Medianews.az
İlham Kərimovu xatırlayarkən
470 baxış

İlham Kərimovu xatırlayarkən

zamin yeni razƏsgərlikdə bizim bir çavuşumuz var idi, İlham adında. Əjdaha oğlan idi, indi də onu həmişə xoş xatırlayıram. Xoş xatirəni ona görə xüsusi vurğuladım ki, Azərbaycanın ən saxtakar məhkəmə hakimlərindən biri də mənim əsgər yoldaşım olub, indi onunla kəsdiyimiz çörəkləri xatırlayanda ürəyim bulanır. Bu dərəcədə iyrənc məxluqa çevrilmişdir.
İlham bəyin istedadı özünü, məsələn, bölüyün sıra yerişi zamanı göstərirdi. Bəy ordumuzun anekdot səviyyəsində idarə edildiyini bildiyi üçün bizə əsgər marşlarını fərqli repertuarda seçmişdi. Misal üçün, bir əsgər oxuyurdu: “Səhər saat yeddidə!”, bölük səs verirdi: “Qırmızı nol yeddidə!”... Yaxud bölüyümüzün ən sevimli marşlarından biri “Ey Corc, ver mənə borc, Yox, Maykl, məndə də yox!” mahnısı idi. Təsəvvür eləməzsiniz cəbhə xəttinin yaxınlığında, meşə massivində, dağlara exo verərək yayılan bu gülməli mahnılar bizə necə ləzzət edirdi. Ac-yalavac, bitli-birəli idik, amma yumor var idi. Bunu yaradanlardan biri də İlham Kərimov idi.
Onun ən böyük fırıldaqlarından birini isə yalnız hərbi xidmətdən 3-4 il sonra bilmişəm. Özü deməsə heç indiyə qədər bilməzdim! Kərimov hərbi hissədə demişdi ki, qabaqlar ANS-in “İç xəbər” proqramında çalışıb. Deyirdi orda çalışan məşhur müxbiri (indi deputatdır) sevir, məndən xahiş edirdi ki, əsgərlikdən qayıdanda münasibətlərinin düzəlməsinə yardım edim. Mən də deyirdim yaxşı, çalışarıq.
Amma yazdığım kimi, əsgərlikdən uzun zaman sonra Bakıda görüşdük, Kərimov jurnalist işləməsinin yalan olduğunu dedi. Sən demə mənim jurnalistikadan orduya çağırıldığımı, zabitlərin keçmiş peşəmə görə məndən müəyyən qədər çəkindiyini görüb özünü də bu cür qələmə vermək qərarına gəlibmiş! Hamını, içi mən qarışıq, qəşəngcə aldatmışdı! Ona doğrudan da keçmiş bir televiziya əməkdaşı kimi hörmət edirdilər. Xüsusən məlum telekanal o zamanlar (15 il qabaqdan danışıram) hələ cəmiyyətdə hörmət yiyəsi olaraq qaldığı üçün.
Sözümün canı odur ki, xalqımız istedadlı xalqdır, əlindən hər şey gəlir. Sadəcə, sənə bircə o qalır ki, bu istedadlardan ümumxalq mənafeləri naminə yararlanasan. Tut ağacından paz da qayırmaq olar, saz da.
Belə istedadlı şəxslərimiz özlərini mühacirət həyatında da göstərirlər. Necə deyərlər, qızıl-brilyantı at mal peyininin içinə, yenə parlayacaqdır! Məsələn, bəziləri var, burdan neft pulları ilə repressiv aparat quran rejimin əlindən qaçıb gedibdir İsveçrəyə, ancaq görürsən Sürixdə “SOCAR”ın yanacaqdoldurma məntəqəsində şlanqtutan vəzifəsində çalışırlar. Almaniyanın dağılması, Qrenlandiyanın əriməsi, Hindistanın nəcisə bulaşması, Putinin arvadını boşaması haqda dəyərli məqalələr qayırırlar, biz də oxuyub feyziyab oluruq. Deyirik, ilahi, nə yaxşı belənçik ziyalılarımız vardır, sən bunlardan çox elə, millət tərəqqi tapsın, xaricə çıxanda üzümüz ağ olsun.
Yeri gəlmişkən, bir dəqiq məlumatı da oxucularımıza çatdırmalıyıq: bazarda qarpızın kilosunun 50 qəpiyə qalxmasında ABŞ dövləti günahkardır. Əgər onlar Ukraynaya girən Rusiyaya embarqo qoymasaydılar, qarpız belə bahalaşmazdı. Qərb ümumən alçaq yerdir, bəlkə bizimkilər ora daraşıb yüksəltdilər. Qərbə qiryət-namusu da biz aparmalıyıq, başqa yolu yox artıq!
Axırda həyatda ən böyük yanlışlarımdan birini yazım, oxucular da görsün. Yuxarıda adını çəkdiyim əziz çavuşum bir vaxtlar məni toyuna çağırmışdı. Rayon yeri olduğunu-filanı düşünüb tənbəlliyimə saldım, getmədim. Getmək lazım idi. Kim bilir, orda məni hansı macəra gözləyirdi...

Bizə qoşulun