Medianews.az
Mariya Qaydardan MŞ rəhbərliyinə mənəviyyat dərsi
414 baxış

Mariya Qaydardan MŞ rəhbərliyinə mənəviyyat dərsi

zahid yeni razmer
İnsanın dəyəri şübhəsiz ki, ən əvvəl mənsub olduğu topluma faydası ilə ölçülür. Bu da ilk növbəsində əməldən, işdən keçir, verilən vədlərdən, sözlərdən yox. Deyir, niyyətin hara - mənzilin də ora. Dünya gör-götür, ibrət dünyasıdır. Kim daha çox ibrət götürsə, cəmiyyətə və özünə daha faydalı olur. Müdrik adam isə hansı yaşda olur-olsun, ömrünün sonunadək başqalarının da səhvlərindən nəticə çıxarandır.
Yazıya bu girişlə başlamağımızın səbəbi var təbii ki. Məsələ ondadır ki, bugünlərdə Rusiyanın keçmiş və demokrat baş naziri Yeqor Qaydarın qızı, Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilinin özünə təzəlikcə müavin təyin elədiyi rus qızı, gənc siyasətçi Mariya Qaydar Azərbaycanın bəzi siyasətçilərinin ibrət götürə biləcəyi bir açıqlama verib.
Mariya Ukraynaya işləməyə getməsinin səbəbini belə izah edib. Sitat: “Mən həmişə Ukraynanın ərazi bütövlüyünün tərəfdarı olmuşam və həmişə də Krımın ilhaqı, Ukraynanın şərqində aparılan müharibənin qəti əleyhinə çıxmışam. Bu mövqeyimi Rusiyada da dəfələrlə bəyan eləmişəm. Rəsmi siyasət və müharibə ilə razılaşmamağım Ukraynaya işləmək qərarı verməyimin səbəblərindən biridir”.
Yada dərhal Milli Şuranın mühacir fəxri sədri Rüstəm İbrahimbəyovun Krımla bağlı söylədikləri düşür. Rüstəm bəy ötən ay Amerika nəşrlərindən birinə qalmaqallı müsahibəsində Krımın xalis rus torpağı olduğunu demişdi. Bununla da yarımadanın işğalına və demək, Ukraynaya təcavüzə haqq qazandırmış, eyni zamanda beynəlxalq hüquqa hörmətsizlik göstərmişdi. Ən önəmlisi, belə bir açıqlama ilə dolaysıyla Dağlıq Qarabağın da işğalına bəraət verərək, antimilli bir mövqe sərgiləmişdi (Maraqlıdır ki, həmin mövqeyə görə onu nə MŞ sədri Cəmil Həsənli qınadı, nə də Əli Kərimli - əksinə, onu müdafiə etməyə çalışdılar).
***
Bu, indi rus qızının Krımla bağlı prinsipial və ədalətli mövqeyi, bu da damarında azərbaycanlı qanı axan MŞ fəxri sədrinin yanaşması: Rüstəm İbrahimbəyov yüzdə yüz hansısa korporativ maraqlar naminə rusdan da artıq rus olmaq istəyir, “Roma papasından artıq katoliklik” edir, rus qızı Mariya isə səmimi olaraq ədalətin, haqqın tərəfini tutmağı özünə borc bilir - öz ölkəsində buna görə sərt tənqidlərə, hətta hədəflərə məruz qalsa da.
Və bununla Mariya Qaydar sözsüz ki, Azərbaycana da xidmət göstərmiş olur - Krım timsalında postsovet məkanındakı bütün işğalları pisləməklə, Ukrayna timsalında bizim də ərazi bütövlüyümüzü müdafiə eləməklə. Əminəm ki, Qarabağla bağlı da ona sual verilsə, eyni cavab olacaq: Azərbaycan torpaqları işğal olunub. İndi bizim üçün bu iki şəxsdən hansı daha qiymətlidir sizcə? Sözsüz ki - Mariya Qaydar.
Təşəkkürlər, Mariya, cəsur rus qızı! Sən bu mövqeyinlə həm də MŞ-də döşünə döyən bəzi siyasət adamların siyasət və mənəviyyat dərsi keçdin. Gerçəkdən də “Ot kökü üstə bitər”...
***
Azərbaycan əlbəttə ki, Aurelio Qriqoriu, Mariya Qaydar kimi prinsipial, milli maraqlarımıza xidmət edən fədakar xanımları, siyasətdəki dişi aslanları dəyərləndirməli, onların qədrini bilməlidir. Erməni bizim yerimizdə olsaydı... Hərçənd, bu dəqiqə rəsmi Bakı asqıranda da az qala üzünü şimala tutur...
***
Axı biz niyə beləyik? Baxın, erməni dünyanın hər yerində ermənidir. Şarl Aznavur Fransada doğulub və boya-başa çatıb. Ancaq təfəkkürcə, milli ruhca Serj Sərkisyandan geri qalmır və Ermənistana bağlı adamdır. Dağlıq Qarabağ məsələsində də erməni cəmiyyəti nə deyirsə, o da eyni mövqedədir.
Bizdə isə Azərbaycanda doğulan, onun çörəyini yeyib-suyunu içən azərbaycanlı 1-2 il Rusiyada, başqa ölkədə yaşayan kimi başlayır öz xalqına, onun maraqlarına, dilinə, dərd-sərinə yuxarıdan aşağı baxmağa, Vətənə bir çimdiklik xeyri dəymədiyi halda Vətəndən gileylənməyə, ən betəri, Azərbaycanın köklü mənafeyini yaşadığı dövlətin maraqlarının ayağına verməyə.
Heç olmasa, rus qızı Mariyadan nümunə götürün.

Bizə qoşulun