Medianews.az
Məmələrin yayım şurası
492 baxış

Məmələrin yayım şurası

img1389634 Mən telekanalizasiyalarımızı ümumiyyətlə izləmirəm, oralar mənim üçün qara dəlik kimi bir yerdir. Bu üzdən kimsə hətta hansısa təsadüfi yaxşı süjet tapıb internetdə, sosial şəbəkədə paylaşanda fikirləşirəm bəlkə mən düz eləmirəm. Ancaq nə etmək olar, zibillik içində açan tək çiçəyin qoxusu da ümumi fonda itib gedəcəkdir. Bu gün sizə nəyə baxıb-baxmadığımı yazmaq fikrim yoxdur, nəyinizə gərəkdir ki? Sadəcə, son günlər “Evrovizion” təmsilçimiz Səmra xanımın geyimi mövzusunun hədsiz aktual olduğunu görəndə İctimai Televiziyanın saytına baxmaq istədim. Səbəb isə sadədir: Azərbaycandan bu musiqi yarışmasına seçimləri İTV edir. İTV-nin yayım şurasının üzvlərinə baxanda siyahıda bir kişinin iş yeri gözümə belə dəydi: “Milli interyer”. İnteryer - bir binanın, tikilinin daxili quruluşudur. Öz-özümə qımışdım: necə də gözəl tapıblar, elə Səmra xanımın geyimi də bizim milli interyerimizdir. Sadəcə, xarici yarışmada bu, üzə çıxaraq eksteryer (xarici görünüş) olmuşdu. Oxucuları çox intizarda qoymadan yazım ki, əslində yanlış oxumuşdum. Orada söhbət “Müller interyer” mebel şirkətindən gedirmiş, bunun müdiri də bizim milli İTV-nin yayım şurası üzvlərindən biri imiş. Sözümün canı nədir? Əgər bir ictimaiyyət yox edilibsə, ictimai fikir yoxdursa, debatlar yoxdursa, xalqın sözünü çürük qoz qədər sayan yoxdursa, həmin xalqı xaricdə təmsil edən müğənniyə sataşmağa kimin mənəvi haqqı çatır? Demirəm “günahı olmayan daş atsın”, vəziyyət o qədər dramatik deyil, şəxsən mənim aləmimdə ümumiyyətlə müzakirə mövzusu deyil. Sadəcə, bu toyun yiyəsi biz deyilik, burda sifariş verməyə haqqımız çatmır. Nə çalsalar, ona da oynamalıyıq. Nə göstərsələr, ona baxmalıyıq. Çünki “bunlar yeyib doyublar, başqası gəlsə daha pis olacaq”. Çünki “guya sən gəlsən yeməyəcəksən” deyənlərin, “kim eşşəkdirsə biz ona palanıq” mızıldananların birdən-birə hansısa qızın, qadının donundakı bir neçə santimetrin qısa olmağına görə “kişiləşməsi”, özündən çıxması, məni bağışlayın, yumşaq yazsam bambılı hərəkətdir. Səmranın donu Neft Fondunun vəsaitləri, dövlət büdcəsi deyildir, sizi maraqlandırmalı olanlar bu “donlardakı” deşiklər, kəsiklər, yırtıqlardır. Ancaq, əlbəttə, xaricdə respublikanı təmsil edirsə, onun hər bir hərəkətinə münasibət bildirmək haqqını inkar etmirəm. Ancaq respublikanı! Respublika olaq, seçki keçirib hakimiyyət formalaşdıraq, yayım hüququ əldə edək, milli televiziyalarımız olsun - bundan sonra danışaq. İndiki qeybətdir. Qeybətcilliyimizin kökləri isə şaxələnmişdir. Örnək üçün, dünən mən bir caz ifaçısının videosunu gördüm, kişinin oğlu Bakının “Sovetski” məhəlləsində Abbas Mirzə Şərifzadənin dağıdılan evinin qabağında piano çalıb guya mədəniyyətimizə, tariximizə vurulan ekskavator zərbələrinə mədəni etiraz edirdi. Pardon, yaraşmır axı?! Bu cazmen bir neçə il qabaq YAP-ın seçkilərdə namizədinin əsas reklamçılarından biri idi. İçərişəhərin “evroremont”unu bəyənən adamların başqa məkanlarda “Şəhərimizi dağıdırlar” deməsi riyakarlıqdır, savadsızlıqdır, yaltaqlıqdır. “Bu binanın yerindəki binada Filankəs dahimiz yaşamışdır” - belə lövhələr olan şəhərdə yaşayırsınız, hansı tarixə hörmətdən, milli dəyərlərimizə ehtiramdan dəm vurursunuz? Taleyinizlə barışın getsin. Dünən analoqu olmayan inkişaf etmiş futbolumuz haqda da oxudum. Biabırçı durumdur. Milyonlarla manat neft pullarını “futbola sponsorluq” adıyla basıb yeyiblər, ancaq gənclər üzrə yığmamız prezidentin də baxdığı oyunda darmadağın olub. Paytaxtın adını daşıyan “Bakı” klubu hansı dərəyə yuvarlandı, bilirsinizmi? Paytaxt klubu aşağı liqada sürünür - Hafka müəllimin cibi deşildiyi üçün. Halbuki, cəmi 5 il qabaq bu klubun Biləcəri yaxınlığındakı dəbdəbəli idman bazasının lentini kəsməyə şəxsən prezident getmişdi. Ölkənin ən “bərkgedən” klublarından “Xəzər” (Lənkəran) iflas ərəfəsindəymiş. 1-ci diviziyondakı “Şahdağ” klubu 9-1 uduzduğu oyuna elə əvvəldən 9 nəfərlə çıxıbmış. Pulsuzluqdan komanda 11 oyunçu yığa bilmir! Ancaq lazım gəlsə Şahdağ zonasında turizmin fısqırıq inkişafından nağıllara qulaq asa bilərik. Bəlkə elə turistlər gəlib oynayardı? Yaxşı olardı. Mırtikulturizm ili deyilmi?

Bizə qoşulun