Medianews.az
Təhsilin rasionallaşdırılması
651 baxış

Təhsilin rasionallaşdırılması

zamin yeni razYaxud milli əsgər rasionu Milli problemlərimizdən biri artıq cəbhə xətti səviyyəsində öz həllini tapıbdır, xəbəriniz olsun. Cəsur müdafiə nazirimiz Zakir müəllimin bilavasitə rəhbərliyi altında milli xörəyimiz dolma erməni işğalçılarının əlindən alınmışdır. Bildiyimiz kimi, erməni yaramazlar həmişə iddia edirdilər ki, guya dolma onların xörəyidir. Ancaq NATO-nun NASA-ya, onun da Müdafiə Nazirliyimizdəki gizli mənbələrə istinadən verdiyi xəbərə görə (məlum müşavirədən sonra idarə alınmaz qaladır, ordan nəinki xəbər sızır, heç üstündən quş uçmur), təzəlikcə əsgərlər üçün hazır dolma yeməkləri istehsal edilibdir, şəxsən müdafiə naziri bu yeməklərə baxıb “nuş olsun” demişdir. Xəbərin şəkli var idi (çəkəni öldürüblər sonra), ordan görünürdü ki, müdafiə naziri Zakir müəllim şəxsən dolmalara nəzarət edir, o cümlədən dolma konservləri bir neçə çeşiddə hazırlanaraq əsgərlərimizin qida rasionuna daxil edilibdir. Bunlardan kələm və yarpaq dolmasını, o cümlədən el arasında “üc bacı” adıyla tanınan badımcan, bibər və pomidor dolmasını qeyd edə bilərik. Çox şad xəbərdir. Bəs necə, ermənilərin bacarığı varsa onlar da dolma konservi düzəltsin. Düzəldə bilməzlər, çünki bu, bizim yeməkdir. İnşallah, yaxın gələcəkdə respublika rəhbərliyinin diqqət və qayğısı sayəsində “Sarı gəlin” konservlərinin də hazırlanması prosesi tənzimlənəcəkdir. Biz düşməni öncə elm, bilik, ziya, nur, savad, aspirantura, BDU, ATU, Sabir adına pedaqoji texnikum, Azərbaycan Yazıçılar Birliyi səviyyəsində məğlub etməliyik. Ondan sonra lazım gəlsə, silah yolu ilə. Hərçənd bu gedişlə lazım gəlməyəcəkdir. Qoy cəbhə xəttində əsgərimizin açdığı dolma konservinin qoxusu yaramaz düşmənin burnuna dəysin... Mələşə-mələşə hamısı bizim tərəfə keçəcəkdir, əllərində də boşqab. Ümumiyyətlə, sevindirici haldır ki, son dövrlərdə milli hakimiyyətimiz bütün problemlərə, cəmiyyəti narahat edən məsələlərə milli mentalitetimizlə, dinc yolla, sülh şəraitində yanaşır. Kimsə nədənsə narazılıq edəndə onu vurub öldürmürlər, zindana salırlar. Elə götürək təzə təhsil nazirini. Biz yeri gəlmişkən, qabaqkı təhsil nazirini heç götürə bilməzdik, indiki isə şümal oğlandır, götürmək asandır. Mikayıl müəllimin təhsil sistemində apardığı islahatlardan biri “təhsilin rasionallaşdırılması” adlanır. Sitat: “Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, rasionallaşdırma tədbirləri çərçivəsində Təhsil Nazirliyinin müvafiq əmrlərinə əsasən, Bakı şəhərindəki 189 və 190 nömrəli, 5 və 292 nömrəli tam orta məktəblər birləşdirilib, 88 nömrəli tam orta məktəb isə ləğv olunub”. Sitatın sonu. Rasionallaşdırma nə deməkdir? Bu sözün mənası loru dildə desək, ağıllı olmaqdır. Bizdə təhsilin rasionallaşdırılmasına bir neçə məktəbi birləşdirib, bəzilərini də bağlamaqdan başlayıblarsa, bu o deməkdir ki, Mikayıl müəllim doğru yoldadır! Doğru yolun başlanğıcındadır! Azərbaycan məktəbləri elə durumdadır ki, nə qədər çoxunu bir-birinə qatsan, nə qədərini bağlasan, millətə o qədər xeyirdir. Əvəzində repetitorlara, zirzəmi və tövlələrdə açılan təhsil-tədris kurslarına üstünlük verilməlidir. Məktəb binaları ancaq 15 sentyabrda və 31 mayda gül-çiçəklə, haray-hurreylə, videokamera ilə gedib klip çəkilişləri aparmaq üçün saxlanmalıdır. O da hər rayonda bir məktəb olsa bəsdir. Yas yerlərində ehsanların sadələşdirilməsi, təhsilin rasionallaşdırılması, ordu mətbəxinin milliləşdirilməsi bizə əsas verir ki, respublikamızın parlaq gələcəyinə olan ümidlərimiz daha da rövnəqlənsin. Yazını elə bu xoş sözlərlə bitirirəm, arzu edirəm əsgərlərimiz gələn Novruz bayramında İsa bulağında dolma yesinlər!

Bizə qoşulun