Sabah - iyunun 26-ı Azərbaycanda Silahlı Qüvvələr günü qeyd ediləcək. Qısa arayış üçün bildirək ki, bu tarix Azərbaycan Demokratik Respublikası hökumətinin 1918-ci il iyunun 26-da verdiyi qərarla bağlıdır. Həmin qərar Cümhuriyyətin ilk hərbi hissənin - əlahiddə korpusun yaradılması nəzərdə tuturdu.
Azərbaycan prezidentinin 1998-ci il tarixli qərarı ilə 26 iyun Silahlı Qüvvələr günü elan edilib. Bu da özlüyündə doğru idi, çünki ən azından iki respublika arasında siyasi vərəsəliyi nümayiş etdirir. Ancaq təəssüflər olsun ki, indiki Azərbaycan Respublikası ilə 97 il öncəki ADR arasında vərəsəlik bağları barmaqla sayılacaq qədərdir, daha dəqiqi, 3-cü respublikanın (Azərbaycan SSR-i də saysaq) 1-ci respublikanın varisi olduğu ən çox kağız üzərində görünür.
Məsələn, 96-95 il öncə Azərbaycanın gerçək mənada çoxpartiyalı parlamenti mövcud idisə, indi - XXI əsrdə birparlamentli qanunverici orqan fəaliyyət göstərir, hakim partiya xaric, ölkədə mövcud olan digər ciddi siyasi qüvvələrin heç biri orada təmsil olunmur. Yəni siyasi və vətəndaş haqları, ümumbəşəri dəyərləri əxz eləmək baxımından vərəsəlikdən danışmağa dəymir.
Müxtəsəri, əməlli-başlı geriyə getmişik. Elə olmasaydı, 97-95-ci il öncə demokratiklik göstəricilərinə görə Azərbaycandan heç də qabaqda olmayan Gürcüstan Respublikasını bu gün “Freedom House” beynəlxalq insan haqları təşkilatı son hesabatında hibrid (yarım-demokratik) ölkələr siyahısına saldığı halda, Azərbaycanı ən avtoritar ölkələr qrupuna salmazdı.
Elə olmasaydı, Avropa Şurası Parlament Assambleyası (AŞPA) srağagün ölkəmizdə təməl haqların durumu ilə bağlı daha bir sərt qətnamə qəbul eləməzdi. Şübhə yox ki, indiki Azərbaycan Respublikasının yönəldənlər əməldə də cümhuriyyət dəyərlərinə, böyük Məmmədəmin Rəsulzadə və silahdaşlarının irsinə sədaqətli olsaydılar, AŞPA belə sənəd qəbul etməyə cürətlənməzdi. Necə ki, bunu illərdir Gürcüstanın timsalında edə bilmirlər.
İş də ondadır ki, Avropanı, Qərbi nə qədər ikili standartlarda suçlasaq da (məsələn, Dağlıq Qarabağ məsələsində), acı həqiqət belədir ki, Azərbaycan iqtidarı da insan haqlar məsələsində ikili standartdan qurtulmayıb və təkcə elə siyasi dustaqların mövcudluğu ilə ölkəmizin istəməyən dairələrin əlinə illərdir tutarqa verir.
Baxın: hökumət dünyanı, Qərbi, Avropanı qınayır ki, Qarabağ həqiqətlərini görmək istəmir, ədalətsiz mövqe tutur və s. Ancaq eyni zamanda özü həmin Qərbin, dünya birliyinin Azərbaycanda siyasi dustaqların olması barədə verdiyi bəyanatları, etdiyi çağırışları, müraciət-xahişlərini ciddiyə almır, bunu yalan, qərəz, “erməni təxribatı” adlandırır, “bizdə heç kim siyasi əqidəsinə görə həbs olunmayıb, onlar konkret cinayət əməli törədənlərdir” deyir. Halbuki, həqiqətən də Azərbaycanda siyasi baxışlarına görə həbsə salınanlar, haqsız türmə cəzası kəsilənlər var. Oərəz, o da ikili standart, bu da ikili standart.
Yeri gəlmişkən, Azərbaycanda siyasi-vicdan məhbusları arasında Qarabağ müharibəsinin veteranı Tofiq Yaqublu da var. Deyirik, bəlkə heç olmasa, Ordu Günü münasibətilə Tofiq Yaqublu da daxil, onların hamısı azadlığa buraxılsın? İnanın, mübarək Ramazan ayında belə bir savab addım Allaha da xoş gedərdi, Avropa Şurasına və ABŞ-a da. Hələ biz məhbusların ailə üzvlərini demirik.
Avropa Oyunlarının bitməsi ərəfəsində, mübarək ay və Ordu Günü naminə - bəlkə bir cəhd edilsin?!
