Medianews.az
Yollarımıza dadanmış “trafik canavarı”
446 baxış

Yollarımıza dadanmış “trafik canavarı”

samir sari kose 1Haqqında sizə bəhs edəcəyim filmə Novruz bayramından bir-iki gün əvvəl baxmışam. Türk filmidir, almanlar və fransızlarla birgə, 1992-ci ildə çəkilib. Baş rolda İlyas Salman oynayır. Çox həyati filmdir, heç deməzsən, türklər çəkib.
“Fikrimin incə gülü – sarı “Mersedes”” adlanan həmin filmə baxa-baxa məhz bu günü – Novruz bayramında rayonlara səfərə çıxacaq adamları və yollarda onların üzləşəcəyi qəzaları düşünmüşdüm. Qəzalar olmasaydı, bu yazı da yazılmayacaq, o film xatırlanmayacaqdı.
Filmin motivi belədir: Orta Anadoluda yaşayan Bayram adlı gənc bir az pul-para qazanmaq üçün Almaniyaya gedir. Yetim Bayram orda süpürgəçilik edir, əl-ayaq işlərinə baxır, yemir-içmir, pul toplayır, axırda qızıl sarısı bir “Mersedes” markalı avtomobil alır və təşər-təşər öz şəxsi avtomobili ilə üz qoyur vətəninə tərəf. Türkiyənin sərhəd qapısına dirənənə qədər Bayramın və sarı maşının başına heç nə gəlmir, amma sərhəddən içəri keçəndən sonra Bayramın qara saatları başlayır. Əvvəlcə maşınının burnundakı ulduzu oğurlayırlar, sonra tıxacda arxa stopunun şüşəsini qırırlar, daha sonra öndə gedən yük maşınının təkərindən çıxan daş sarı “Mersedes”in ön şüşəsinə dəyib yumruq boyda ağ ləkə əmələ gətirir. Lap axırda Bayramın yoluna kombayn çıxır və o sürətlə kombayna girməmək üçün maşını yoldan sapdırır, maşın dərəyə aşır. Bayramın “Balqız” adı verdiyi təzə avtomobil əzik-əzik, cırıq-cırıq olur, qırx ilin istismardan çıxarılıb qaraja atılmış maşınlarına dönür.
 Filmdə bir detal qabarıq verilib. Bayram yol boyu irəlilədikcə hər 5-10 kilometrdən bir sağda, solda qəzaya uğramış maşınları görür və başını bulaya-bulaya deyir: “Bu nə məmləkət ya?”
Filmə baxırsan və müasir Türkiyənin yollarında baş verən qəzaların statistikasını öyrənərəkən görürsən ki, vəziyyət 23 il öncə yetim Bayramın yollarda qoyub gəldiyi kimidir. Bu ölkədə yollar nə qədər abadlaşdırılırsa, hamarlanırsa, qəzalar bir o qədər artır və hər axşam telekanalların xəbərlər bülletenində “Trafik canavarı yeni yoldaydı, toplam 25 can aldı” deyə qəza xəbərləri verirlər.
Son illərdə o “trafik canavar”ı bizim yollara da dadanıb. Xüsusilə də uzun tətilli bayram günlərində rayonlara gedib-gələn onlarca insan yol qəzalarına uğrayırlar.
Şəxsən özüm martın 21-də və 22-də yol boyunca yeddi-səkkiz qəza gördüm. Xoşbəxtlikdən, heç birində ölüm və ağır yaralanma hadisəsi olmamışdı, eləcə, maşın-maşına dəymişdi. Bizim camaat belə yerdə deyir: “Qırılırdıq, Allah saxladı”.
Bəzən isə sürət elə yüksək olur ki, onları heç Allahın qoruyucu mələkləri də saxlaya bilmir.
Budur, bayram günlərinin qəza statistikası belədir: “Martın 20, 21, 22-də 25 yol nəqliyyat hadisəsi baş verib, nəticədə 9 nəfər ölüb, 25 nəfər xəsarət alıb”.
Bu, hələ qeydə alınanlardır. İki bu qədər də “Allah saxlayanlar” var. Onlar yüngül qəzaya uğradıqdan sonra bir-birilə razılaşaraq, DYP gəlməmiş sürüb hadisə yerindən gedənlərdir. Beş bu qədər isə qəzadan son anda, son saniyədə qurtulan, təxminən beş dəqiqə ərzində şokda olan, 45 dəqiqə ərzində söyə-söyə yola davam edənlərdir.
Qəza xəbərinin sonunda oxuyuruq ki, DYP-nin məsul işçisi sürücülərdən diqqətli olmağı xahiş edir: "Xüsusilə havaların yağmurlu keçməsi ilə əlaqədar sürücüllər diqqətli olmalı, əsasən ara məsafəsinə, avtomobilin idarə edilməsi zamanı sürətə fikir verməlidir".
Xeyri yoxdur, qardaşlar, xeyri yoxdur. Bu problem qardaş Türkiyədə hələ də aktuallığını qoruyub saxlayır, hələ bir az da şiddətlənib. Hətta iki-üç il əvvəl prezident Abdulla Gül məmləkətlərinə əzizləri ilə bayramlaşmağa gedən sürücülərə yolda ehtiyatlı olmağı tövsiyə etmişdi, amma bayramın son günü məlum oldu ki, yollarda 58 adam qəzada həlak olub.
Biz də o gündəyik. Nə sözə, tövsiyəyə qulaq asanıq, nə düz-əməlli maşın sürməyimiz var. Sükan arxasına oturan elə bilir ki, mənzil başına 4 saata yox, 4 saat 15 dəqiqəyə çatsa çayçıda onu barmaqla göstərib güləcəklər. Daha anlamır ki, sürətlə sürəndə də çayçıda gülənlərin əvəzinə qohum-əqrəbanı ağlatmaq riski var.

Bizə qoşulun