Medianews.az
İclasın suyunun suyu
394 baxış

İclasın suyunun suyu

img1389634 Dövlət başçısının rəhbərliyi altında Nazirlər Kabinetinin birinci yarımilliyə yekun iclasına televizorda baxmamışam. Ancaq iclasın AzərTAc-da dərc edilən stenoqramından belə məlum olur ki, tədbir bu ardıcıllıqla keçirilmişdir: prezidentin giriş sözü, müdafiə sənayesi naziri Yavər Camalovun, kənd təsərrüfatı naziri Heydər Əsədovun və “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin çıxışları, prezidentin yekun nitqi. Vəssalam. Bunlardan başqa, ortada ayrı söhbət olmamışdır. Əlbəttə, Yavər müəllimin özüyeriyən milli yabalarımızın istehsalı və dünya ordularına ixracı mövzusunda nağılları ilin istənilən vaxtında aktualdır, maraqla dinlənilir. Ancaq indi, necə deyərlər, aprel döyüşlərində 2 min hektar torpağımızı geri almağımız haqda məlumatdan sonra daha yerinə düşür. (Bu rəqəm iclasda səsləndi, 2 min hektar hardasa 20 kvadrat-kilometrlik böyük ərazidir, görəsən, biz bu qədər yeri harda almışıq ki, heç kim görə bilmir? Yəqin gözəgörünməz örtüklə üstünü bağlamışıq, düşmən tapa bilməsin). İclasda həmin əraziləri öz istehsalımız olan silahlarla aldığımız deyildi, halbuki, apreldə ancaq İsrail və Rusiya istehsalı silahlardan söhbət gedirdi. Olsun, əlbəttə, istəməyənin gözü çıxsın. Bəlkə elə yaxşı gopa basdıq, ermənilər də inanıb qaçdılar? 23 ildir azərbaycanlılar gopla idarə edilirsə, bunun ermənilərə də təsiri olar. Kənd təsərrüfatı nazirini də qarpızın bol vaxtında danışdırmayıb, haçan danışdıracaqsan? Qaldı su idarəsinin müdiri, o da gopun suyu çox olsun deyə istənilən fəsildə danışır. İnanmırsansa NK-nin bundan qabaqkı iclaslarınım stenoqramını tapıb oxu. Son 23 ildə Əhməd müəllimin danışmadığı bir dənə də iclas yoxdur. Gəlir suyu şlüzdən açır, buraxır iclas salonuna, çıxır gedir. Əslində bizim NK və idarəetmə aparatı Avgi tövlələri fason bir şeydir, hesab eləyək Əhməd müəllim də Herakldır. Görkəmcə də Heraklın qocalığına bənzəyir. Ancaq 23 ildir içərini yuyub təmizləyə bilməyib, çünki özü də yalançı, çirkli sular axıdır. Hə, indi gələk həlli vacib məsələlərə: millət bu iclasda kimlərin danışmasını umurdu? Mən sayım, yalan olsa NK işçisiyəm. Birincisi, orda səhiyyə nazirindən hesabat istənilməli idi, çünki son aylar səhiyyə sistemindən faciə xəbərlərinin ardı-arası kəsilmir. Dişi ağrıyanın başını kəsirlər, babasil müalicəsinə gedənin beyni cərrahiyyə olunur. Həkimlər dilənçi payı maaş alır, tibbi sığorta isə üfüqdə görünmür. İkincisi, orda təhsil sistemi müzakirə edilməliydi, çünki məktəblərimiz çox faciəvi durumdadır. Uşaqlar nə riyaziyyatı bilirlər, nə ana dilini. Üçüncüsü, manatın acı taleyi, hamının təşvişlə gözlədiyi üçüncü inflyasiya haqda danışmaq lazım idi. Kreditlərin taleyi necə olacaq, banklarda batan əmanətləri kim ödəyəcək, nə üçün son bir ildə əhalinin banklara etimadı azala-azala gedir, təkcə əmanətlər 2 milyard manata yaxın azalıbdır və sairə. Dördüncüsü, hansı sosial yönümlü inkişafdan dəm vurub, samovar qaynadırlar ki, ünvanlı sosial yardıma ehtiyacı olanlar artıq Bakıya axışıb Sosial Müdafiə Nazirliyinin qapısında piket qayırıb, yol kəsirlər? Özü də pulsuzluq, dövlətin qənaət və kasıblığı həmin ünvanlı sosial yardım alanların sayında da açıq görünür: keçən il 112 min ailəyə pul verirdilərsə, bu ilin iyuluna həmin rəqəm... 11 min ailədir! 10 dəfə azalıb. Çox az, dilənçi payı rəqəmdən söhbət gedir - hər ailəyə ayda 150 manat. Ölməmək üçün. Bunu da tapıb verə bilmirlər. Əslində tapmaq olar, ancaq dövləti xalqın özü qursaydı. Çünki ünvanlı sosial yardımdan, xalqın boğazından, sağlamlığından, qorunmasından, təhsilindən kəsilən o pullar cürbəcür səfeh idman yarışlarına, şoulara, ofşor hesablara axıdılır. Hərçənd, iclas Formula-1-dən sonraya düşdüyündən orda idman nazirinin hesabat verməsi məntiqli olardı. Görünür, naziri tapa bilməyiblər. Ya da Əhməd müəllim suyu çox açıb, naziri sel aparıb.

Bizə qoşulun