“Çörəyin daşdan çıxırsa
Qabqacağı neyləyirsən?
Bir məclisdə yerin yoxsa
Qanacağı neyləyirsən?
***
Dön soluna, sağına bax,
Hamı ağıllı, sən axmaq.
İndən belə adam olmaq
Gecdi axı, neyləyirsən?"
(Ramiz Rövşənin şeirindən)
İş elə gətirib ki, son zamanlar dava-şavadan çox yazmalı oluruq. Mən heç də Suriyadakı vətəndaş müharibəsini, “İslam Dövləti” yaraqlılarının İraqa girməyini, Ukrayna-Rusiya savaşını nəzərdə tutmuram. Qarabağ bölgəsi də mövzu deyil. Bu yaxında Ramiz müəllim xəbərdarlıq elədi, biz də işimizi bildik, ta cəbhədən nəsə yazan öz payına casusdur! Nəyimizə gərək, qoy cəbhədən AzTV reportaj versin, biz də baxaq, gözümüz-könlümüz açılsın. Bizi düşündürən tamam ayrı kateqoriyalı davalardır.
Bu davalar Azərbaycanın hər yerində dükan-bazarda, restoranlarda düşür. Adətən səbəb boş bir şey olur, əsasən də seksual motivdə. (Bu yerdə Ziqmund Freydin ruhuna bir salavat zikr edək və zəncir qıran libidonun nələrə qadir olduğunu izləyək. Zəncirləri bərk çəkin). Ya müştəri satıcı qıza sataşır, ya ofisiant ad günü keçirdənlərə ilişir, yüngülvari söz atır... Vəssalam! Bundan sonra birinci dünya savaşı başlayır. Göydə uçan şıllaq-təpik, bıçaqlaşma, pəncərə-qapıları, qabqacaqları qırmaq, ayaq altında qalıb çığırışan uşaqlar, dombalaq aşan nurani ağsaqqallar, bir-birini (üzünü) cıran ağbirçəklər, ketçupa qarışan qırmızı qanlar, basdırmaya bulaşanlar, tikəkababı gözə soxanlar, antrikot girən qulaqlar və sairə... Mənzərə mənim təsvir elədiyimdən də rəngarəngdir, istəsəniz “Oazis”dəki davanın videosuna internetdə baxın. Camaat bir-birinin belinə minib, yalan olmasın, faşistlər Moskvaya girmək üzrədir, ancaq restoranın “canlı musiqisi” bir saniyə də ara vermir! Rəhmətliyin uşağı, heç olmazsa belə olanda “medlenni” musiqi verin, camaat sakitləşsin, dalaşanlar qucaqlaşıb rəqs eləsin. Yoxsa elə bil qəsdən daram-durumu artırıb milləti bir-birinə qırdırırlar. “Oazis”lərdə vətəndaş müharibəsi başlasa bunun bizə xeyri nədir?
Ancaq qeyd elədiyim kimi, bunlar nəticədir, Qavrila Prinsipin şahzadə Ferdinandı öldürməsi bir bəhanədir, alt qatda ciddi səbəblər vardır, o cümlədən bizim dava prinsiplərimiz fərqlənir . İlk növbədə, restoranların müştəriləri yenidən bölüşdürmək istəyi münaqişələrin əsas səbəbidir.
Təbii, biz xalqımızın müdrikliyinə, Ramiz müəllimin də Prezident Aparatından verdiyi təlimatlara uyğun olaraq bu məişət pozğunluqlarına yeni gözlə baxacağıq. Gərək media da davadan yalan yazmasın. Beş boşqab sınıbsa, denən iki dənə stəkan qırılıb. 3 ofisiantın qarnına şiş soxulubsa, məlumatda yaz ki, diş çöpü tamadanın əlinə batıb. Düşmənləri sevindirmək olmaz.
Düşmən demişkən, ermənilər acından ölürlər, hər gün biri qaçıb gəlir. Vəzirov sağ olsaydı yenidən “Ay uca xalqım, gözünüz aydın, ermənilər qayıdır!” deyərdi. Biz isə yeməyin çoxluğundan qırılırıq, dava eləyirik. El məsəlimizdə deyilən kimi, acından ölüncə, yeyib partlamaya düş, öl!
Bəli, cəmiyyətdə heç bir gərginlik, qarşıdurma, əsəbilik, nevroz halları yoxdur. Mən sizə bir sirr açım: xalqımızı bu sakitlik baxımından hətta dzen-buddizmin tərəfdarı saymaq olar. Hamı nirvana vəziyyətindədir, ali həqiqətə çatıb, yoqa pozasında oturub. Diqqət eləsəniz, bizdə ən çox işlənən ifadələrdən biri “boş şeydir” ifadəsidir. Dünya dağılsın, Andromeda qalaktikası gəlib təpəsinə düşsün, azərbaycanlı öz “oazis”ində dinozavr basdırması yeməkdən aralanmaz, yalnız başını bulayıb “boş şeydir” deyəcəkdir. Və dzen-buddizmin əsas anlayışlarından biri də boşluq anlayışıdır! Buddist rahiblər illərlə meditasiya edir ki, bu boşluğun mahiyyətini anlasınlar. Biz isə bir naharda buna çatırıq.
Yalnız bu son restoran olayında bir detaldan xoşum gəlmədi. Yazmışdılar ki, davanın şiddətindən başqa masalarda əyləşənlər öz məclislərini yarımçıq qoyub qaçıblar. Qaçmaq düzgün deyil, gördün davadır, sən də bir yandan giriş, ləzzətli olsun. Birlik belə yaranır.
05.09.2014, 06:15
481 baxış
Zamin Hacı
Boşluğa çatanlar