Medianews.az
Dünyada elədir, bizdə belə
389 baxış

Dünyada elədir, bizdə belə

samir sari kose 1Bizdə olan hər dərddən bütün dünyada da var. Eləcə də dünyada olan hər dərd-bəlanı bizdə də tapmaq olar. Yalnız xırda istisnalar mümkündür. Məsələn, korrupsiya və inhisarçılıq bütün dünyada var - böyük ABŞ-dan tutmuş ən xırda, “çubuş” ölkələrə qədər. Rüşvəti Fransada da alırlar, Filippində də, Burkina Fasoda da. Atalar oğullarına geniş biznes şəbəkəsini Meksikada da qurur, Mərakeşdə də. Prezidentin oğlunun prezident, nazirin oğlunun nazir, prokurorun oğlunun prokuror olması halları ABŞ, Şimali Koreya, Suriya, Filippin, Pakistan və sair bu kimi ölkələrdə rast gəlinən haldır. İnsan haqlarının tapdanması, işgəncə halları bütün dünyada var. Quantanamo, “Əbu-Qreyb”, “Evin”, “Lefortovo” kimi həbsxanalardan saatlarla danışmaq olar. İqtisadi böhran, inflyasiya, milli valyutanın dəyərsizləşməsi halları bütün dünyada var – Rusiyadan Argentinaya, Yunanıstandan İndoneziyaya qədər. Seçkilərin saxtalaşdırılması, bir partiyanın ömürlük hakimiyyəti, silsiləvi şəkildə seçki qələbələri qazanması faktı dütün dünyada var – ABŞ, Yaponiya, Cənubi Koreya, Kanada, Norveç, İsveç və bu kimi azsaylı ölkələr istisna olunmaqla. Yağış, qar və sair atmosfer çöküntüləri bütün ölkələrdə problem yaradır – Banqladeşdən ABŞ-ın Nyu-Orleanına, Çiliyə qədər. İntihar hadisələri bəxtəvər Yaponiyadan xoşbəxt Norveçə, bədbəxt Myanmadan kasıb Ruandaya qədər bütün ölkələrdə olur – birində az, birində çox. Yol qəzalarına şüşə kimi hamar avtobanlara malik Almaniyadan tutmuş yolsuz Zimbabveyə qədər bütün ölkələrdə rast gəlmək olar. Qətl hadisələri Hollandiya və Danimarka kimi sakit, İraq, Suriya kimi nadinc və qaynar ölkələr də daxil olmaqla bütün dünyada baş verir. Dünyada demək olar ki, bütün ölkələrin öz qonşuları ilə ya ərazi problemləri var, ya da vaxtilə olub. Yalnız Avstraliya, İslandiya kimi qonşusu olmayan ada-dövlətlər istisna ola bilər. Narkomaniya bütün ölkələrdə var. Əfqanıstanda camaat kütləvi şəkildə küçədə nəşə çəkib hallanırsa, Qərb ölkələrində xüsusi yerlərdə kef edirlər. Haram pullarla harınlayıb qudurmuş, özlərini firon sayan məmurlar dünyanın hər bir ölkəsində var – Bruneydə də, Burundidə. Millətçilər və kosmopolitlər, eləcə də möminlər və ateistlər dünyanın bütün ölkələrində yaşayırlar və hər yerdə dalaşırlar. Sadəcə, elə ölkələr var ki, ateistləri hansı ağacın altında tutsalar, elə orda asırlar. Bir sözlə, bütün dünyanı sarmış bütün naqisliklər, qüsurlar, problemlər hər yanda olduğu kimi bizdə də var. Ona görə də YAP başbilənləri “Bu mərətdən bütün dünyada var” deyərkən haqlıdırlar, özlərindən demirlər. Araşdırıblar. Fərq sadəcə miqyasdadır. Normal dövlətlərdə korrupsiyaya qurşanan məmurların sayı bir-iki faizdirsə, bizdə qurşanmayanların faizi o qədərdir. İsveçdə, Norveçdə, Hollandiyada, Finlandiyada yol qəzalarında ildə 35-40 adam həlak olursa, bizdə ayda o qədər adam ölür. Başqa ölkələrdə təbii fəlakəti tornado, musson yağışları, səmum yeli yaradırsa, bizdə göydən yerə nə düşürsə, problem əmələ gətirir. Firavan ölkələrdə intihara psixikasında problem olanlar əl atırsa, bizdə daha çox dolanışığın ağırlığından bezənlər bu addımı atırlar. Başqa ölkələrdəki iqtisadi böhranın, milli valyutanın dəyərdən düşməsinin yüz cür səbəbi varsa, bizdə səbəb ya bir olar, ya iki – inhisarçılıq və inzibatçılıq. Demokratik ölkələrdə oğullar atalarının vəzifəsini bir müddətdən sonra seçki yolu ilə tuturlarsa, bizdə həm dərhal, həm də təyinat yoluyladır. Mədəni ölkələrdə haram pullarla qudurğanlıq edənlər cəzalandırıldığı halda, bizdə hamını onlar cəzalandırır. Qətl hadisələri dünyanın başqa ölkələrində ciddi şeylər üstündə olar, bizdə heç nə üstündə. Uzun sözün kəsəsi, dünyanın inkişaf etmiş ölkələrinin daxilində problemlər varsa, bizdə ölkənin özü problemlərin içindədir. Könül istər ki, bizdən pis gündə olanlara baxıb şükür etməyək, bizdən yaxşı halda olanlara baxıb onlar kimi olmağa cəhd edək.

Bizə qoşulun