiriləcək və bu məqsədlə iri təsərrüfatlar yaradılacaq. Pozitiv xəbərdir. Ciddi deyirəm. O xəbəri eşitcək, yadıma dərhal ötən günlər düşdü, işıqlı xatirələr baş qaldırdı.
Düzdür, böyük mütəfəkkirlərdən biri vaxtilə “pambıq qul əməyidir” kimi müdrik kəlam söyləmişdi, amma yadımdadır ki, bizi, sovet tələbələrini məhz həmin o mütəfəkkirin portretinin altında qul yerinə qoyub işlədirdilər. Əksəriyyət böyük ölçüdə məmnun idi.
İndiki tələbələr o şanlı, romantik, həzin günləri görmədilər, amma bizi 1-ci kursdan ta 4-cü kursa qədər hər ilin bu vaxtları basırdılar pambıqçılıq rayonlarından birinə, ən azı 45 gün qul kimi işlədirdilər. Yada düşəndə adam xiffət çəkir, kövrəlir.
İndi deyə bilərlər ki, heç adam da qul kimi işlədildiyi vaxtlar üçün xiffət çəkərmi, darıxarmı?
Darıxar da, xiffət də çəkər. Söhbət insanın ən yaxşı yaş dövründən, 18-22 yaşdan, gənclikdən gedir axı.
Hərçənd başqa darıxılası mətləblər də var. Məsələn, 3-cü kursda oxuyanda bizi indiki Goranboy (o vaxtkı Qasım İsmayılov) rayonunun Ağamalıoğlu kəndinə pambıq toplanışına göndərmişdilər. Pedaqoji institutun qızlarını da o kəndə gətirmişdilər və iki mərtəbəli T şəkilli məktəbin bir küncündə onlar qalırdı, bir küncündə biz. Axşamlar düşərgə çox şənlikli olurdu, sanasan, Bodrum kurortu-filandır. Türkün sözü, cilvələşmələr, zarafatlaşmalar, xırda-para intriqalar çox olurdu. Əvvəl-əvvəl hamı bir-birindən çəkinirdi. Sonra Azər adlı bir müəllim tələbələri məktəbin həyətində yığdı, dedi ki, uşaqlar, gəncliyinizin bu dövrü bir də əlinizə düşməyəcək, qoşun maqnitofonu, rəqs edin, deyin, gülün, sizin Rusiyadakı, Ukraynadakı tay-tuşlarınız kartof toplanışına aparılanda elə edirlər.
Ondan sonra hər qrupdan bir-iki sırtıq gənc ortalığa düşüb o dövrdəki diskoteka rəqslərindən (tvist, şeyk və s.) oynamağa başladılar, amma bu, çox çəkmədi. Çünki o dövrün gənclərini də çox özbaşına buraxmaq olmazdı. Dərhal qız üstə düşən davalar çoxaldı və məlum oldu ki, biz şimal ellərinin gəncləri kimi ola bilmirik. Bizimki gendən-genə marıtlamaqdır.
Bir iş pis idi ki, bizdən məhsul tələb edirdilər. Pambıqçılıq rayonlarından olan tay-tuşlarımız üçün problem yox idi, normadan da artıq pambıq yığırdılar, amma mən həmişə normadan az yığırdım və danlanırdım. Müəllimlər məni institutdan qovmaqla, imtahan sessiyasında kəsib kursda saxlamaqla hədələyirdilər (sonradan belə bir təşəbbüs doğrudan da oldu). Bir dəfə növbəti danlaq-dansaqdan sonra əmək qabaqcılı olan qrup yoldaşlarıma acığım tutdu, dedim, uşaqlar, siz buraya sezona gəlmisinizmi, gərək mütləq 50 kilo pambıq yığasınız? Dedim, bir qədər az yığın, sizi mənə nümunə göstərib danlamasınlar. Onlar da dedi, canın çıxsın, sən də çox yığ. Dedim, özünüzü öldürməyin, yığdığınız pambığın pullarını verməyəcəklər, yana-yana qalacaqsınız. Axırda elə də oldu.
Yağış yağanda lap kef olurdu. İşə çıxmırdıq. Ziyafət təşkil edirdik, sonra da oturub oğlanlı-qızlı müxtəlif oyunlar oynayırdıq. Amma ertəsi gün bizi dəhmərləyib aparırdılar hələ palçığı qurumamış plantasiyaya.
Təsəvvür edin ki, hər il yüz minlərlə tələbə və şagirdin əməyindən istifadə olunurdu ki, böyük sovet dövlətinin iqtisadi qüdrəti sarsılmasın, əziyyətlə yetişdirilmiş məhsul sahələrdə qalıb çürüməsin.
Əgər pambıqçılıq inkişaf etdiriləcəksə və iri pambıqçılıq təsərrüfatı yaradılacaqsa, hər ilin sentyabrında məcbur olacaqlar ki, məktəbləri bağlayıb tələbə və şagirdləri kənd zəhmətkeşlərinə yardıma göndərsinlər. Düzdür, müasir texnikalarla əl əməyini əvəzləmək mümkündür, amma bu texnika elə o vaxtlar da vardı, di gəl, sovet rəhbərləri deyirdilər, pambıq axırıncı qozasına qədər toplanmalıdır. Elə bizi də pambıqyığan maşınının aqreqatının ağzından çıxan sahələrdə işlədirdilər.
Dediyim odur ki, hansısa sahəni inkişaf etdirməyi planlaşdırırlarsa, gərək onunla bağlı hərtərəfli fikirləşsinlər, torpağa toxumu basdırmaqdan tutmuş ta sap əyirməyə qədər bütün istehsal prosesinin zəncirini düzəltsinlər.
Yoxsa ümid tələbə və şagirdlərin əl əməyinə qalacaqsa, çətin olacaq. İndiki gənclər bizdən daha artıq romantik və daha artıq praqmatikdirlər, açılıb-yığılan çarpayılarını götürüb Ağamalıoğlu kəndinə getməyəcəklər.