Medianews.az
Nisbi sevgi, nisbi demokratiya...
418 baxış

Nisbi sevgi, nisbi demokratiya...

zahid yeni razmer
Bütün dünya Rusiyadan qorxduğu, Baltikyanı ölkələr isə ondan az qala, “tük tökdüyü” zamanda sən demə, Rusiyanın özü İŞİD-dən qorxurmuş. Buyurun, bu da Putinin mətbuat katibi Dmitri Peskovun sözləri: “Heç kimə sirr deyil ki, Rusiya ən yüksək səviyyədə İŞİD-in təsirinin yayılmasından böyük narahatlıq keçirir”.
Peskov ölkəsinin qorxu keçirdiyinin daha bir əlaməti kimi məsələnin Rusiya lideri tərəfindən dəfələrlə “ABŞ daxil olmaqla, avropalı həmkarları ilə danışıqları zamanı qaldırdığını” da deyib. Sitat: “Cənab Obama ilə son danışıqlar zamanı Putin həqiqətən bu mövzunu qaldırıb. Narahatlığa əsas var və biz hər kəsi qarşılıqlı tədbirlər görməyə çağırırıq”.
Doğrudan da, yaşadığımız maddiyyat dünyasında hər şey nisbidir, hər şey də müqayisədə bilinir və hətta məhz müqayisə zamanı öz dəyərini, layiqli yerini tapır.
Yadıma Deyl Korneginin “Necə yaşamalı” kitabından bir epizod düşür. Müəllif yazır ki, uşaqlıqda həmişə yaxşı ayaqqabı geymək arzusunda olub. Bu sıxıntı o vaxta kimi onu tərk eləməyib ki, küçədə təsadüfən ayaqları olmayan bir şəxsi əlil arabasında görüb. “Məhz onda anladım ki, mənim sıxıntım mənasızdır, mən ayaqqabı dərdi çəkirəm, amma  bu adamın heç ayaqları da yoxdur”.
Xoşbəxtlik, rahatlıq deyilən mürəkkəb anlayışlar da, qələbə, məğlubiyyət kimi məfhumlar da nisbidir. Birinin uğuru, zəfəri, xoşbəxtliyi kənardan və ya müqayisədə, yaxud digərlərinin mutluluğu fonunda tam əks işarəli də görünə bilər. Nəinki görünə bilər, bir çox hallarda elə belədir ki, var.
İmam Əli (ə) buyurur ki, “Yıxılana gülmə, hələ bilmək olmaz tale sənin üçün nə yazıb”.  Yəni fələk elə fırladar ki, günün birində sənin özünə gülərlər. Müxtəsəri, heç kəs aqibətindən sığortalanmayıb.
*****
Rusiyadan söz saldıq. Məgər Krımın köhnə imperiyaya birləşdirilməsi rus xalqının, Putinin qələbəsi idi ki? Əlbəttə yox – boyunlarına almasalar da. Uzağı, bu – bir “Pirr qələbəsi” sayıla bilər. İşə bax, ikinci ildir ağır beynəlxalq sanksiyalar altında qıvrılan, siqaretin ən ucuzunu çəkməyə başlayan, qidanın ən ucuzuna (keyfiyyətsizinə) keçən rus xalqı üstəlik, indi İŞİD təhlükəsinə görə nizamını pozduğu dünyadan, düşmən kəsildiyi Qərbdən imdad diləyir.
Adama sual edərlər, bəs sənin özün dünya qaydalarını, beynəlxalq hüququ saya saldınmı ki, həmin dünyadan indi kömək umursan, yoxsa düşünürsən ki, daha hamı Krımın ilhaqı ilə barışıb və artıq əməkdaşlığa keçmək olar?
Əlbəttə ki, heç kim heç nəyi unutmayıb. Sadəcə, ortada deyildiyi kimi, “qorxu, xof” adlı əndişə var. Sadəcə, hamı ən çox nüvə başlığı olan supergüc kimi Rusiyadan, onun proqnoza yatmayan, dəlisov liderindən ehtiyatlanır.
Qorxu olan yerdə isə heç vaxt həqiqi sevgidən, rəğbətdən, dostluqdan, əməkdaşlıqdan söhbət gedə bilməz. Mümkün deyil. Bir məşhur aforizmdə deyildiyi kimi, “Nə səndən qorxan adamı, nə də sənin qorxduğun adamı sevə bilərsən”.
Bu üzdən heç kim, o cümlədən marionet Ramzan Kadırov da Rusiyaya rəğbət bəsləmir, bəsləyə bilməz. Rəğbət deyilən bir şey varsa da, əmin olun ki, bu – səmimi deyil və mütləq hansısa müvəqqəti (aralıq) və özəl marağa bağlıdır.
*** 
Haqqında danışdığımız qorxu, xof əfsuslar olsun ki, Azərbaycan cəmiyyətinə də xasdır. Ona görə də bizdə xalq-hakimiyyət birliyi, xalq-hakimiyyət sevgisi haqda hər iki tərəfdən vaxtaşırı səslənən yüksək sözlər, bəyanatlar yalnız ilğımdır və gerçəklə heç bir əlaqəsi yoxdur. Ən maraqlı odur ki, bunu hər iki tərəf də bilir.
Bəli, deyirlər, Azərbaycanda demokratiya var. Nə yazıq ki, bunu yalnız Şimali Koreya, Özbəkistan, Türkmənistan kimi ölkələrlə müqayisədə sezmək olur. Amma Avropa, Baltik ölkələrinə, lap elə Gürcüstana baxanda bu – olsa-olsa, bir görüntü, demokratiya imitasiyasıdır...
Əlahəzrət müqayisə həm pis, həm də yaxşı şeymiş.

Bizə qoşulun