Medianews.az
Müəllimlər çörək yemir
339 baxış

Müəllimlər çörək yemir

img1389634 Prezidentin sərəncamı ilə 2007-ci ildən bəri “Ən yaxşı məktəb”, “Ən yaxşı müəllim” mükafatları düzəldilmişdi, hər il fərqlənən təhsil obyektlərinə, müəllimlərə pul verilirdi. Yanılmıramsa, məktəblər üçün mükafat fondu 10 min manat idi, müəllimlər də yəqin xeyli pul qatlayıb qoyurdular cibişdana. Doğrudanmı fərqlənən müəllimlər, məktəblər alırdı - bu haqda heç bir informasiyamız yoxdur. Böyük ehtimalla bu ödülləri təhsildə yox, yapizm yolunda böyük uğurlar göstərənlər, can qoyub çarpışanlar alırdılar. Misal üçün, bir dəfə seçki şousunda qutuya bülleten basdığı yerdə jurnalist kamerasına yaxalanan bədən tərbiyəsi müəllimi Diləfruz xala kimi. Seçkilərdə göstərdiyi virtuoz qabiliyyətinə görə dövlət rəhbərliyi Əfruz xalanı “Seçki qəhrəmanı” ordeni, “3-cü dərəcəli Şəffaf qutunun jurnalistlərdən müdafiəsi” medalı və “Məzahir Pənahov adına seçki protokolu döş nişanı” ilə təltif eləmişdi. Sözümün canı nədir? Dünən prezidentin növbəti sərəncamı ilə həmin mükafatlar - ən yaxşı müəllim və məktəblərə verilən pullar ləğv olunmuşdur. Bu da bizdə təhsilə diqqətin bariz nümunəsidir. Neft pulları azalanda biz birinci məktəbin, müəllimin boğazından kəsirik. Formula-1 olsun, Evrovızqon manıs yarışması olsun - belə şeylərə həmişə pul tapılır. Müəllim kimə lazımdır ki? Hökumət onsuz müəllimi sındırıb istədiyi işə alət edir, millət də çoxdan müəllimi ən hörmətsiz peşəyə çeviribdir, oğruya da “filankəs müəllim” deyə müraciət edirlər. Uşaq vaxtı biz elə bilirdik müəllim çörək yemir. İndi hökumət bunu reallaşdırır. Doğrudur, qərarda mükafata ayrılacaq vəsaitin qrantlar şəklində istifadəsi nəzərdə tutulur. Ancaq mən şübhə edirəm ki, Azərbaycanda qrant sözünün mənasını bilən müəllimlərin sayı hər məktəbdə bir əlin barmaq sayı qədər olar, ya yox. Nə proje yazacaqlar, bunu kim yoxlayacaq, kim pul verəcək - hamısı qeyri-müəyyən işlərdir. Ən yaxşı halda Üstüaçıq rayon Peyinburnu kənd orta məktəbinə pozan və süpürgə alınması layihəsi düşünəcəklər, cüzi miqdar pul silinəcək, qalanı da heç büdcədən çıxmadan gələn ilə qalacaq. Vəssalam, şüttamam. Heç kimin ruhu inciməyəcək. Ruh demişkən, dünən elə mükafatın ləğv qərarının yanında məktəblər haqda başqa xəbər vardı. İndi müəllimlər yay tətilinə çıxmalıdır, ancaq dövlət onları basıb işlədir özü üçün. Sentyabrdakı konstitusiya referendumuna hazırlıq işləri görülür, kim neçə nəfər gətirəcək, hansı müəllim onbaşıdır, bülleteni qutuya basan, protokolu oğurlayan, nəsli kəsilmiş müxalifətçi müşahidəçi adlı canlıdan biri məntəqədə görünsə kim yaxasını cırıb tumanı başına keçirtməlidir - bunlar hamısı müəyyənləşdirilir, məktəb direktorları tərəfindən əziz müəllimlərə tapşırıq və göstərişlər, təlimatlar verilir. Hətta elə müəllim var yaxalığına zəhər kapsulu yerləşdiriblər, sinəsində apardığı çoxlu bülleten düşmən qüvvələrin əlinə keçsə kapsulu dişiylə əzib intihar etməlidir. Müəllimlər səhər saat 9-dan axşam tərəfinə qədər məktəblərdə təlim keçirlər, referendum döyüşünə hazırlaşırlar. Bu, çox vacib referendumdur, demokratiyanın tabutuna vurulan son mıx olmalıdır, bəlkə bundan sonra ümumiyyətlə, müəllimlərə ehtiyac duyulmasın, seçkilər də keçirilməsin. Bu qədər xidmətin əvəzində müəllimlərə dövlət qulluqçusu statusu verilmədi. Yadıma gəlir, 4-5 il qabaq bunun müzakirəsi açılmışdı, ancaq hakimiyyət müəllimlərə bu statusun gətirdiyi müəyyən güzəştləri qıymadı. Mən də olsam qıymazdım - guya hansı etiraz edir ki? Yazını isə oxucumuz Vasif Həsənovun bu temada maraqlı məktubu ilə bitirmək istərdim: “Beş yaşlı qızım qohumlardan kimin harda işləməsini məndən soruşurdu. Növbə əmioğluya çatanda dedim ki, o, dövlət qulluqçusudur. Uşağın üzündə qorxu qarışıq təəccüb ifadəsi yarandı. Dedi, ata, bəs onun niyə başında üçkünc papaq yoxdur, niyə bir gözü sarıqlı, əli dəmir qarmaqlı, ayağı taxtadan deyil? Mən dedim niyə elə olmalıdır, qızım dedi: axı o dövlət quldurçusudur! Dedim yox, sən bəhs elədiyin dəniz quldurlarıdır, dövlət quldurçularının əksinə, yeddi başı, altı gözü, on iki ağzı, çoxlu əli-ayağı olur. O gündən bəri uşaq əmioğlunu görəndə hər dəfə qaçıb gizlənir”.

Bizə qoşulun