Medianews.az
Cibişdan məhbusu Patrik müəllim
297 baxış

Cibişdan məhbusu Patrik müəllim

img1389634 “Patrikin bığları eşmə-eşmədir, Yaxası medaldan deşmə-deşmədir, Avropa Oyunu daha keçmədi, Qoy sənə desinlər, ay qaçaq Hikki, Rioda ilişdin, ay qoca Hikki" (“Avropa Oyunları” dastanından, aşıq Z.H.Qaçqınbəyli) İndiyə qədər dəfələrlə olub ki, yapistlərlə əməkdaşlıq edən xarici vətəndaşlar quldur çıxıblar. Hansısa cinayət əməlinə görə yaxalanıblar, bəziləri qaçıb gizlənib, atışmada öldürülən, saxlanarkən intihar edən, nə bilim, prezident vəzifəsindən impiçmentlə qovulan... Maşallah, hökumətimizin beynəlxalq dostları çox zəngin həyat təcrübəsinə malikdir, haqlarında kino çəksən “Qurdlar vadisi” serialından uzun çıxar. Təzəlikcə Braziliyada da birini tutub salıblar qoduqluğa. Bu adam Patrik Hikki adında hikkəli kişidir, bədbəxt və uca millətimizin yadında bizə Avropa Oyunları kimi əcaib turniri sırıyan tip olaraq qalmışdır. İrlandiyalı idman məmuru imiş, Braziliyada isə biletləri oğurlayıb satıb 4 milyon dollar qabağa düşmək istəyibmiş. Polis bunu saxlayanda bir qədər altını batırıb, xəstəxanaya düşübdür, ancaq son məlumata görə sağ-salamatdı, ifadəsi alınır. Əslində bayaq Avropa Oyunlarını onun bizə sırıdığını rəmzi olaraq yazdım, çünki sevgili xalqımıza tam da məlum deyil o bərbad oyunları bizə sırımışdılar, ya bizim hökumət özü təşəbbüs qaldırmışdı. Çünki həmin oyunlar elə birinci və axırıncı keçirilənə oxşayır, 2-ci turnirə hələlik yiyə duran yoxdur. Mənasız, reytinqsiz turnir kimə lazımdır? Elementar misal çəkim: təsəvvür edin, 1-ci Avropa Oyunlarında Rusiya və Azərbaycan komanda hesabında 1-ci və 2-ci yeri tutmuşdular. Ancaq hazırda olimpiadada Azərbaycan medal sıralamasında Ermənistandan da geri qalır, Rusiyanın idmançılarının isə yarıdan çoxu dopinqlə tutulub çıxdaş ediliblər. Hər halda, Patrik müəllim indi dardadır, bizim yapistlər isə nəinki qazamat dalını dəlməyə çalışırlar, hətta adi etiraz bəyanatı verməyiblər. Yoldaşlığınız bu idimi? Özü də Patrik müəllimi Braziliya polisi hoteldə saxlayanda onun hamam xalatının yaxasında Azərbaycanın verdiyi “Şərəf” ordeni var idi. Bundan başqa, Patrik Hikki Azərbaycan mətbuatının inkişafındakı xidmətlərinə görə “1-ci dərəcəli Əflatun Amaşov” medalı, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasına görə “Tərəqqi” medalı, Qarabağ həqiqətlərini yaydığı üçün “İgidliyə görə 3-cü dərəcəli Vətənə xidmət ordeni” və sairə dövlət mükafatlarımızı da almışdır. Ancaq hökumətimiz indi onu adi vəkillə təmin eləməyin də qayğısına qalmır. Ey gidi dünya... Məmməd Aslanın Səddam Hüseynə koalisiya hücumu zamanı yazdığı misra yadıma düşdü: “Orda bir şir darda qalıb bağırır!”. Patrik Hikki-nin müdafiəsi bizim gələcək etibarlı tərəfdaş olmağımıza da lazımdır. Çünki indi hamı, bütün dünya baxır ki, görəsən dünyanın analoqu olmayan dövləti, inkişafın atası, işsizlərin anası, ÜDM-in babası, gələcəyin xalası (başqa söz tapa bilmədim, mənası yoxdur, yola verin) Azərbaycan Respublikası öz əziz, şərəfli dostunu necə qoruyacaqdır. Şərəf vermisənsə - lap ordeni olsun - axıra qədər ver. Elmar Məmmədyarov ən azı Braziliyaya nota göndərməlidir. Lazım gəlsə, Masallının “Viləş”, Füzulinin “Ərgünəş” komandalarında oynayan bütün braziliyalı oyunçuları geri qaytarmalıyıq. Braziliya ilə iqtisadi əlaqələr kəsilməlidir. Düzdür, elə bir əlaqə yoxdur, ancaq nəsə tapıb kəsmək olar - ona qalsa gündə olmayan obyektlərin qırmızı lentini kəsirik. Siyasi dustaq İlkin Rüstəmzadənin idmana böyük məhəbbət bəslədiyi məlumdur. Məncə onu Patrik Hikki ilə dəyişdirmək də gizli diplomatik danışıqlara tema ola bilər. Biz İlkini veririk, braziliyalılar Patriki verir. Qoy Rüstəmzadə getsin Kapakabana çimərliyində gözəlçələrlə karnaval eventi yaratsın. (Başqa cür İlkin Braziliya xalqına nə üçün vacib ola bilər - tapmadım. Cavan uşaqdır, beyni qandır, şou, event, tədbir düzəltməyin də ustasıdır). Müxalifət öz dustaqlarına vicdan məhbusu adı qoyub, təklif edirəm, yapist dustaqlara da cibişdan məhbusları deyək.

Bizə qoşulun