Medianews.az
Təkzibedilməz versiyalar
404 baxış

Təkzibedilməz versiyalar

samir sari kose 1
Ürəkdən inanırlar ki, düz deyirlər. Dediklərinə əmindirlər. Son dərəcə qərəzli olanlarla yanaşı, çox səmimi olanlar da var. Hətta polemikaya girməyi də artıq, izafi iş sayırlar, deyirlər, hər şey ortadadır, gün kimi aydındır, aksiomadır, ta nə müzakirə.
Bu əminliyin qarşısında tab gətirmək çətindir. Gərək ya susub dinləyəsən, ya da dinləməyib susasan və əmin adamların audensiyasını tərk edəsən.
Məsələn, ölkəmizdə minlərlə, regionda yüz minlərlə, dünyada milyonlarla adam əmindir ki, 11 sentyabrı ABŞ özü təşkil edib. Səbəbi barədə də geniş danışırlar, ortaya təkzibedilməz dəlil-sübutlar, ciddi fərziyyələr irəli sürürlər.
Xatırlayıram, ilk belə versiya hadisənin ertəsi günü, 2001-ci ilin 12 sentyabrında səslənmişdi. Amerika FTB-sinin, MKİ-sinin, digər leqal və gizli servislərinin minlərlə əməkdaşları əkiz göydələnlərin qalaqları içində eşələnərək təhqiqat apardıqları, dünyanın ən böyük terror aktının kimlər tərəfindən törədildiyini araşdırdıqları vaxt, bizim ölkədə, eləcə də regionumuzdakı ölkələrdə yüzdəyüz dəqiqlik və əminliklə 11 sentyabr teraktını kimin törətdiyini tapmışdılar: “Özləri edib”.
Məqsəd də müsəlman dünyasına savaş açmaq, filan ölkələri ölkələri işğal etməkmiş. Sanki başqa bəhanə tapmaq mümkün deyildi, mütləq ABŞ-ın başına bu boyda bir faciə gəlməliydi və ölkənin etibarı əkiz göydələnlər kimi yerlə bir olmalıydı, prezident Buş qaçıb bunkerə girərək özünü rüsvay etməliydi.
Sonrakı illərdə bu versiyaya inananlar o qədər çoxaldı ki, artıq “11 sentyabr teraktını ABŞ etməyib” demək təhlükəlidir - təxminən Fransada “erməni genosidi olmayıb” demək kimi bir şeydir. Düzdür, buna görə adamı Fransadakı kimi tutmazlar, amma söyərlər.
Fransa demişkən, Parisdə baş verən axırıncı terror aktının qurbanlarının qanı axmaqdaykən, fransız təhqiqatçılar hadisə yerinə üstünə “girmək olmaz” xəbərdarlığı yazılmlış narıncı lent çəkərək, alət-hacətlərini hazırlayıb işə başlayanda ölkəmizdə və regionumuzda “Çarli Hebdo” jurnalının əməkdaşlarını kimlərin güllələdiyinə dair birmənalı versiya səsləndi: “Özləri edib”. “Özləri”  - yəni Fransa dövlətinin özü. Nəsə marağı varmış, yaxın günlərdə bilinəcək.
Bu versiya da müzakirəlik deyildi. İddiaçılar əminliklə deyirdilər ki, “özünüz də bilirsiniz ki, bunu fransızlar özləri edib”. Bir çox adamlar istər-istəməz razılaşmalı olurdular - bu qədər əminlik olan yerdə necə razılaşmayasan?
Sonradan fransız təhqiqatçılar hadisəni törədən şəxslərin adını açıqladı, terrorçular özləri də öldürülməzdən qabaq bəzi etiraflar etdilər, hətta teraktı sifariş edən təşkilat (“əl-Qaidə”nin Yəmən qolu) da terakta görə məsuliyyəti boynuna götürdü, amma bizim əminliyimiz hələ də sarsılmayıb: “Fransanın öz oyunudur”. Hər gün 7 yanvar teraktını Fransanın özünün törətdiyinə inananlar artır.
Bir bunlar deyil, minlərlə insan əmindir ki, vaxtilə Rusiyada baş verən dəhşətli terror aktlarını (Beslanda şagirdlərin girov götürülməsi, Kaşir şossesində binanın partladılması, “Nord-Ost” müziklində yüzlərlə tamaşaçının əsir-yesir edilməsi və s.) RF prezidenti Putin özü törədib. Məqsəd nəymiş? Çeçenləri ram etmək.
Belə xüsusatlar bizim də başımıza gəlib. Məsələn, minlərlə rus və ruspərəst insan sabah 25-ci ildönümünü qeyd edəcəyimiz 20 Yanvar faciəsini azərbaycanlıların özlərinin törətdiyinə əmindirlər. Xocalı faciəsindən söhbət düşəndə ermənilər eyni əminliklə deyirlər: “Bu faciəni azərbaycanlılar özləri törədib”. Niyə? Cavabları hazırdır: “Mütəllibovu devirmək üçün”.
İndini bilmirəm, amma arada cənab Mütəllibov özü də inanırdı ki, məhz belədir.
Bu məntiqlə yəhudiləri də qınamaq olar ki, II dünya müharibəsi zamanı Xolokostu özləri törədiblər və məqsədləri Yaxın Şərqdə dövlət qurmaq olub. Yaxud Qəzza sektorundakı qırğınları eyni motivlə fələstinlililərin boynuna yıxmaq mümkündür.
Bəli, biz 30 saniyə yaşamaq haqqı olmayan versiyaların doğulub böyüdüyü, ayaq tutub yeridiyi, qocalıb getdiyi və tarixə həqiqət kimi gömüldüyü bir dövrdə yaşayırıq.

Bizə qoşulun