Medianews.az
Səslə qazanılan sərvətlər
475 baxış

Səslə qazanılan sərvətlər

images_dekabr_kose samir sari
Dünyanın hər yerində belədir: kasıblar oturub varlıların sərvətini hesablayır. Özü də bunu əsasən jurnalistlər edir. Birincisi, jurnalistlər də kasıb təbəqəyə mənsubdurlar, ikincisi işləri budur.
Cümlə cahan kasıblarında belə bir qənaət var ki, zənginlər bu pulu onlardan oğurlayıblar. Marks da belə deyirdi, Lenin də. Sübut da edirdilər.
Ancaq elə bir dövran gəlib yetişdi ki, artıq bir çox zənginlərə “bizdən oğurlamısan” demək mümkün deyil. Məsələn, milyarder Bill Qeytsə. Adam tələbə vaxtı kasıbdan da kasıb, arıq-civirtdək bir gədə olub. Sadəcə, onunla bizim kasıb tələbələrin fərqi o olub ki, Billidə ağıllı baş varmış və o, başını işlədərək şirkət qurub, yeni texnologiyalar icad edib, nəticədə sıfırdan başlayaraq gəlib milyarderə çevrilib. İndi ona necə deyəsən, alçaq Billi, sən bizdən oğurladığın pullarla milyarder olmusan.
Müasir dövrdə belə adamlar çoxdur. Onlardan biri də uşaqlığında, yeniyetməliyində kasıbçlıqdan əyni düz-əməlli paltar, ayağı, özü demişkən, kundura görməyən, tam orta təhsil ala bilməyən türkiyəli müğənni İbrahim Tatlısəsdir. Bu günlərdə türkiyəli həmkarlarımız onun sərvəti barədə “dodaq uçuqladan sərvəti var” deyə xəbərlər yazıblar və başına güllə dəyəndən sonra onsuz da sinirli olan İbo möhkəm hiddətlənib. O hiddətlənib də, jurnalistləri məhkəməyə verməyib, adam tutub döydürməyib, eləcə türkün sözü, mal varlığının siyahısını tərtib edib, bir də beş-altı cümlə mesaj yazaraq, altına “İbrahim Tatlısərvət” imzası qoyuban mediaya göndərib. Məşhur müğənni (rejissor, aktyor, iş adamı) həmin mesajda yazır ki, o bu sərvəti qazananda heç kəs onunla birlikdə olmayıb, özü də dövlətdən beş quruş almayıb, nə qazanıbsa səsi ilə qazanıb.
Söz yox, düz deyir, kasıb bir urfalı balası İstanbula gələndə səsdən başqa nəyi vardı ki. Olsa-olsa, bir də taxta çamadanı vardı, onun da içində uzağı bir köynəyi, corabı və s.
Amma indi cənab Tatlısəsin mal varlığına baxırsan, kabab salonları, villaları, mağazaları, otelləri, gəmisi, bahalı avtomobilləri, torpaq əraziləri, telekanalı, şirkətləri, xeyli sərvəti var (təbii ki, özünə qismət) və o bu sərvəti heç kəsdən oğurlamayıb, səsiylə qazanıb, qazandıqca da artırıb.
Hə, indi gələk öz milyonçu və milyarderlərimizə. Bizdə Tatlısəs kimi “nervilənərək” ortaya mal varlığının siyahısını qoyan milyonçu görməmişəm. Belə bir şey edən olsaydı, xəbərim olardı. Olmayıb.
Hərçənd bizim jurnalistlər də tez-tez bu və ya digər vəzifə adamlarının sərvəti barədə tam olmayan, ancaq dəqiq məlumatlar yazmağa cəhd edirlər və bu iddialar bir qayda olaraq təsdiqlənmir. Hətta sərvəti faş edilmiş adam çıxıb yekə-yekə danışır ki, jurnalistlər sübut etsinlər ki, o otel (villa, şirkət) mənimdir, onu onlara bağışlayacam. Jurnalist də sübut edə bilmir ki, çünki həmin obyekt həmin şəxsin qardaşının qaynının xalası oğlunun (ya da əsgər yoldaşının qardaşının) adınadır. İlk baxışdan o, tamam yad adamdır. Təkcə ailə bağını ortaya çıxarmaq üçün ortaya bir çamadan metrika tökmək lazımdır.
Bir də qədirbilən xalqımız belə haqq-hesabları sevmir, hər dəfə götürüb uyğun materialın altına şərh yazır ki, sizin də işiniz-gücünüz qurtarıb, oturub camaatın pulunu hesablayırsınız.
Ancaq gün gəlir, həmin şəxs hansısa səbəbdən ilişir (əsasən də hökmdarın üzünə ağ olmasına görə), onda müstəntiqlər, prokurorlar, vergi müfəttişləri adamın əsl mal varlığını tərtib edir, cinayət işinə salırlar, o da məhkəmədə oxunur, ordan da qəzetlərə düşür. Bir dəfə elə bir şey olmuşdu, yazıq hakim düz yarım saat dayanmadan müttəhimlərdən birinin malik olduğu sərvətin siyahısını oxumuşdu, arada 3 dəfə boğazının quruması səbəbindən su içmişdi (hələ o da məlum olmuşdu ki, hakimin içdiyi suyu da müttəhimin şirkəti istehsal edir).
Belə olanda da baxırsan ki, belə deyirlər: “Pah atonnan. İnsan nə qədər acgöz olar? Bu qədər malı-mülkü neynəyirmiş bu?”
Yəni bir qayda olaraq ilişən, vurulan oliqarxın mal-mülkü gözə görünür, iş başında olanların oğurladıqları sərvətdən yazanda deyirlər, paxılsınız, camaatın pulunu hesablayırsınız.
Əslində bizimkilər də o boyda sərvəti səs hesabına qazanırlar. Amma bu səs İbodakı səsdən deyil, seçkilərdə verilən səsdir. Tərs kimi, bu səs də oğurluqdur.

Bizə qoşulun