Medianews.az
Cinayəti göstərənin cəzalanması
269 baxış

Cinayəti göstərənin cəzalanması

img1389634 Gözlənildiyi kimi də oldu. Avropa Oyunları zamanı avtobusla avstriyalı idmançıları basdalayan adamlar şərti cəza, məntəqə tipli rejim cəzası alıb kef çəkməyə buraxıldılar, xəbəri cəmiyyətə çatdıran adam - Elçin Həsənov isə 4 il həbs cəzası aldı. Söhbət polisin “Təhlükəsiz şəhər” xidməti kameralarına baxan adamdan gedir - avtobusun idmançıları vurması videosunu təsadüfən yayan şəxsi hakimiyyət çox möhkəm və ədalətsizcəsinə vurdu. Şəffaflıq olmasın, kim pis işləri aşkar eləsə tutub zindana salarıq, qoy başqaları çəkinsinlər, ancaq yaltaqlıq olsun, ancaq müsbət işlər göstərilsin və sairə - avtoritarizmin “məntiqi” belə tələb edir. Sürücülük vəsiqəsi olmayan tipləri yola buraxanlar cəzasız qalsın, bunu göstərənləri isə mələdək. Problemlərin üstünə yağ çəkək. Molla Nəsrəddinin bir küpə mal peyininin üstünə barmaq boyda yağ zolağı sürtüb bazara çıxartması kimi. O lətifədə alıcı barmağını yağa vuranda Molla deyirdi: “Eşələmə, qoxusu çıxar”. Adam işarəni anlamır, yağı alır aparır. Sonra evdə peyini görüb etirazla geri qayıdanda Molla deyir ki, qardaş, axı mən sənə xəbərdarlıq eləmişdim, qoxusu çıxar demişdim, zəhmət çəkib anlayardın. Bax, bizdə də avtoritar sillə-təpiklə ört-basdır edilən peyinlərin haçansa qoxusu baş çatladır. Torpağın əldən gedir, qorumağa kadr tapmırsan. Canın əldən gedir, həkim tapmırsan. Dənizdə neft buruğunda yıxılıb ölürsən, meyitin ələ gəlmir. Evinə üzlük çəkib tüstüsündə səni boğurlar. Uşağın savad istəyir, müəllim yoxdur. Dincəlmək istəyirsən, xidmət sıfırdır. Cənnət kimi bir yerdəsən, amma cəhənnəm həyatı yaşayırsan. Hamısı bax elə o ört-basdırdan başlayır. Zibili vaxtında təmizləyib atmasan, qalaqlanacaq, iylənəcək. Yeri gəlmişkən, peyin də üst-üstə qalananda yanır, bəlkə şəhərdə yaşamaqdan, meqapolis sakini olub qlamurlaşandan bu elementar bilgini unutmuşuq, ancaq eyib etməz, bu gün sabah hamımız pambıq qozası eşməyə gedirik. Əsas qoza deyilmi? Bizim üçün nə fərqi nəyin qozasıdır? Əslində o adam - avtobusun idmançı qızları vurmasını aləmə yayan qardaş bunu qəsdən etməmişdi, qətiyyən şəffaflıq fikri yox idi. Yəni, çox da ümidlənib “Bizim də öz cupbulu Snoudenimiz varmış, pəh!” deyə qürurlanmayın. Adam sadəcə videonu effektli bir çəkiliş, canlı qorxu filmi kadrı kimi telefonuna köçürüb başqa tanışına yollamışdı. O tanış ehtiyatsızlıq edib başqasına... Və beləcə, Polad müəllimin kinosunda deyilən, əslində bizim “Əli və Nino” əsərində guya İçərişəhərin dənizə çıxan gizli qapısına yazılmış məşhur aforizmdəki durum yaranmışdı: “İki kişinin bildiyi sirr deyil”. Hərçənd tarix göstərib ki, bir çox qəhrəmanlıqlar elə qəfildən, gözlənilmədən, planlaşdırılmadan törədilir. O polisin qəhrəman olmasını iddia etmirəm, sadəcə, yaxşı olardı hüquq müdafiəçilərimiz onun məsələsini beynəlxalq qurumlar qarşısında qaldırsınlar. Adam sırf ifadə azadlığı dustağıdır. “Sərhədsiz Reportyorlar”ın şəffaflıq qurbanı siyahısına düşməyə tam layiqdir, burda başqa söhbət ola bilməz. Hakimiyyət ifadə azadlığı üzərinə getdikcə, biz də mümkün qədər müqavimət göstərməliyik. Yenə yazıram, hər şey bundan başlayır. Bütün pisliklərin mənbəyi cəmiyyətdə gizlilikdir. Örtülü bazar, dostluğu pozar - el sözündə deyilən kimi. Amerika Birləşmiş Ştatlarını dünyanın fövqəldövləti edən əsas məsələ orda söz və ifadə azadlığına heç bir qadağa qoyulmamasıdır. Amerikalılar bunu konstitusiyaya salıblar - ifadə azadlığını məhdudlaşdırmaq orada qətiyyən mümkün deyil. Özü də adamlar prosesi geri dönməz hala gətiriblər. Yəni həmin maddəni hətta ümumxalq səsverməsi ilə də dəyişdirmək mümkün deyil! Təbii, konstitusiyası məhəllə dükanındakı borc dəftərinə döndərilmiş, cırıq-curuq və qara-qura əski parçasına oxşadılmış bir ölkənin xalqı üçün bu kimi şeyləri anlamaq çətindir. Ancaq lazımdır. Başqa yolumuz yoxdur. Mütərəqqi dünya ilə bir yerdə olmalıyıq, ya da öz peyinimizin içində peyinqurdu kimi eşələnməliyik. Hansını seçmək xalqın öz əlindədir. Elçin Həsənova azadlıq tələb edirəm.

Bizə qoşulun