Medianews.az
Rusiya ilə bahalı dostluq
434 baxış

Rusiya ilə bahalı dostluq

zahid yeni razmer
Yeni həftə rəsmi Bakının Rusiyaya yeni və maraqlı reveransları ilə başladı. Təkcə o fakt ki, xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyinin Riqa tərəfdaşlıq sammitindən qayıdan kimi Moskvaya yollanıb, orada isə Rusiya baş nazirin müavini, qatı antiqərbçi Dmitri Roqozinlə də görüşüb, üstəgəl, onunla eyni gündə Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov da Moskvada olub – özlüyündə az şey demir.
Həm nazirin, həm də vitse-spikein keçirdiyi görüşlərdə qırmızı xətt kimi keçən əsas fikir isə Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın uğurla davam etməsi və strateji əhəmiyyət daşıması olub. Ancaq belədirmi? Azərbaycan-Rusiya münasibətləri tutaq ki, Azərbaycan-Türkiyə münasibətləri qədər strateji mahiyyət daşıya bilərmi?
Sözsüz ki, yox. Ən azından ona görə ki, strateji tərəfdaş dövlət strateji tərəfdaşının probleminə biganə qalmır, onun problemini, dərdini öz dərdi və problemi sayır. Kreml isə bizim əsas məsələmiz olan Dağlıq Qarabağ düyününün açılmasına nəinki laqeyddir, üstəlik, illərdir əlində ciddi imkan və rıçaqlar ola-ola, konfliktin nizamlanmasına həvəs göstərmir; hələ harasıdır ixtilafı süni surətdə uzatmaqla Azərbaycana gizli-aşkar təzyiqlər göstərir, hədələyir, münaqişənin ədalətli həll prosesinə pəl vurur.
Misal üçün, ötən müddətdə dəfələrlə olub ki, problem bir balaca yerindən tərpənən kimi Moskva təxribatlara əl atıb - təmas xəttində vəziyyəti gərginləşdirməklə, Kəlbəcərin işğalına zəmin yaradıb AXC iqtidarının süqutuna səbəb olmaqla (1993), Ermənistanda hakimiyyət dəyişikliyi həyata keçirməklə (1998), bu ölkənin parlamentini gülləboran etdirməklə (1999) və s.
Bu da konfliktin həllində Moskvanın maraqlı olmadığını təsdiqləyən növbəti və isti fakt: iş ondadır ki, Elmar Məmmədyarovun Rusiya səfəri Qarabağ məsələsində Kremlin ənənəvi mövqeyinin dəyişmədiyinin təsdiqləyib. Belə ki, Lavrov şablon ifadələrlə bir daha bəyan edib ki, “Moskva ixtilafın həllinə köməyini davam etdirəcək, ancaq öncə münaqişə tərəfləri özləri öz aralarında razılığa gəlməlidir”.
Halbuki az qala uşaq da bilir, tərəflərin Bakı ilə İrəvanın indilikdə öz aralarında razılığa gəlməsi mümkün deyil, çünki Rusiyanın marioneti və forpostu olan Ermənistanın problemin həllində söz sahibi deyil və İrəvan Moskvanın izni olmadan heç bir güzəştə getməz, onun diktəsindən kənara çıxmaz, hər hansı sənədə qol çəkməz.
O ki qaldı Rusiyanın Azərbaycana verdiyi silah-sursata, əvvəla, Moskva bunu havayı vermir, dünya qiymətlərinə satır və kasad büdcəsi üçün babat da qazanc götürür. İkincisi isə, ordumuzun Rusiya istehsallı hərbi texnikası ilə komplektləşdirilməsi əslində elə Rusiyadan asılılıq deməkdir ki, bu da ən çox sonuncunun maraqlarına cavab verir...
Deyilənləri yekunlaşdırsaq, belə qənaət hasil olar ki, Rusiya Azərbaycanın strateji müttəfiqi deyil, sayıla bilməz. Müşahidələr göstərir ki, Bakının son reveransları olsa-olsa, Azərbaycanda insan haqları problemini daha çox qabardan Qərbə, ABŞ-a qarşı bir kontur-gedişdir, belə demək caizsə, özünüqoruma ehtiyacından doğan siyasi instinktdir. Ayrı sözlə, yaxınlaşma əsla Rusiyaya qarşı sevgidən qaynaqlanmır, bir az xofdan, bir az da ölkədə çoxdan vaxtı çatmış islahatların önünü açmağa dirənişdən mənbə götürür...
*****
Rusiya ilə dostluq yalnız bəlli bir xəttə kimi mümkündür. Ona görə ki, bu dostluq uzunmüddətli ortaq maraqlara və ya ümumbəşəri (universal) dəyərlərə əsaslanmır, yalnız idarəçilik sistemlərindəki oxşarlıqlardan qaynaqlanır. “Qırmızı xətt”dən o yana isə Azərbaycan üçün real təhlükələr gəlir.
Məsələn, Rusiya çox istəyərdi ki, Azərbaycanla “strateji tərəfdaşlıq” özünü ölkəmizdə, ələlxüsus da Dağlıq Qarabağda rus hərbi bazalarının bərpasında göstərsin. Özü də Kreml bunu münaqişənin həmişəlik və ədalətli həll kontekstində yox, SSRİ-sayağı həll, daha doğrusu, Avrasiya Birliyi çərçivəsində və faktiki, konservasiya müqabilində görür.
Dəyərmi belə bahalı dostluğa?
 

Bizə qoşulun